Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:28

Yerevanda onlarla etirazçı saxlanıb


Yerevanda hökumət binası qarşısında nümayişçilər polislə toqquşur. 19 sentyabr 2023
Yerevanda hökumət binası qarşısında nümayişçilər polislə toqquşur. 19 sentyabr 2023

Sentyabrın 22-də Ermənistanın paytaxtı Yerevanda hökumətə qarşı etirazlarda azı 80 nəfər saxlanıb.

Polisin məlumatına görə, 84 nəfər saxlanıb, polisin göstərişlərinə əməl etməməkdə ittiham olunub.

Paşinyan Qarabağ ermənilərinin orada qala biləcəyinə ümid edir

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda yaşayan etnik ermənilərin Azərbaycanın "antiterror" əməliyyatından sonra orada qala biləcəyinə ümidini bildirib. Rəsmi Bakı separatçı regionu nəzarətinə qaytardığını iddia edir.

Bu arada Yerevanda gərginlik qalır, nümayişçilər hökumətin etnik ermənilərə dəstəyinin yetərli olmadığını iddia edirlər.

Müxalifət liderləri Paşinyana qarşı impiçment proseduru başlatmaq planlarını açıqlayıblar. Sentyabrın 22-də səhər hökumətə etiraz edənlər paytaxtda yolları bağlayaraq mərkəzi Respublika Meydanına toplaşmağa başlayıblar. Media polisin küçələri təmizlədiyini, kütləvi həbslər apardığını yazır.

Nümayişçilər deyirlər ki, Paşinyan vəzifədən gedənəcən etirazı davam etdirəcəklər. Onlar hökumətin günortadan sonraya gözlənən iclasını pozacaqlarını deyiblər.

Nümayişçilərlə toqquşmalarda səs qumbarasından istifadə edən polis xəbərdarlıq edib ki, toqquşmalar davam edərsə, xüsusi tədbirlərə əl atacaq. Etiraz təşkilatçılarından biri olan Andranik Tevanyanın saxlandığı bildirilir. Tevanyan sentyabrın 21-də nümayişlərdə deyib ki, Paşinyanın baş nazir vəzifəsindən kənarlaşdırılması "çox qısa vaxtda, hətta bir neçə günə" baş verəcək.

Polis sentyabrın 20-də başlanan etirazlarda saxlanan nümayişçilərin sayını açıqlamayıb.

Paşinyan: 'Ermənistan razılaşma mətninin hazırlanmasında iştirak etməyib'
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Qarabağda amnistiya

Bu arada Azərbaycanın Qarabağda silahı yerə qoyan erməni döyüşçülər üçün amnistiya nəzərdə tutduğu bildirilir. Sentyabrın 19-20-də 24 saatlıq hücumdan sonra tərəflər arasında atəşkəs əldə olunub.

"Hətta keçmiş döyüşçülər üçün, onları belə adlandırmaq olarsa, hətta onlar üçün belə biz amnistiya nəzərdə tuturuq, bunu eşitdiririk", – Prezident İlham Əliyevin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev "Reuters"ə deyib.

Sentyabrın 22-də Azərbaycan və Qarabağ ermənilərinin təmsilçilərinin Yevlax görüşündə ciddi nəticə əldə olunmayıb.

Paşinyan sentyabrın 22-də hökumətin iclasında deyib ki, etnik ermənilər Qarabağdan çıxmağı seçərsə, Yerevan onları qəbul edəcək, amma belə nəhəng yerdəyişmə onların Qarabağda qalması qeyri-mümkün olduqda baş verməlidir. Paşinyan yaşayış, tibb və qidalanma yerləri daxil, azı 40 min məkan hazırlandığını vurğulayıb.

  • Sentyabrın 19-da Qarabağda vəziyyət yenidən gərginləşmişdi. Rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.
  • Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Habelə paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Məlumatda bu proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəyi vurğulanır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG