Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 16:42

'MTN, prokurorluq, məhkəmə vətəndaşın başına oyun açmaq üçün...'


MTN işi
MTN işi

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyev, eləcə də nazirlikdə onun tabeliyində çalışmış üç polkovniklə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yekunlaşıb. Onlar haqqında 8 ildən 12 ilə qədər həbs, əmlaklarının bir hissəsinin müsadirə edilməsi, rütbə və təltiflərinin alınmasına dair Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Bu qərar aprelin 4-də Bakı Apellyasiya Məhkəməsində elan olunub.

Keçmiş MTN-çilər təqsirsiz olduqlarını bildirərək apellyasiya məhkəməsindən bəraət hökmü çıxarılmasını, əmlakları üzərindən həbsin götürülməsini tələb edirdilər.

Zərərçəkmişin istəyi

Zərərçəkmiş qismində tanınanlar – vaxtilə qanunsuz həbs olunub, MTN-də saxlanıldığı, ailə üzvlərindən külli miqdarda pul alınandan sonra azadlığa buraxıldığı iddia olunan şəxslər də hökmün dəyişdirilməsini istəyirdilər. Onlar apellyasiya şikayətlərində sabiq MTN-çilərin cəzalarının ağırlaşdırılmasını, istintaq zamanı üzərinə həbs qoyulan bütün əmlakların müsadirə olunmasını tələb ediblər. Bakı Hərbi Məhkəməsinin hakimləri hökm çıxaranda həmin əmlakların bir hissəsinin üzərindən həbsi götürmüş, onların müsadirə olunmasına ehtiyac görməmişdi. Lakin apellyasiya məhkəməsi onların da şikayətinə münasibətdə "yox" deyib.

Hökmdən öncə Bakı Apellyasiya Məhkəməsinin hakimləri bir daha keçmiş MTN-çilərin, zərərçəkənlərin, prokurorun fikrini soruşub.

25 il prokurorluq orqanlarında çalışdığını deyən, hazırda isə zərərçəkənlər arasında olan Zaur Əliyev vurğulayıb ki, bu cinayət işində bəhs olunan cinayətlərə görə sabiq Baş prokuror Zakir Qaralov, onun birinci müavini olmuş Rüstəm Usubov da məsuliyyət daşıyır. Çünki cinayət işi başlanması üçün səlahiyyət hüquqi baxımdan prokurorluqda olub.

Zərərçəkmişin daha bir istəyi isə Xaçmaz rayonunda yerləşən "Çobanbulaq" istirahət mərkəzinin müsadirəsinə qərar verilməsi olub. Onun sözlərinə görə, bu obyektin 50 faizlik payı Şıxəliyevin həyat yoldaşınındır.

"Eyni təşkilat olublar"

Zərərçəkmişlərdən bir neçəsinin hüquqlarını müdafiə edən vəkil Osman Kazımov deyir ki, keçmiş MTN vəzifəliləri ilə bağlı cinayət işi bu əməlləri bir neçə dövlət orqanının əlbir olub birlikdə törətdiyini ortaya qoyur. Vəkilin sözlərinə görə, MTN əməkdaşları adamları tutub gətirir, prokurorluğun qərarı ilə saxta ittihamla cinayət işi başlanır. Ardınca Səbail Rayon Məhkəməsində təqsiri olmayan adamlar haqqında həbs qərarı çıxarılır. Ailə üzvlərindən zorla külli miqdarda pul alınandan sonra isə onların xəstə olması haqda ekspertlərdən saxta tibbi rəy alınır və azadlığa buraxılırlar.

"İstintaq, məhkəmə, məhkəmə tibb ekspertizası, cəzaçəkmə orqanı, digər məhkəmə bir-biri ilə əlaqədə çalışıblar. Eyni təşkilat olublar. Zaur Əliyev burada çıxış edib dedi ki, onda heç zaman ürək xəstəliyi olmayıb. Amma ailəsindən pulu alandan sonra onu həbsdən ekspertin verdiyi saxta rəy əsasında ürək xəstəsi kimi azad ediblər. Dövlət orqanlarının vətəndaşların başına oyun açmaq üçün bu formada bir-biri ilə əlbir olması dəhşətlidir", – vəkil Kazımov əlavə edib.

Apellyasiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minmiş sayılır.

Hər iki tərəf qərardan narazı qalıb və onlar Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

"Bu qərar bizi qətiyyən qane edə bilməz. Heç nə dəyişmədi. Biz o qədər sübutlar ortaya qoyduq, əhəmiyyət verilmədi. Necə olur, zərərçəkmişlərin mülki iddiaları təmin olunmur, bəziləri qismən təmin olunur, amma Mövlam Şıxəliyevin əmlakları özünə qaytarılır? Niyə? O əmlakları maaşla alıb? Bizim pulumuzla alıb da...", – zərərçəkmiş Əfsəl Həsənəliyev belə deyir.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Onların əksəriyyəti cəzalarının bir hissəsini çəkəndən sonra azadlığa buraxılıb.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2021-ci ilin aprelində daha iki MTN generalı – Nizami Şirinov Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər cinayət məsuliyyətinə cəlb olunub. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Ötən ilin oktyabrında Şıxəliyevlər ailəsinin 2 milyonluq əmlakının üzərindən həbs götürülüb.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG