Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:53

'Hərbi nailiyyətlər var, cəmiyyətlə hakimiyyət arasında etimad yoxdur'


Mehman Həbibov
Mehman Həbibov

Son bir ayda Azərbaycanda ictimai fəallara, müxalifətçilərə basqıların, inzibati həbslərin artdığı ilə bağlı şikayətlər var. Xüsusilə Qarabağda sentyabrın 19-20-də gerçəkləşən qısa hərbi əməliyyatlardan sonra Bakıda da insan haqlarının pozuntularının artdığı deyilir. Bir neçə ictimai, siyasi fəal cinayət və inzibati xəta ittihamı ilə həbs olunub. Onların yaxınları və hüquq-müdafiəçiləri isə hesab edirlər ki, həmin şəxslər yazdıqları tənqidi fikirlərə, fəaliyyətlərinə görə təqib olunur.

"Deyirdilər, hakimiyyətə gəlmək istəyirsiz?.."

Oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Həbibovun xəsarət izlərini əks etdirən şəkli yayılıb.

Həbibov özü deyir ki, oktyabrın 11-də mülki geyimli şəxslər onu döyüblər: "Üç nəfər mülki geyimli şəxs məni Qızıldaş ərazisində saxladılar, qara rəngli avtomobilə mindirdilər. Məni bir qədər qırağa apardılar, elə həmin qəsəbədə maşından düşürtdülər və ağır təhqir edərək döyməyə başladılar. Onlar məni döyüb deyirdilər ki, "çəkil qırağa. Hakimiyyətə gəlmək istəyirsiz? Biz buna imkan vermərik...". Döyəndən sonra məni buraxdılar".

M.Həbibovun sözlərinə görə, polisdə şikayətinə baxılmayıb və o, bir müddətlik ölkəni tərk edib.

E.Hacıyev
E.Hacıyev

DİN: "Manipulyativ məqsəd daşıyır"

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev "Turan"a Həbibovun polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddiaları təkzib edib: "Onun şəxsi münasibətlər zəminində kimlərləsə mübahisə etməsi, münaqişə vəziyyəti yaratması, qarşı tərəfin ona təzyiq göstərməsi ilə bağlı müraciəti olub. Lakin o, polis orqanına gəlib izahat verməkdən imtina edib və bir müddət sonra ölkəni tərk edərək öz şəxsi işləri ilə bağlı ərəb ölkələrinin birinə gedib. Hazırda araşdırma aparılır".

Nazirlik rəsmisi qeyd edib ki, ayrı-ayrı şəxslərin saxlanılması, barələrində hansısa qətimkan tədbirlərinin seçilməsi onların siyasi dünyagörüşü ilə bağlı deyil: "Hüquq müdafiəçiləri onları siyasi fəal kimi, hansısa partiya üzvü kimi təqdim edirlər. Yəni, xüsusi bir status kimi, iddia şəklində ortaya qoyurlar ki, onlar barəsində siyasi baxışlarına, düşüncəsinə görə hansısa qətimkan tədbiri seçildi. Əlbəttə, bunlar köklü olaraq yanlışdır, manipulyativ məqsəd daşıyır".

E.Nəsirov
E.Nəsirov

"Hamısı yalandır"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov da "Turan"a bildirib ki, kiminsə siyasi baxışlarına görə təqib olunması ilə bağlı iddialarda həqiqət payı yoxdur: "Azərbaycan dövləti, ordumuz tarixi zəfərə imza atıb, torpaqlarımızın suverenliyi tam bərpa edilib, artıq biz Qarabağın tam sahibiyik. Bu, həm də Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə daha da yüksəlməsinə xidmət edib. Belə olan vəziyyətdə Azərbaycanda müxalif siyasi dairələrdə natamamlıq kompleksi yaranıb".

Onun sözlərinə görə, bir dəfə də olsun rast gəlinməyib ki, "radikal" müxalifətin liderləri, nümayəndələri tarixi əhəmiyyətli hadisələrlə bağlı obyektiv mövqe ortaya qoysun: "Demirlər ki, bu tarixi zəfərin əldə edilməsində Azərbaycan ordusu müstəsna rol oynayıb, Ali baş komandamızın yüksək fədakarlığı var. Siyasi qısqanclıq onları içindən boğur, xalq da onları dəstəkləmir. Belə olan vəziyyətdə yenə şər, böhtan kampaniyasına start veriblər, başlayıblar dezinformasiya yaymağa ki, guya, Azərbaycanda həbs dalğası genişlənib, siyasi fəallara qarşı təzyiq var. Bunların hamısı yalandır".

R.Səfərov
R.Səfərov

"Xüsusilə dövlət başçısı barədə tənqidi rəylər yazan..."

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçi Rüfət Səfərovun qənaətinə görə, Azərbaycan hakimiyyətinin uzun illər ərzində apardığı zorakı siyasət cəmiyyətin müqavimət hissini tamamilə ram edib. "Amma bununla belə, repressiya siyasəti davam etməkdədir. Məsələ bundadır ki, Azərbaycan hakimiyyətinin, bütövlükdə mövcud idarəetmənin qolları bu 30 il ərzində mandatını heç vaxt xalqdan götürməyib. Ona görə də baxmayaraq ki, müəyyən hərbi nailiyyətlər var, amma yenə də cəmiyyətlə hakimiyyət arasında qarşılıqlı etimad yoxdur", - o, AzadlıqRadiosuna bildirib.

Hüquq müdafiəçinin fikrincə, buna səbəblər kifayət qədərdir: "Sosial-iqtisadı problemlər mövcuddur və təməl insan haqları pozulur. Ona görə də hakimiyyət düşünür ki, bu repressiya siyasətini davamlı olaraq həyata keçirsin. Bu gün də sosial şəbəkələrdə adi rəylərə, adi tənqidlərə görə insanlar ya cinayət məsuliyyətinə cəlb olunur, ya da ən yaxşı halda inzibati xəta ilə tutulur. Bu da kifayət etmir, işgəncə halları da var. Son tədbirlər göstərir ki, polis bölmələrində insanlar çox ağır işgəncələrə məruz qalır".

R.Səfərov düşünür ki, xüsusilə dövlət başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri barəsində tənqidi rəylər yazan sosial şəbəkə istifadəçiləri və ya fəallar rahat şəkildə təcrid olunurlar.

XS
SM
MD
LG