Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 02:04

Azərbaycanda 'Qara mühasibat'a aparan yol [media icmalı]


"Pul". Şerif. Karikatura.
"Pul". Şerif. Karikatura.

“Şahdəniz-2” layihəsi üzrə işlərin gedişi, kredit borclarına görə intiharlar və “qara mühasibat”ın ölkə iqtisadiyyatına vurduğu ziyan bu gün (03 iyun 2017-ci il) medianın aparıcı mövzusudur...

Kredit intiharları

Exo” qəzetində “Kollektorlar Azərbaycanda borcluları intihar həddinə çatdırırlar” sərlövhəli məqalədə bank-müştəri münasibətləri ekspertlərlə müzakirə edilir.

Buna da bax:​ Ekspert: 'Bank sahibləri özləri bankların vəsaitini talayıblar' [video]

Yazıda bildirilir ki, son illər Azərbaycan banklarının müştərilərdən kredit borclarını almaqdan ötrü kollektorların xidmətlərindən istifadə etməsi halları artıb. Ekspert Əkrəm Həsənov mövzunu qəzetə belə şərh edib:

Əkrəm Həsənov, bank məsələləri eksperti
Əkrəm Həsənov, bank məsələləri eksperti

“Bu gün Azərbaycanda adında “kollektor” sözü olan 5-6 təşkilat var. Qalanları hüquqi firma kimi qeydə alınırlar. Ancaq bu zaman qanunsuz kollektor xidmətləri həyata keçirirlər”.

Ə. Həsənov bildirir ki, ölkə qanunvericiliyində kollektorların fəaliyyətinə qadağa yoxdur. Ancaq onun fikrincə həmin qurumlar fəaliyyətləri zamanı bəzən qanunsuz üsullara yol verirlər:

“Bu da borcların yığılması zamanı qanunsuz üsullardan istifadədir. Kollektorun borclunu məhkəməyə verməsi, yolveriləndir. Ancaq onların borclunu hədələməsi, onu rüsvay etməsi, psixoloji və fiziki təzyiqlərə əl atması düzgün deyil”.

Buna da bax:​ Kreditini ödəyə bilməyən ailə evini necə qorudu?

Ə. Həsənov deyir ki, Azərbaycan vətəndaşından ötrü ən pisi rüsvay edilməsidir. Ekspertin deməsinə görə, bunu kollektorlar da başa düşürlər və bilərəkdən borclu ilə münasibəti qonum-qonşu, iş yoldaşları, arasında “aydınlaşdırmağa” çalışırlar. Bu da bəzən intiharlara gətirir: “Bakının ən böyük kollektor agentliyinin işçilərinin əksəriyyəti hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından ibarətdir. Onların metodları daha sərtdir, çoxlarının da hüquq-mühafizə orqanları ilə əlaqələri də var və borcları “alarkən” bundan istifadə edirlər. Bununla belə indiyə kimi kollektorların məsuliyyətə cəlb olunması faktı qeydə alınmayıb”.

Müəllif xatırladır ki, 2017-ci il aprelin 1-nə olan göstəricilərə görə, vaxtı keçmiş kreditlərin həcmi 1590,3 milyon manatdır.

Buna da bax:​ "Kollektorlar əslində cinayət əməlinə yol verir"

“Qara mühasibat”

Yeni Müsavat” qəzetində “Hökumətdən “qara mühasibat” açıqlaması” sərlövhəli məqalə oxumaq olar.

Yazıda baş nazirin müavini Əli Əhmədovun “Azərbaycan” qəzetinə müsahibəsində “qara mühasibat”la bağlı dedikləri dəyərləndirilir. Həmin müsahibədə Əli Əhmədov deyirdi ki, bəzi qurumlarda vergidən yayınmaq məqsədi ilə işçilərin sayı bilərəkdən azaldılır:

Əli Əhmədov
Əli Əhmədov

“Əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına tikintidə daha çox rast gəlmək mümkündür. Bəzi işəgötürənlər mühasibat uçotu sahəsində olan boşluqlardan faydalanaraq, xalq arasında yayılmış terminologiyadan istifadə etsək, “qara mühasibat"a əl atırlar.

