Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:16

'Xural TV' rəhbərinin məhkəməsi: 'Mən Əvəz Zeynallının əsiriyəm...'


Əvəz Zeynallı
Əvəz Zeynallı

Yeddi aydır həbsdə olan "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallı məhkəmə qarşısına çıxarılıb. O, "Səda TV" adlı Youtube kanalının idarəedicisi Elnur Şükürovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Lakin Şükürov deyir ki, onu Əvəz Zeynallının əleyhinə ifadə verməkdən imtina etdiyinə görə cəzalandırıblar. Bu üzdən özünü "Əvəz Zeynallının əsiri" adlandırıb. Onun sözlərinə görə, həbsindən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında da təzyiqlərə məruz qalıb.

"(Prezidentin köməkçisi) Kərəm Həsənovun adından DTX-da gəlib mənə təzyiq edirdilər Əvəz Zeynallıya görə. Mən beş ay "Lotu Quli"nin ölümü söhbətinə görə də orada təzyiq görmüşəm ki, "Əvəz Zeynallıya belə de, elə de…", – Şükürovun sözləridir.

"Dedi ki, Elnur Şükürov Əvəz Zeynallının üzünə durmalıdır"

Onun vəkili Ramil Əliyev də təsdiqləyib ki, müvəkkili Zeynallının əleyhinə ifadə vermədiyinə görə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Mehman Hümbətovun təzyiqinə məruz qalıb. Vəkilin sözlərinə görə, hətta özü də buna görə Hümbətov tərəfindən təhqir olunub: "Mənə dedi ki, Elnur Şükürov Əvəz Zeynallının üzünə durmalıdır, yoxsa həbs olunacaq. Mən də dedim ki, bir neçə dəqiqə vaxt verin, bu barədə onun özü ilə danışım. Vaxt verildi, danışdım. Elnur Şükürov qəti şəkildə imtina etdi. Bundan sonra Mehman Hümbətov müstəntiq Teymur Qarayevin yanına gəldi. Dedi ki, "bunlar adam dilində başa düşmür". Göstəriş verdi ki, həbslə bağlı sənədləri hazırlasın".

Hümbətov təxminən bir ay öncə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin rəisi təyin edilib. Vəkillər vəsatət qaldırıb ki, məhkəmə onun haqqında xüsusi qərar çıxarsın, çünki onun əməlində Cinayət Məcəlləsinin 288-ci (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddəsinin tərkib əlamətləri var.

"İstintaq İdarəsinin rəis müavini vəkili təhqir edirsə, şəxsdən kiminsə əleyhinə ifadə verməyi tələb edirsə, bu, hüquq adına terrordur. Şəxs DTX-da müəyyən adamların ona qarşı təzyiqləri haqda danışır. Bütün bunlar araşdırılmalı məsələlərdir. Bu vəziyyətdə məhkəmə işə baxa bilməz, iş istintaqa qaytarılmalıdır", – vəkil Aqil Layıc bildirib.

Hümbətovun bu iddialara münasibəti bəlli deyil.

"Sadıqov razılaşdığına görə..."

Əvəz Zeynallı onunla birlikdə vəkil Elçin Sadıqovun da həbs olunduğunu yada salıb. Onun sözlərinə görə, Şükürovla olan ssenari Sadıqovla bağlı da həyata keçirilmişdi: "Sadıqov razılaşdığına görə bu gün burada yoxdur".

Prokuror isə bildirib ki, vəkil Sadıqov haqqında cinayət işi ayrılıb və istintaq davam edir.

Sadıqov Zeynallı ilə birlikdə ötən ilin sentyabrında rüşvət iddiası ilə saxlanılıb, sonradan ev dustaqlığına keçirilib. Sadıqov rüşvətə köməklikdə ittiham olunsa da, ittihamı qəbul etmir. O, həbsdən buraxılandan sonra mediaya müsahibəsində Zeynallıya qarşı ifadə verməsini "həqiqəti deməsi" kimi izah edib.

"Gömrük generalları buraxıla bilər, bunlar yox?"

Məhkəmədə Zeynallı və Şükürovun vəkilləri onların barəsində cinayət işinə xitam verilməsi, ev dustaqlığına buraxılmaları, şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşmələri və s. vəsatətlər qaldırıblar: "Biz dəfələrlə ev dustaqlığı ilə bağlı məhkəməyə vəsatətlər vermişik. Necə olur, milyonlarla yeyinti və rüşvətdə ittiham olunan gömrük generalları buraxıla bilər, bunlar yox?".

Qaldırılan vəsatətlərdən yalnız məhkəmənin böyük zalda keçirilməsi məsələsinə müsbət cavab verilib. Qalan vəsatətlərin heç biri təmin olunmayıb.

Ötən ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı və Elnur Şükürov rüşvət, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və başqa əməllərdə suçlanır. Lakin heç biri özünü təqsirli bilmir.

Zeynallı məhkəmədə sifarişlə həbs olunduğunu bildirib. O vurğulayıb ki, məqsəd onu susdurmaqdır.

XS
SM
MD
LG