Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:50

Gürcüstan Avropa yolunda Kiyev və Kişinyovdan geri qalır


Tbilisidə Avropaya inteqrasiyaya dəstək aksiyası
Tbilisidə Avropaya inteqrasiyaya dəstək aksiyası

Gürcüstan prezidenti Salome Zurabişvili sentyabrın 1-də Avropa Dövlət və Hökumət Başçıları Şurasının Prezidenti Şarl Mişellə görüşüb. Bundan sonra hökumət ona qarşı impiçment təşəbbüsünə başlayıb və səbəb kimi prezidentin hökumətin icazəsi olmadan xarici ölkələrə səfər etməsini göstərib. Brüssel Gürcüstan hökumətinin bu hərəkətini şübhə ilə qarşılayıb. Gürcüstanın hökuməti və dövlət başçısı arasındakı bu gərginlik artıq uzun zamandan bəri ortadadır. Zurabişvilinin may ayında Avropa Parlamentində çıxış etmək üçün Brüsselə gəlişindən sonra da bənzər problemlər yaranmışdı.

Bir neçə diplomat anonimlik şərtilə danışaraq Avropa İttifaqına qoşulmaq istəyən ölkənin prezidentinin ölkəsinin xeyrinə lobbiçilik üçün öz hesabına səyahət etməsinin niyə pis şey kimi qəbul olunduğunu anlamadığını deyib. Zurabişvili Brüsseldə hörmətlə qarşılanır və müxtəlif üzv ölkələrə səfərləri "tamamilə normal", "təşviq olunan" və "gözlənilən" hərəkət kimi qəbul edilir.

Ukrayna və Moldova

İndi əsas sual baş verənlərin Gürcüstanın Aİ-yə qoşulmaq cəhdləri baxımından hansı nəticələri verəcəyidir. Oktyabrda Avropa Komissiyası özünün illik genişlənmə hesabatını dərc edəcək. Hesabatda Gürcüstan, Moldova və Ukrayna ilə bağlı tövsiyələr də əksini tapacaq. Dekabrda isə 27 üzv dövlət yekdilliklə bu tövsiyələri ya qəbul, ya da rədd edəcək. Hələlik, Brüsseldən gələn bütün siqnallar onu göstərir ki, artıq namizəd olan Ukrayna və Moldovanın növbəti fazaya keçirilməsi tövsiyə olunacaq. Növbəti mərhələ isə Aİ-yə qəbul haqda danışıqların aparılmasıdır. Hər iki ölkə 2022-ci ilin yayında irəli sürülən şərtlərin yerinə yetirilməsi ilə bağlı çox yaxşı irəliləyir. Ən vacibi isə odur ki, ortada siyasi iradə var.

Gürcüstana gəlincə, işlər həmişə bir qədər qeyri-müəyyən olub. Gürcüstan artıq indidən Kiyev və Kişinyovdan bir addım geridədir və, hələlik, namizədliyi qəbul edilməyib. Brüssel Tbilisidən Aİ-yə inteqrasiya məsələsində digər iki ölkədən gördüyü qədər entuziazm görməyib. Bu il ərzində xarici agent qanununun qəbul etdirilməsinə cəhd və Rusiyadan Gürcüstana uçuşların bərpası da Brüsseldə çoxlarını təəccübləndirib. Hökumət rəsmilərinin Rusiyanın Ukraynaya hücumunun NATO-nun genişlənmə siyasətinin nəticəsi olması haqda bəyanatları da bu qəbildəndir.

Gürcüstanda toy-bayramdı
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Gürcüstan pilləni niyə keçmir

Zurabişvili ətrafında yaradılmış drama isə əlavə suallar doğurur. Bir Aİ diplomatı demişdi ki, "Gürcüstanın namizədlik statusu alması üçün keçməli olduğu pillə bu qədər asandır, ancaq o yenə də …onu keçmir". Bu vaxta qədər Tbilisidə müxalifət güclərinin dilə gətirdiyi "hökumət namizədlik statusunun verilməməsini istəyir ki, seçicilərə Aİ-nin onsuz da Gürcüstanı heç vaxt istəmədiyini göstərsin və Brüsseli gühanlandırsın" fikri artıq Brüsseldə də ifadə edilməyə başlayıb.

Aİ xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin Gürcüstana 7-8 sentyabr tarixlərində baş tutacaq səfərindən çoxlu gözləntilər var. Adətən bu cür səfərlər, ən azı, bir həftə öncədən elan edilir. Ancaq Zurabişvili insidentindən sonra Brüssel səfəri birbaşa təsdiqləməkdən yayınıb. Bu tərəddüd çox şeyi deyir. Ancaq namizədlik statusu ilə bağlı arqumentlər qüvvədə qalır. Bu ilin sonunda Gürcüstana namizədlik statusu verilərsə, bu, hökumətin gələnilki seçkiləri udmasına kömək edə bilər. Ancaq müşahidəçilər Aİ-nin bu faktı nəzərə almayacağını deyirlər.

İddia olunur ki, Aİ-nin nə qədər böyümək istədiyi ilə bağlı ciddi düşündüyü nəzərə alınsa, bu, bir fürsətdir. Bu fürsət indi mövcud olsa da, gələn il olmaya bilər. Çünki gələn il Aİ-nin başı Avropa Parlamentinə seçkilər və Komissiya və Şura prezidentlərinin seçilməsinə qarışacaq.

Başqa bir məsələ isə namizədlik statusunun müəyyən mənada dəyərini itirməsidir. Ötən il Bosniya-Herseqovina hər hansı irəliləyiş etmədən, yaxud islahat keçirmədən namizədlik statusu alıb.

12 şərtin qalan hissəsi

Üçüncü məsələ Gürcüstanın Moldova və Ukraynaya nisbətən daha da geriləməsinə imkan vermək riski ilə bağlıdır. Buna görə də Gürcüstana şərti namizədlik statusunun veriləcəyi ehtimalı böyükdür. Yəni, status veriləcək, ancaq növbəti mərhələyə keçməzdən öncə ondan müəyyən şərtləri yerinə yetirməsi tələb olunacaq.

Bu şərtlər ilkin olaraq irəli sürülən 12 şərtin qalan hissəsi ola bilər. Zurabişvili ilə görüşdən sonra Şarl Mişel X-də (keçmiş Twitter) ədalət, qütbsüzləşdirmə və oliqarxsızlaşdırmaya fokuslanmaya, habelə inklüziv siyasi mədəniyyət formalaşdırılmasına ehtiyac haqda yazıb.

Ancaq bu şərtlər qeyri-müəyyəndir, çünki onların nə zaman yerinə yetirildiyini ölçmək çətindir. Bu, Aİ-yə hərəkət azadlığı verir. Müxtəlif üzv dövlətlərin xahişi ilə əlavə şərtlər də irəli sürülsə, təəccüblü olmaz. Bu şərtlərdən biri 2024-cü ilin payızında yaxşı təşkil olunmuş parlament seçkiləri ola bilər. Polşa, yaxud Baltik ölkələri keçmiş prezident Mixeil Saakaşvilinin müalicə üçün azad edilməsi şərtini irəli sürə bilər. Bundan başqa, Aİ-nin xarici siyasəti məsələsi də var. Bu məsələ xüsusilə də Rusiyaya qarşı sanksiyalar fonunda daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Bir neçə Aİ hökuməti Gürcüstanın blokun Ümumi Xarici və Təhlükəsizlik Siyasəti çərçivəsində verdiyi qərarların cəmi 31 faizinə (daha öncə bu göstərici 44 faiz idi) əməl etməsindən qəzəblidir. Moldova Rusiya tərəfindən eyni siyasi təzyiqlərə məruz qalsa da, tamamilə başqa istiqamətə doğru gedir.

XS
SM
MD
LG