Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:49

Bayden Netanyahunu fikrindən döndərə bilərmi?


İsraillə HƏMAS arasında qarşıdurma fonunda ABŞ prezidenti Co Bayden İsrailə səfər edərək baş nazir Benyamin Netanyahu ilə görüşür.
İsraillə HƏMAS arasında qarşıdurma fonunda ABŞ prezidenti Co Bayden İsrailə səfər edərək baş nazir Benyamin Netanyahu ilə görüşür.

Mayın 7-də İsrail Qəzzanın cənub sərhədində Misirə keçid qapısı olan Rəfah şəhərinə daxil olub və ABŞ ilə digər güclərin qarşı çıxdığı hərbi hücuma başlayıb.

ABŞ prezidenti Co Bayden mayın 6-da İsrailin baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edib ki, Qəzza müharibəsini Rəfahadək genişləndirməsin. O bu addımın ABŞ-nin İsraillə bağlı siyasətində dəyişikliyə yol açacağını bildirib. Qəzzadakı müharibəni necə yönəltməklə bağlı fikir ayrılığı ABŞ-ni öz istehsalı olan bombaların İsrailə göndərilməsini dayandırmağa məcbur edib.

Rəfah Qəzzada bu savaşda dağıdılmayan az sayda yerdən biridir. Buraya, yarıdan çoxu uşaq, 1 milyondan çox fələstinli sığınıb. Həmin insanlar savaş üzündən Qəzzanın digər yerlərindəki evlərindən didərgin düşüblər.

Obama administrasiyası dönəmində ABŞ Milli Kəşfiyyat Şurasının sədri olmuş Qreqori Treverton "The Conversation" nəşrinin ABŞ siyasəti və cəmiyyəti şöbəsinin redaktoru Emi Libermana verdiyi müsahibədə ABŞ-nin HƏMAS-a qarşı İsrailin açdığı savaşa təsir rıçaqları barədə danışıb.

O deyib ki, ABŞ-nin İsrailə xəbərdarlıq etməsi iki dövlət arasındakı münasibətlərin tarixində yeni deyil və ən azı, İsraillə ərəb dövlətləri koalisiyası arasındakı 1973-cü il müharibəsindən bəri dəfələrlə təkrarlanıb. Onun sözlərinə görə, bir çox ABŞ prezidenti və dövlət katibi İsrailin hər hansı davranışından məyus olaraq ona xəbərdarlıq edib. 1973-cü il müharibəsi zamanı ABŞ İsrailin BMT Təhlükəsizlik Şurasının ABŞ və SSRİ tərəfindən təklif olunan qətnaməsinin şərtlərinə əməl etməsi üçün ona təzyiq göstərib. Ancaq o zaman İsrail bu tələbi qəbul etməkdən boyun qaçırıb.

Qəzza zolağının cənubundakı Rəfahda Xan Yunisə doğru qaçan kişilər mebel və digər əşyalarla dolu yük maşınına minir.
Qəzza zolağının cənubundakı Rəfahda Xan Yunisə doğru qaçan kişilər mebel və digər əşyalarla dolu yük maşınına minir.

Netahyahu indi ifrat sağdan çox asılıdır?

"Ölkələr maraqları identik olduğuna görə deyil, üst-üstə düşdüyü üçün müttəfiq olur. ABŞ tarixi bizim istədiyimizi deyil, özünün istədiyini edə bilən müttəfiqlərlə doludur. …İsrailin siyasəti və rəhbərliyi bu qədər sağa sürüşdüyündən …ABŞ, yaxud onun nə istədiyi baş nazir Benyamin Netanyahunun koalisiyasında bir çox adamın umrunda deyil. İndi Netanyahu özünün siyasi qurtuluşu üçün ifrat sağdan çox asılıdır. Bu üzdən onun ABŞ-yə deyil, öz sağçılarına qulaq asması ehtimalı çoxdur", - Trevertonun sözləridir.

Ekspertin fikrincə, ABŞ İsraildən qəzzalıların təhlükəsizliyinə tam əmin olmadan Rəfaha hücuma başlamamasını tələb etdiyi halda İsrailin buna məhəl qoymaması ABŞ-nin bu ölkəyə silah təchizatını yenidən nəzərdə keçirməsi üçün ciddi səbəbdir. Treverton deyir ki, ABŞ İsrailə bu halın gələcəkdə silah təchizatına mənfi təsir göstərəcəyi ilə bağlı ciddi xəbərdarlıq etməlidir.

O, İsrailin ABŞ-dən ən çox yardım görən dövlət olduğunu və İkinci Dünya müharibəsindən sonra hər hansı ölkədən daha çox hərbi yardım aldığını vurğulayır.

"Ötən il oktyabrın 7-də HƏMAS-ın hücumundan bu il martın əvvəllərinədək ABŞ İsrailə 100 dəfədən çox silah göndərib.

İsrail indi şimalda - Livanda "Hizbullah" silahlı qrupu ilə qarşıdurmanın gərilmə riski ilə üz-üzədir. Belə görünür ki, münaqişəni genişləndirməmək, əksinə, məhdudlaşdırmaq İsrailin marağındadır.

Fələstinli qadın Rəfahda İsrailin hücumu zamanı vurulan evin pilləkənlərindən aşağı enir.
Fələstinli qadın Rəfahda İsrailin hücumu zamanı vurulan evin pilləkənlərindən aşağı enir.

İsraildə siyasi spektrin hər yerində belə bir hiss var ki, HƏMAS-ı sıradan çıxarmaq, məsələni bitirmək üçün mütləq Rəfaha hücum edilməlidir. Problem ondadır ki, biz məsələni bitirməyin nə demək olduğunu heç vaxt bilməmişik. Biz, milli güvənlik sahəsində çalışanlar düşünürük ki, İsrailin HƏMAS-ı tam sıradan çıxarması mümkün deyil.

İranın proksilərinə dəvət?

Ötən ilin oktyabrından öncə HƏMAS-ın idarə üsulu heç vaxt Qəzzada populyar olmayıb, ancaq İsrailin hücumları onu populyarlaşdırdı. Özəlliklə Qərb sahilində. Axı HƏMAS İsrailə dirəndi və fələstinlilərin unudulmuş məsələsini yenidən qaytarıb dünyanın, o cümlədən ərəb dünyasının gündəminə çıxardı.

HƏMAS-ın sıradan çıxarılması ideyası siyasi baxışları fərqli olan israillilərin hələ də fokuslandığı məsələ kimi görünür…", - yenə Trevertonun sözləridir.

Onun fikrincə, Rəfaha hücum qeyri-sabitliyi dərinləşdirə, müharibəni genişləndirə bilər: "Hətta İran cavab verməsə belə, onun proksilərindən bəziləri, məsələn, "Hizbullah" münaqişəni dərinləşdirə biləcək addım ata bilər. Biz "proksi" terminini ehtiyatla işlətməliyik, çünki ABŞ öz təcrübəsindən bilir ki, proksi hökumətlərə və proksi silahlılara heç də həmişə nəzarət etmək olmur. Ancaq göründüyünə görə bu bir növ İranın proksilərinə münaqişəni eskalasiya etmələri üçün dəvətdir".

XS
SM
MD
LG