Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:47

Yoxsulluq artdıqca Kosovodakı roma uşaqları daha çox dilənməyə məcbur qalır


Artıq uzun müddət ayrıseçkiliyin qurbanı olan roma icması COVID-19 pandemiyasından sonra daha zəif durumdadır
Artıq uzun müddət ayrıseçkiliyin qurbanı olan roma icması COVID-19 pandemiyasından sonra daha zəif durumdadır

Kosovoda, elə Avropanın başqa yerlərində də dilənən romaların uşaqları yeni fenomen deyil. Di gəl, fəallar və polis bu problemin, özəlliklə COVID-19 pandemiyası fonunda daha da dərinləşdiyini deyir.

Onlar bildirirlər ki, Kosovonun çox vaxt serbcə danışan roma icmaları, eləcə də albanca danışan aşkali və Balkan misirliləri (onlar özlərinin əslən Qədim Misirdən olduqlarını iddia edirlər) yalnız virusla mübarizə aparmayıb, həm də Priştinanın ayırdığı yardımların cüzi bölümünü alıblar. Onsuz da uzun zamandan bəri ayrıseçkiliyə məruz qalan bu icmaların hazırda daha həssas duruma düşdüyü deyilir. Fəalların fikrincə, problemin ağırlığı uşaqların üzərinə düşür. Bəzən valideyn və qohumların uşaqları diləndirməsi və insan ticarəti barədə xəbərlər artıb.

"O zaman da yoxsulluq vardı, ancaq…"

Özü də roma olan və 22 il roma uşaqlarının yaşamını yaxşılaşdırmağa çalışmış Osman Osmani deyir ki, indi gördüklərini daha öncə görməyib. "1980-ci, yaxud 1990-cı illərdə durum belə deyildi. O zaman da yoxsulluq vardı, ancaq uşaqları bu işləri görməyə məcbur edilən ailələr çox az idi", - Osmani AzadlıqRadiosunun Balkan xidmətinə belə deyib.

Kosovo polisinin rəsmi bilgisinə görə, bu ilin ilk altı ayında polis 41 uşağı diləndiyi üçün qeydiyyata alıb. Bu rəqəm yeni illik rekord deməkdir.

Dilənçilik hallarının çoxu böyük şəhərlərdə, o cümlədən Kosovonun paytaxtı Priştinada, Prizren, Peya və Cakovitsada gözə çarpır. Roma uşaqlarının çoxunun sənədləri olmadığından göstərilən rəqəmin əslində daha böyük olması ehtimalı yüksəkdir, axı polis sənədsiz uşaqları qeydə almaqda çətinlik çəkir.

"Kimliklərini təsdiqləyən hər hansı sənədləri yoxdur"

Kosovonun Ombudsman Aparatının (Xalqın Vəkili İnstitutu) sözçüsü Petrit Çollaku hökumətin roma icmasını çox vaxt görmədiyini deyir: "Onların çoxu yerində durmur (daxili və xarici miqrasiya anlamında), bəzilərinin qeydiyyatı və kimliklərini təsdiqləyən hər hansı sənədləri yoxdur".

İki gənc oğlan Kosovonun Prizren küçələrində musiqi ifa edərək pul dilənir.
İki gənc oğlan Kosovonun Prizren küçələrində musiqi ifa edərək pul dilənir.

Kosovodan, Albaniya və digər qonşu ölkələrdən olan uşaqlar dilənməyə məcbur edilir, - ABŞ Dövlət Departamentinin Kosovo ilə bağlı ən son illik hesabatında belə deyilir.

Kosovo Avropanın ən yoxsul ölkələrindən biridir. BMT-nin bilgisinə görə, ölkənin 1.8 milyonluq əhalisinin 23 faizi yoxsuldur. Kosovonun roma, aşkali və Balkan misirliləri icmaları arasında bu rəqəmin daha yüksək olduğu deyilir. Bu icmalar tarixən ən yoxsul, habelə iqtisadi, siyasi və sosial baxımdan da ən marginallaşdırılmış azlıqlar olub.

Priştinada küçə uşaqlarına baxım mərkəzində hər gün 250-dək uşağa yemək verilir. Bu mərkəzin işini uşaq hüquqları ilə məşğul təşkilat və kampaniyaların "Terre des Hommes" şəbəkəsi yönəldir. Burada hər gün pulsuz yedirilən uşaqların 90 faizə qədəri roma, aşkali və Balkan misirliləridir.

Bir çoxları dövlət qeydiyyatından keçmədiyindən pandemiya dönəmində həmin icma üzvlərinin yalnız 12.7 faizi yerli və ya milli səviyyədə maliyyə yardımı ala bilib. Bu icmaların hüquqlarını müdafiə edən Kosovo QHT-si "Foleja"nın hesabatında belə deyilir.

Kosovo polisinin İnsan alveri direktoratının əməkdaşı Riza Muratinin sözlərinə görə, evdəki sərt iqtisadi və sosial şərtlər daha çox roma uşağını Kosovo küçələrində dilənməyə vadar edir.

"Bunlar uşaqların küçələrdə olmasının əsas səbəbləridir. Bunlar çox vaxt ailədən və eyni zamanda ərazi hökumətindən normal qayğı görməyən uşaqlardır. Onlar məktəbi buraxır və tək çıxış yolunu küçələrə düşməkdə görürlər", - Murati AzadlıqRadiosuna belə deyib.

Küçə uşaqlarına dair bilgitoplama proqramı var

BMT Uşaq Fondunun (UNICEF) Kosovo ofisi dilənməyə məcbur edilən uşaqların ailə durumu barədə daha doğru təsəvvür qazanmaq üçün buradakı küçə uşaqlarına dair bilgitoplama proqramına başlayıb.

Roma uşağı Priştina küçələrində avtomobilin şüşələrini təmizləyərək pul dilənir.
Roma uşağı Priştina küçələrində avtomobilin şüşələrini təmizləyərək pul dilənir.

Muratinin fikrincə, uşaqları küçədə diləndirən onların valideynləridir. Onun sözlərinə görə Kosovo polisinin araşdırdığı işlərin 90 faizində bu öz təsdiqini tapıb.

ABŞ Dövlət Departamenti problemin Kosovonun cinayət məcəlləsindən də qaynaqlandığını vurğulayır. İndiki qanuna görə, uşaqları diləndirmək uşaq alveri yox, valideyn səhlənkarlığı sayılır və bu, cəzaların daha yüngül olması deməkdir. Prosesə məmurların da qatıldığını yazan Dövlət Departamenti polisin bu istiqamətdə daha çox iş görməli olduğunu da ayrıca bildirib.

XS
SM
MD
LG