Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:46

Separatçılar Vaşinqton danışıqlarının dayandırılmasını tələb edirlər


Ermənistanın baş naziri Nikol Paşinyan özünün Twitter səhifəsindən beynəlxalq birliyi Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunması üçün konkret addımlar atmağa çağırıb:

“Laçın dəhlizinin qanunsuz olaraq bağlandığı bir vaxtda bu gecə Azərbaycanın PUA-lardan istifadə ilə etdiyi hücum nəticəsində 4 nəfər həlak olub. Cənubi Qafqazda situasiyanın stabilsizləşməsi üçün böyük risk mövcuddur”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Qarabağ separatçılarının silahlı birləşməsi xəbər verib ki, Azərbaycan Silahlı Qüvvələri Xocavənd və Ağdərə istiqamətindəki erməni mövqelərini dronlardan istifadə edərək atəşə tutub.

Azatutyun yazır ki, Xankəndidə separatçı rejimin “parlamenti” iyunun 28-də Vaşinqtonda Azərbaycanla danışıqlar aparan Ermənistan nümayəndə heyətinə müraciət qəbul edib.

Həmin müraciətdə Ermənistan nümayəndələrindən Qarabağdakı təmas xəttində atəşkəs tam bərpa edilənədək danışıqların dərhal dayandırılması tələb edilir.

Müraciətdə deyilir ki, “əks halda danışıqların davam etdirilməsi Azərbaycan tərəfinin aqressiv davranışının beynəlxalq səviyyədə təqdiri kimi qiymətləndiriləcək”.

Separatçılar vurğulayırlar ki, “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb və olmayacaq”.

Müraciətdə BMT və başqa beynəlxalq qurumların “yalnız təəssüf ifadə edən bəyanatlarından” narazılıq ifadə olunur.

Separatçılar habelə Qarabağdakı Rusiya sülhməramlılarından Azərbaycan tərəfinin aqressiv hərəkətlərinin qarşısını daha sərt şəkildə almağa çağırırlar.

Azatutyun separatçı rejimə istinadən xəbər verir ki, Azərbaycan tərəfinin hücumu nəticəsində “dörd erməni hərbi qulluqçu həlak olub”.

Danışıqlarda

İyunun 27-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Vaşinqtonda Ermənistan və Azərbaycan tərəflərinin sülh müqaviləsinə doğru göstərdikləri səylər ümid doğurur:

"Biz inanmaqda davam edirik ki, sülh əl çatacaq məsafədədir və birbaşa dialoq qalan məsələlərin həlli və davamlı və ləyaqətli sülhün əldə olunması üçün açardır”.

Miller əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Vaşinqtonda keçirilən danışıqlarında “çox həssas” sahələr müzakirə olunur.

Azərbaycan hərbi qulluqçusu yaralanıb. Separatçılar 4 nəfərin həlak olduğunu deyir

Qarabağdakı separatçılar Azərbaycan Silahlı Qüvvələrinin iyunun 28-nə keçən gecə Xocavənd və Ağdərədəki erməni mövqelərini artilleriya atəşinə tutduğunu, eləcə də dronlardan istifadə etdiyini bildirir. Məlumata görə, erməni tərəfdən 4 nəfər həlak olub.

Separatçılar atəşkəs rejimini guya erməni bölmələrinin pozması haqda Azərbaycan Müdafiə Nazirliyinin yalan məlumat yaydığını iddia edir. Rejim azərbaycanlı hərbi qulluqçunun erməni tərəfin atəşindən ölməsi barədə məlumatı da “yalan” adlandırır.

+++

Azərbaycan hərbi qulluqçusunun yaralandığı bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin məlumatına görə, iyunun 27-si saat 20:05-də “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri” onların Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Açıqlamaya görə, atəş nəticəsində Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb:

“Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.”

Amma bu məlumata, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma bununla belə bölgədə tez-tez atəşkəs pozuntusuna aid xəbərlər yayılır və buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

XS
SM
MD
LG