Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:20

'Sanki savaş idi': sərhədyanı zərbələr uzun sürən İran-Pakistan mübahisəsini ciddi toqquşmaya çevirdi


Kəraçidəki konsulluq binasının üzərində İran bayrağı
Kəraçidəki konsulluq binasının üzərində İran bayrağı

İranla Pakistanın 900 kilometrlik sərhədindəki boş ərazilərdə on illərdir toqquşmalar baş verir.

Abubakar Sıddıkın məqaləsində bildirilir ki, iki qonşu vaxtaşırı əməkdaşlığa cəhd göstərir, amma bir-birini sərhəd bölgələrində silahlı dəstələr saxlamaqda da suçlayır. Özü də bu, daha tez-tez olur.

Ötən həftə baş verən iri toqquşmada Tehran və İslamabad bir-birinin ərazisinə hücum edib. Bu iki ölkə arasında baş verən ən ağır zorakılıq halıdır. Əvəz-əvəz prinsipi ilə baş verən hücumlar İranla nüvə dövləti olan Pakistan arasındakı münasibətləri pisləşdirərək böhran vəziyyətinə gətirib. Ekspertlər deyirlər ki, məsələ tammiqyaslı savaşadək irəliləyə bilər. Yanvarın 16-da, günün sonunda Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinə İran dron və raket zərbələri endirib. Nəticədə iki uşaq həyatını itirib. Tehran bazasının Pakistanda olduğunu düşündüyü "Ceyş əl-Ədl" bəluc silahlı qrupunu hədəfə aldığını bildirib. Bu hücuma cavab olaraq İslamabad da yanvarın 18-də İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinə hava zərbələri endirib. Bu zərbələr zamanı Bəluc Azadlıq Cəbhəsi (BAC) və Bəluc Azadlıq Ordusunun (BAO) sığınacaqları hədəfə alınıb. Sözügedən iki bölücü qrupun İranda gizləndiyi düşünülür.

İran rəsmiləri hücum nəticəsində aralarında dörd uşaq və üç qadının da olduğu, azı, doqquz nəfərin öldüyünü bildiriblər. Bu hücum 1980-1988-ci illər arasında baş verən İran-İraq müharibəsindən sonra xarici dövlətin İran ərazisinə ilk hücumdur.

"Gözlənilməyən yeni dönüş və ciddi diplomatik geriləmə"

Baş verənlərin ardınca Pakistan İrandakı səfirini geri çağırıb və Tehranın elçisinin İslamabada dönüşünü bloklayıb.

"Bu onların ikitərəfli münasibətlərində gözlənilməyən yeni dönüş və ciddi diplomatik geriləmədir", - bölgədə hərbi toqquşmaları izləyən pakistanlı jurnalist və şərhçi Kiyya Baloç deyir.

Ekspertlərin sözlərinə görə, iki qonşu illərlə sürən qarşılıqlı inamsızlıqdan sonra aralarındakı münasibətləri yaxşılaşdırmaq üçün addımlar atırdı. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və Pakistanın baş naziri səlahiyyətlərini icra edən Ənvər ul-Hak Kakar ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda görüşüblər. Eyni zamanda Pakistan nümayəndə heyəti yanvarın 16-da İranın cənub-şərqindəki Çabahar limanını ziyarət edib. Ziyarət ikitərəfli ticarət əlaqələrinin gücləndirilməsi məqsədi daşıyıb.

Pakistan və İranın münasibətləri hər iki ölkənin ərazisində etnik bəlucların məskunlaşdığı əyalətlərdə baş verən üsyanlar üzündən pis olub. 2004-cü ildə Pakistanın təbii sərvətlərlə zəngin, ancaq olduqca yoxsul Bəlucistan əyalətində separatçı üsyan baş verib. Dövlətin bu üsyana amansız müdaxiləsi minlərlə insanın ölümünə yol açıb. İranın ən yoxsul əyalətlərindən biri olan Sistan-Bəlucistanda fəaliyyət göstərən separatçı və silahlı qruplar da vaxtaşırı İranın güvənlik qüvvələrinə qarşı hücumlar təşkil edir. Bəluc silahlı qrupu "Cundallah" 2005-ci ildə qurulandan bəri İran güvənlik əməkdaşlarına qarşı bombalı və silahlı hücumlar təşkil etməyə başlayıb. 2010-cu ildə hökumətin qanlı müdaxiləsi və "Cundallah" lideri Əbdülmalik Riqinin edamından sonra qrupun varisi kimi "Ceyş əl-Ədl" meydana çıxıb.

