Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:28

'Məni Eldar Mahmudovun qapısına göndərirlər ki, get ora, ziyanı ödəyəcək'


Eldar Mahmudovun övladlarının sərvətini prokurorluq araşdıra bilərmi?
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Eldar Mahmudovun övladlarının sərvətini prokurorluq araşdıra bilərmi?

Həbsdə olan keçmiş MTN vəzifəliləri arasında qalmaqal yaranıb. Onlar bir-birini ittiham edir. Bu hal dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsində keçmiş MTN generalı Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış üç polkovnikin – Vüsal Ələkbərov, Yasin Məmmədov Sahib Ələkbərovun işinə baxılarkən müşahidə olunub.

Məhkəmədə məlum olub ki, uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, iki ilə yaxındır həbsdə olan general Şıxəliyevin özü ilə yanaşı, ailə üzvləri də apellyasiya şikayəti verib. Onlar hökmün əmlak müsadirəsi ilə bağlı hissəsindən şikayətçidir, çünki müsadirə olunan əmlakların bir hissəsi onların adınadır.

Məhkəmə iclasında təqsirləndirilən generalla keçmiş işçiləri arasında ilk toqquşma hakimə etiraz məsələsində müşahidə olunub. General Şıxəliyev və vəkili deyib ki, məhkəmə prosesinə sədrlik edən hakim İlqar Murquzov bu işə obyektiv baxıb ədalətli qərar verə bilməz. Çünki özü də vaxtilə Baş Prokurorluğun işçisi olub, hazırda da oğlu Baş Prokurorluğun Dövlət ittihamını müdafiə idarəsində çalışır.

Digər təqsirləndirilən sabiq MTN-çilər Şıxəliyevin etirazına münasibət bildirərkən onu müdafiə etməyib. Üstəlik, hakim İlqar Murquzovun ünvanına müsbət fikirlər səsləndiriblər.

Protestlə bağlı qalmaqal

Onların arasında daha bir qalmaqal prokurorun protestinə görə yaranıb. Təqsirləndirilən və zərərçəkmiş tərəflə yanaşı, prokurorluq da apellyasiya protesti verib. Prokurorluq həm cəza məsələsindən, həm də istintaq dövründə üzərinə həbs qoyulan əmlakların hamısının müsadirə olunmamasından narazı qalıb.

Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsində general Şıxəliyev və vəkili bildirib ki, qanunla protestin bir nüsxəsi də onlara da verilməlidir, tanış olmalıdırlar. Lakin onlar bu sənədi almayıblar. Protestin onlara təqdim edilməsi üçün vəkil məhkəmənin təxirə salınmasını istəyib. Bu isə digər təqsirləndirilən polkovnik Yasin Məmmədovun etirazına səbəb olub. Hətta o, açıq şəkildə keçmiş rəhbərini və onun vəkilini yalan danışmaqda suçlayıb.

"Mən bütün sənədləri alanda bunun sübutu olaraq imza atıram. İmzam varsa, göstərin. Yoxdursa, bizə protesti təqdim edin", – Şıxəliyev cavab verib.

Zərərçəkmişin dedikləri

Məhkəmədə zərərçəkmişlərdən Hüseyn Səfərov iddia edib ki, onu keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qapısına göndərirlər. Deyirlər ki, sabiq nazir zərərçəkmişlərə dəymiş ziyanı ödəyəcək – vaxtilə MTN-də onlardan alınmış pulları geri qaytaracaq. Onun sözlərinə görə, üçüncü cəhddən sonra Mahmudovla görüşə bilsə də, ortada nəticə yoxdur: "Çıxın, cənab prezidentə deyin ki, xəyanət etmisiniz. Yoxsa burada bir-birinizi ittiham edirsiniz. Mənə xəbər göndərib, yalan deyirsiniz ki, etiraf edəcəyik. Mən də gedib zərərçəkənlərə deyib onların yanında yalançı çıxıram. Məni Mövlam Şıxəliyev aldadır. Məni Eldar Mahmudovun qapısına göndərirlər ki, get ora, ziyanı ödəyəcək. Üçüncü dəfə gedəndən sonra məcbur olub, özü qəbul elədi. Bu məsələni də məhkəmədə açacağam...".

Sabiq MTN-çilərin məhkəməsi dekabrın 12-də davam edəcək.

Xatırlatma

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona və vaxtilə MTN-də tabeliyində çalışmış daha üç polkovnikə -keçmiş şöbə rəisləri Yasin Məmmədov və Vüsal Ələkbərov, rəis müavini Sahib Ələkbərova hökm oxunub. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Şıxəliyevdən başqa digər üç nəfər həbsdə deyildi. Onlar hökm oxunanda məhkəmə zalından həbs olunublar.

Məhkəmə həmçinin Şıxəliyevin general-mayor, digərlərinin polkovnik rütbəsi və bir sıra başqa təltiflərinin alınmasına qərar verib.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir. Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər, çünki istintaqa prosessual nəzarət orqanı var – prokurorluq. Şıxəliyev və digərləri bildirib ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır. Onlar, hətta Zakir Qaralov və Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb ediblər.

Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

XS
SM
MD
LG