Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:53

Almaniyadan deportasiya olunan daha bir fəala 7 il həbs cəzası kəsildi


Almaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Almaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası (Video arxiv)

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs edilən daha bir nəfərə sentyabrın 28-də hökm oxunub. İctimai fəal Malik Rzayev 7 il azadlıqdan məhrum edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə, Rzayev CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə təqsirli bilinib.

Amma Rzayev özü bu ittihamı rədd edir, sifarişlə həbs olunduğunu bildirir. Onun sözlərinə görə, həbsinin səbəbi Almaniyada olduğu dövrdə orada Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbus problemi ilə əlaqədar keçirilən etiraz aksiyalarında aktiv iştirakıdır.

İşgəncə ilə bağlı şikayəti təmin edilməyib

İctimai fəal deyir ki, onu cinayət işində yazıldığı yerdə tutmayıblar, Hacı Zeynalabdin Tağıyev (Nasosnı) qəsəbəsində yaşadığı evdən aparıblar. Onun sözlərinə görə, ağlasığmaz işgəncələrə məruz qalıb, zorlanmaqla hədələnib. Rzayev vurğulayıb ki, bu işgəncələr üzündən ona heç bir aidiyyəti olmayan narkotiklə bağlı etiraf ifadəsinə imza atmalı olub.

Vəkili Nemət Kərimli işgəncə faktının araşdırılması məqsədilə Sumqayıt şəhər Prokurorluğuna şikayət verib. Lakin şikayət təmin olunmayıb.

Vəkil vurğulayıb ki, uzun müddət müvəkkili ilə görüşməsinə imkan verilməyib, Rzayevin müdafiə hüququ pozulub.

Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Rzayevin işgəncəyə məruz qalması barədə dediklərini təkzib edib. O bildirib ki, işgəncə iddiaları məsuliyyətdən yayınmaq məqsədi daşıyır.

Xatırlatma

Rzayev 2021-ci ilin iyulunda Almaniyadan readmissiya olunaraq Azərbaycana göndərilib. Oktyabrın 25-də isə həbs olunub.

Son bir il ərzində Almaniyadan deportasiya olunanlardan altı nəfər Azərbaycana qayıdandan sonra həbs olunub. Onlara qarşı narkotik və başqa ittihamlar irəli sürülüb. Onlardan biri - AXCP üzvü Pünhan Kərimliyə iyulun 27-də narkotik ittihamı ilə 6 il həbs cəzası kəsilib. Digərlərinin məhkəməsi davam edir.

Onların heç biri ittihamı qəbul etmir, Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak etdiklərinə, hökumətin ünvanına səsləndirdikləri tənqidlərə görə şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyi Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaları əsassız sayır: "Bu cür fikirlər qətiyyən həqiqətəuyğun deyil".

XS
SM
MD
LG