Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:48

Neftin 'qara donanma' ilə Çinə daşınması İran iqtisadiyyatının dadına çatır


2023-cü ildə İndoneziya sularında nefti xarici tankerə boşaldarkən ələ keçirilən İran tankeri "Arman" (sağda).
2023-cü ildə İndoneziya sularında nefti xarici tankerə boşaldarkən ələ keçirilən İran tankeri "Arman" (sağda).

Neft tankerlərindən ibarət "qara donanma" Tehrandan, azı, 6 min kilometr uzaqda - Sinqapur sahillərində qiymətli yükünü boşaltmaq üçün gözləyir. Bu yük İran iqtisadiyyatının ayaqda qalmasına kömək etsə də, belə asılılıq iqtisadiyyatı batıra da bilər.

AzadlıqRadiosunun "Radio Fərda" xidmətinin materialları əsasında Maykl Skollonun yazdığı məqalədə deyilir ki, İranın xam neftini Çinə daşıyan bu donanma son beş ildə davamlı böyüyüb. İki ölkə İranın neft ixracatının qarşısını almağa yönəlmiş beynəlxalq sanksiyalardan yayınmaq üçün əməkdaşlıq edir. Di gəl, İran büdcəsini dəstəkləyən bu gizli alış-veriş Tehrana çox baha başa gəlir və xeyli risklidir.

İran öz yasaqlanmış neftini Çinə sata bilməkdən ötrü ona nəhəng güzəştlər edərək neftin hər barelini 12-15 faiz ucuz satır ki, sanksiyalardan yan keçməyin məsuliyyətini Pekin öz üzərinə götürsün.

İranın potensial neft gəlirinin 30 faizi itirilir

İranın enerji məsələləri üzrə ixtisaslaşmış ekspert Dalğa Xatınoğlu deyir ki, bunun üzərinə nefti boşaltmaqdan ötrü gəmidən gəmiyə aparılan əməliyyatların, dəllalların, gizli pul köçürmələrinin və neftin İrana aid olduğunu gizlətmək üçün rebrendinqin xərcləri də artırılır.

"Radio Fərda"nın data təhlili bölməsi ilə əməkdaşlıq edən Xatınoğlunun sözlərinə görə, büdcə rəqəmləri və rəsmi sənədlər ötən il İranın potensial neft gəlirinin 30 faizinin itirildiyini göstərir.

Üstəlik, hazırda İran parlamentində dartışılan növbəti maliyyə ili üçün büdcə layihəsini nəzərə alsaq, Çinin enerji ehtiyacını ödəməyə Tehranın arxayınçılığının həmişə belə qalacağına təminat yoxdur.

Demək olar, tam Pekindən asılı qalan İran öz iqtisadiyyatına son dərəcə gərəkli gəliri qazandıra bilib. Di gəl, Tehran bununla özünü əsas gəlir qaynağının tam quruması riski ilə də üz-üzə qoyub.

Sanksiya rejimlərini yaxından izləyən "Castellum" konsaltinq şirkətinin direktoru Spenser Vukşiç deyir ki, "İran…yalnız bir xarici tərəfdaşdan asılı qalmaqla, heç şübhəsiz, özünü zəif duruma salıb".

Fars körfəzində İranın neft platforması.
Fars körfəzində İranın neft platforması.

Büdcə kəsiri 10 milyard dollar aşa bilər

İran dekabrda bildirib ki, ötən ilin ilk səkkiz ayı ərzində neft gəlirləri xarici ticarətdə müsbət saldo qazanılmasına kömək edib.

Ancaq İran iqtisadiyyatının ən böyük bölümü - neft-qaz sektoru ötən il təsdiqlənən 45 milyard dollarlıq cari büdcəni qurtarmağa yetməyəcək. Maliyyə ili İran təqvimi əsasında qurulduğundan martın sonunda bitir. Builki büdcənin böyük kəsirlə bitəcəyi gözlənilir. Prezident İbrahim Rəisi dekabrda büdcə layihəsini parlamentə təqdim edərkən 10 milyard dollarlıq büdcə kəsiri olacağını etiraf edib. Amma kəsir bundan xeyli çox – 13.5 milyard dollar da ola bilər. "Radio Fərda" bildirir ki, bu, İran tarixində ən böyük büdcə kəsiri deməkdir. Əldə olan bilgilər gözlənilən neft gəlirinin sadəcə yarısının reallaşdığını göstərir. Bu, qismən də neft qiymətlərinin gözlənildiyindən aşağı olması və Tehranın Çinlə apardığı neft ticarətinin bir hissəsi olan əlavə xərclər və güzəştlərlə bağlıdır. Büdcə gözləntiləri neftin 85 dollara satılmasına əsaslanırdısa, hazırda xam neftin bir bareli təxminən 77 dollara satılır. Üstəlik, bu qiymət son vaxtlar Yaxın Şərqdəki gərginliyin daşıma və hasilata mənfi təsir edə biləcəyi qorxusu fonunda çox dalğalanıb.

"Radio Fərda"nın bilgisinə görə, İran günə 1.5 milyon barel neft ixrac edəcəyini gözləsə də, ilin ilk səkkiz ayı ərzində sadəcə 1.2 milyon barel ixrac edə bilib.

Çinə gizli neft satışında tək rəqib Rusiyadır

"Radio Fərda" Çinlə ticarətdə İranın hər gün toplam 15 milyon dollara yaxın potensial qazanc itirdiyini hesablayıb. Bu, İran büdcəsinin 40 faizindən çoxu deməkdir.

Xatınoğlu deyir ki, təxminən 49 milyard dollar olan yeni büdcədə nəzərdə tutulan büdcə 18 faiz artırılsa da, yerli və xarici neft gəlirləri üçün gözləntilər 3 faiz azaldılıb.

İranın neft gəlirlərinin daha az olmasından yaranan boşluğu varlı şəxs və şirkətlərə tətbiq etdiyi vergiləri artırmaqla dolduracağı gözlənilir. Xatınoğlunun sözlərinə görə, Tehran daxili enerji qiymətlərini qaldırmaqla büdcə gəlirlərini artırmağa çalışacaq. İranın maliyyə sahəsində üzləşdiyi bu qeyri-müəyyənlik Çinin neftə tələbatının azalması, habelə İranın özü kimi qadağan olunmuş neftini Pekinə satan Rusiyanın rəqabəti nəticəsində daha da güclənə bilər. İranın qanunsuz neft ticarətinə kömək edən ölkə və qurumları cəzalandırmaq üçün davamlı olaraq yeni beynəlxalq sanksiyalar tətbiq edilir. Bu, Tehranın "dirəniş iqtisadiyyatı" adlandırdığı iqtisadiyyatına bu qədər dəstək verən "qara donanma"sının axırına çıxa bilər. Ancaq digər tərəfdən, neft qiymətləri və tələbatın sürətlə dalğalanması İranın işinə yaraya bilər. Venesuela neftinin artıq sanksiya altında olmaması o deməkdir ki, Çinə gizli neft satışlarında yeganə rəqib Rusiyadır. Bundan başqa, İranın neft ixrac etmək qabiliyyəti hər zamankından daha yüksəkdir. Bu isə o deməkdir ki, İran Pekinə tələbat yüksək olduğu zaman daha asanlıqla neft sata bilər.

Asiyada İran neftini aparan tankerin peyk görüntüsü.
Asiyada İran neftini aparan tankerin peyk görüntüsü.

"Qara donanma"nın həcmi min gəmiyə çatıb

İranın Çinə neft ixrac etmək imkanının bu qədər yüksək olması, əsasən, onun 2018-ci ildən bəri öz qlobal "qara donanma"sını xeyli dərəcədə genişləndirməsindən qaynaqlanır.

Beynəlxalq daşımaları izləməklə məşğul olan "Vortexa" platformasının məlumatına görə, əsasən, köhnəlmiş gəmilərdən və yarıya qədərini VLCC-dən - çox iri xam neft daşıyıcılarından ibarət "qara donanma"nın həcmi min gəmiyə çatıb. Rusiyanın neft ixracatına çox sayda nisbətən kiçik həcmli gəmi cəlb edilib. Bütövlükdə gizli tanker fəaliyyətinin 80 faizi bu gəmilərin payına düşür. Ancaq "Vortexa" 2023-cü ilin əvvəlində bildirib ki, İranın 200-ə yaxın tankerə çıxışı var, bunların da çoxu supertankerlərdir. "Kpler" qlobal kəşfiyyat şirkəti oktyabrda dərc etdiyi hesabatında bildirib ki, İran neftini qanunsuz daşıyan tankerlər adətən İran körfəzinə daxil olarkən texniki baxımdan avtomatik identifikasiya sistemi (AIS) kimi tanınan transponderlərini söndürüb "yoxa çıxır". Onlar İranın Xarg adasındakı əsas neft terminalına və ya digər limanlarına baş çəkəndən sonra tam yüklə yenidən peyda olur. Ardınca "gəmidən gəmiyə" prinsipi ilə neft transfer edilir. Bu, icazəsiz zonalarda, əsasən, Sinqapur boğazlarında baş verir. Sonradan Malayziya, yaxud Yaxın Şərq ölkələrindən gəlirmiş kimi etiketlənən bu neft Çinə daxil olur və burada 40-dan çox "çaydan" tipli neftayırma müəssisəsində emal edilir. Bu müəssisələrin istər beynəlxalq sanksiyalar, istərsə dünya maliyyə sistemləri ilə çox az əlaqəsi var. Sanksiyaların icrası ABŞ və digər ölkələrdə çox dartışılan ciddi məsələdir. Panama kimi ölkələri qanunsuz tankerlərin bayraqlarını çıxarmağa çağıranların sayı artır. Ayrı-ayrı ölkələrdən də sahillərində lövbər salan "qara donanma" gəmilərini sıxışdırması tələb edilir.

XS
SM
MD
LG