"İslam respublikasının bölgədə işi çox, əli də boş deyil"

2013-cü ildən bəri Tehran sərhədin digər tərəfindən əraziyə raket zərbələri endirib və Pakistanda "Ceyş əl-Ədl" liderlərinin qətlini təşkil edib. İran İslamabadı qrupa sığınacaq verməkdə də suçlayıb. Öz növbəsində Pakistan da İranı BAO və BAC-ni dəstəkləməkdə ittiham edib.

Ekspertlər deyirlər ki, bu son sərhəd toqquşması nəticəsində Tehran və İslamabad sözügedən silahlı qruplara dəstəklərini (belə bir dəstək varsa) gücləndirə bilər.

"Bu isə, öz növbəsində, bu iki ölkədəki münaqişələri uzada və gücləndirə bilər", - Baloç deyir.

Baş verən toqquşmanın tammiqyaslı savaşı alovlandıracağı ilə bağlı narahatlıq vardı. Ancaq mütəxəssislər bu ehtimalın az olduğunu deyirlər. Onlar daxili və xarici problemlərlə üzləşən bu iki ölkənin çox məsrəf tələb edən münaqişədə maraqlı olmadığını əsas gətirirlər. "İslam respublikasının bölgədə işi çox, əli də boş deyil. Bu üzdən şərq sərhədində yeni müharibə onun istədiyi ən son şeydir", - Berlində yerləşən Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun qonaq təqaüdçüsü Həmidreza Əzizinin sözləridir.

Ekspertlər İsrail Qəzza zolağında savaşa başlayandan Tehranın bölgədə güc nümayiş etdirdiyini deyirlər.

Pakistan ərazisində hava reydlərindən öncə Tehran bu yaxınlarda Suriyaya və İraqın muxtar Kürdistan bölgəsinə də raket zərbələri endirib. Suriya ərazisinə hücum "İslam Dövləti"nin (ekstremist terrorçu təşkilatdır) yanvarın 3-də İran ərazisində 100-ə yaxın insanın ölümü ilə nəticələnən qanlı hücumuna cavab idi.

İranyönlü silahlı qruplar, o cümlədən Livandakı "Hizbullah" və Yəməndəki husi üsyançıları da İsrailə və ABŞ-ın Yaxın Şərqdə yerləşən hədəflərinə zərbə endirərək bölgədə vəziyyəti daha da gərginləşdiriblər.

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində qadın təkər arabasında su daşıyır.
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində qadın təkər arabasında su daşıyır.

"Pekin durumu sakitləşdirməyə çalışır"

Əzizi deyir ki, Tehranın Pakistandakı hədəfləri vurmaq qərarı yanlış hesablamadır və İran Pakistanın cavab hücumuna hazır deyildi: "Onsuz da bir sıra münaqişələrlə əlləşdiyi halda, bölgədə daha bir gərəksiz münaqişə yaratmaq İranın kobud strateji səhv idi".

Ekspertlər İran və Pakistan tərəfindən yeni hücumların baş verəcəyini istisna etməsələr də, Tehran və İslamabadın eskalasiyanı azaltmağa çalışacağını gözləyirlər.

Yanvarın 18-dəki bəyanatlarında istər Tehran, istərsə İslamabad bir-birini ərazilərindəki silahlı qruplaşmalarla mübarizəyə dəvət etsə də, xoş qonşuluq münasibətlərinin saxlanmasına da dilə gətiriblər.

Həm Pakistan, həm də İranla bağları olan Çin tərəfləri təmkinli olmağa çağırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mao Nin yanvarın 18-də durumun sakitləşdirilməsi üçün Pekinin konstruktiv rol oynamaq istəyində olduğunu bildirib.

Əzizinin fikrincə, "İslamabadın əsas müttəfiqi və Tehranın yaxın tərəfdaşı olan Pekin vəziyyəti sakitləşdirməyə çalışır".

XS
SM
MD
LG