“Qara mühasibat”ın mahiyyəti ondan ibarətdir ki, işçiyə verilən əməkhaqqının az bir hissəsi rəsmiləşdirilir”.

Buna da bax:​ Baş nazirin müavini 'qara mühasibat'dan danışdı

Ekspert Natiq Cəfərli də ölkədə “qara mühasibat”ın mövcudluğunu təsdiq edib:

“Birincisi, dövriyyənin gizlədilməsi yolu ilə ”qara mühasibat"a əl atılır. İri ticarət mərkəzlərindən xırda obyektlərə, ictimai-iaşə obyektlərinə qədər dövriyyənin azaldılması yolu ilə həm gəlirlər, həm də buna uyğun vergi ödənişləri az olur. İkincisi, əməkhaqqının aşağı qiymətlərlə rəsmiləşdirilməsi və müqaviləsiz çalışanların sayının həddindən artıq çox olması “qara mühasibat”ın yaranmasına səbəb olan amillərdəndir. Digər sahələrdə rəsmiləşdirilmiş müqavilələrdə öhdəliklərin aşağı qiymətlərlə göstərilməsi də “qara mühasibat”a gətirib çıxarır”

N. Cəfərlinin fikrincə, bu problem, iqtisadiyyatın bütün sahələrində var. Bunun nəticəsində həm vergi şəklində büdcə daxilolmaları azalır, həm də korrupsiya geniş imkanlar açılır:

Buna da bax: 'Azərbaycanda sistemin özü `paket' üzərində qurulub'

Natiq Cəfərli
Natiq Cəfərli

“Dünyanın keçdiyi təcrübə də bunu sübut edir ki, cəza və cərimələrlə ”qara mühasibat"ın qarşısı alınmır. Azərbaycan hökuməti bunu ancaq əlində qamçı ilə düzəltməyə çalışır, bu da əks nəticə verir”.

“Şahdəniz-2” layihəsi – tarixi hadisə

Azərbaycan” qəzetində «“Şahdəniz-2” layihəsində tarixi hadisə» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, keçmiş prezident Heydər Əliyevin neft strategiyası indinin özündə də uğurla davam etdirilir:

Buna da bax:​ Prezident platformanı dənizə buraxdı

"Şahdəniz" yatağına yola salınan 2 platforma. 01iyun2017
"Şahdəniz" yatağına yola salınan 2 platforma. 01iyun2017

“Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü iqtisadi siyasət sayəsində qədim neft diyarı olan ölkəmiz son illərdə dünyada qaz ixracatçısı kimi də şöhrət qazanıb. Azərbaycan öz tərəfdaşları ilə birlikdə Xəzərdə “Şahdəniz” kimi nəhəng bir yatağı işləməklə bərabər, buradan hasil olunan qazı Avropaya çatdıracaq 3500 kilometrlik dəhlizin çəkilişinə də liderlik edir”.

Müəllif hesab edir ki, “Şahdəniz-2” layihəsi çərçivəsində quraşdırılacaq iki platformadan birincisinin üst modullarının bu günlərdə dənizə yola salınması Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində aparılan genişmiqyaslı işlər sırasında xüsusi önəm daşıyır:

Buna da bax: İ.Əliyev: 'Cənub Qaz Dəhlizi milli təhlükəsizlik məsələsidir'

““Şahdəniz” yatağı “Cənub Qaz Dəhlizi“ layihəsinin əsas ehtiyat mənbəyidir. Xatırladaq ki, “Şahdəniz” üzrə hesablanmış bütün ilkin geoloji qaz ehtiyatı təxminən 1 trilyon kubmetrdən çoxdur. Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilat ildə 10 milyard kubmetr qaz və gündə təxminən 50 min barel kondensat təşkil edir”.

Müəllif vurğulayır ki, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 2018-ci ildən çıxarılan qaz əvvəlcə Türkiyəyə, 2020-ci ildən isə Avropaya ixrac ediləcək.

XS
SM
MD
LG