Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:32

Paşinyan deyir ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi Koçaryanla Sarksyan tanıyıb


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 5-də parlamentdə hökumət saatında ölkənin keçmiş prezidentləri Robert Koçaryanla Serj Sarksyanı tənqid edib, məhz onların Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deyib.

Paşinyan bu gün – oktyabrın 6-da Çexiya paytaxtında Avropa Siyasi Birliyinin sammitinə qatılacağını, Azərbaycan, Fransa prezidentləri və Aİ Şurasının sədrilyə dördtərəfli görüşün keçiriləcəyəni deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüş planlaşdırıldığını sözlərinə əlavə edib.

Ermənistan qaçqınları: 'Prezident desə, qayıdarıq'
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Əsas istiqamətlər

Paşinyanın təhlilinə görə, son dövrün diplomatik işi Ermənistan üçün irəliləməyə müəyyən yol cızıb və o, siyasi çoxluqla birlikdə bu yolla getməyə hazırlaşır. O, son müsahibəsində elan etdiyi prinsiplər əsasında sülh gündəmini təsdiqlədiyini söyləyib.

Sözügedən yolun istiqamətlərinə gəlincə, birinci məsələ ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. Bu halda Qarabağın taleyinə gəlincə, Paşinyan ikinci istiqaməti göstərib: “Hesab edirəm ki, Dağlıq Qarabağla Azərbaycan arasında danışığın başlaması üçün müəyyən məkan var. Bu iki istiqamət təməl məna daşıyır”.

Paşinyan Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ittihamlarına cavab verib. O deyib ki, ikinci prezident Robert Koçaryan və keçmiş xarici işlər naziri Vardan Oskanyan öz qərarları ilə Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıyıblar.

Onun sözlərinə görə, Ermənistan 1998-ci ildə Qarabağı danışıqlar prosesindən çıxarmaq və 1999-cu ildə ATƏT-də təhlükəsizlik üzrə İstanbul xartiyasını ratifikasiya etməyə qərar verməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.

Hakimiyyətə gəlmək üçün ön şərt...

Baş nazir deyir ki, bu qərarları və onların nəticələrini dəyişmək mümkün deyil.

“Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb və bunun müəllifləri – Vardan Oskanyanla Robert Koçaryandır. Serj Sarksyan və Edvard Nalbandyan isə bu irsi hakimiyyətə gəlmək üçün ön şərt kimi qəbul ediblər. Robert Koçaryan da 1998-ci ildə hakimiyyətə gəlməyin ilkin şərti kimi Qarabağı danışıqlar prosesindən çıxarıb və bununla da əsas daşı qoyub”, – Paşinyan deyib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Paşinyan bu ilkin şərtləri kimin irəli sürdüyünü, müstəqil Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağ məsələsində ön şərtə əsaslanıbsa, onun da qarşısında oxşar ilkin şərtlər qoyulub-qoyulmadığını açıqlamayıb.

“Bizim ünvanımıza səslənən bütün ittihamların əsl ünvanı onlardır. Qarabağın Azərbaycanın tərkibində tanınmasından tutmuş, kapitulyasiya ittihamlarına qədər. Çünki Serj Sarqsyanın masada buraxdığı danışıq sənədini bu standartlar və formullarla dəyərləndirəndə, o kapitulyasiya sənədi idi. Serj Sarksyan masanın üstünə kapitulyasiya sənədini qoyub gedib”, – Paşinyan deyib.

Mirzoyan 5 prinsipin təqdim olunduğunu təsdiqləyir

Xarici işlər naziri Ararat Mirzoyan isə dünən deputatlarla görüşündə deyib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə Bakı Yerevana sülh sazişinin elementlərini təqdim edib. Həmin elementlərin əsasında Azərbaycanın yazda açıqladığı beş prinsip, o cümlədən iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası yer alıb. Yerevan Cenevrə görüşünə dair daha öncəki məlumatında bu haqda məlumat açıqlamayıb.

“Bizə həqiqətən də belə sənəd verilib. Hələ təhlil etdiyimiz, mütləq cavablandıracağımız məsələlər var. Bəzi məsələlər bizim üçün qəbuledilən, bəziləri qəbuledilməz olacaq. Bəzi təklifləri biz irəli sürəcəyik... normal danışıq prosesi davam edəcək”, – Mirzoyan deyib.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də deyib ki, “Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik”.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb.

Son 2 ildə atəşkəs bir neçə dəfə pozulub, hər iki tərəf itki verib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG