Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 12:39

Fransa və Azərbaycan prezidentləri Laçın-Xankəndi yolundan danışıblar


Fransa və Azərbaycan prezidentləri Emmanuel Makron və İlham Əliyev (Arxiv fotosu)
Fransa və Azərbaycan prezidentləri Emmanuel Makron və İlham Əliyev (Arxiv fotosu)

Avqustun 29-da Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

“Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib ”- məlumatda qeyd edilib.

Məlumatda bildirildiyinə görə, İlham Əliyev habelə deyib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.

“Eyni zamanda, Prezident İlham Əliyev bu gün (avqustun 29-da) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü (Ağdam-Xankəndi yolu ilə-red) qeyd edib.” - mətbuat xidməti bildirir.

Açıqlamaya görə, prezident Emmanuel Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib.

Bundan əvvəl...

Prezident Emmanuel Makron avqustun 28-də Fransa səfirləri ilə keçirdiyi müşavirədə demişdi ki, o Azərbaycan tərəfindən bölgənin blokadası və bunun nəticəsində yarana biləcək humanitar böhranla bağlı yeni diplomatik təşəbbüslə çıxış edəcək.

O, Azərbaycan prezidentindən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla da danışıb.

Azərbaycan Qarabağa humanitar yüklərin gətirilməsi üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edib.

Lakin Qarabağdakı separatçı rejimin rəhbərləri, hələlik, Ağdamdan humanitar yardım gətirilməsi təklifini rədd ediblər.

Ermənistan rəsmiləri isə bir qayda olaraq, vurğulayırlar ki, onlarla Qarabağ arasında vasitə kimi 2020-ci ilin üçtərəfli bəyanatında yalnız Laçın dəhlizindən bəhs edilir.

Bu ölkə ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan isə onun humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu açıqlayıb. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG