Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 03:39

Polis əməkdaşı ana və uşaqlarının qətliylə bağlı ittihamlara nə cavab verdi?


9 ay öncə Bakıda ana və iki övladının qətlə yetirilməsi xəbəri çıxanda müzakirələrdə polisin də ünvanına ittihamlar səsləndi

9 ay öncə Bakıda ana və iki övladının qətlə yetirilməsi xəbəri çıxanda müzakirələrdə polisin də ünvanına ittihamlar səsləndi.

Çünki hadisə baş verən saatlarda qonşular həmin evdən səs-küy eşidib polis çağırmışdılar. Lakin gələn polislər mənzilə daxil olmadan çıxıb getmişdilər.

İddia olunurdu ki, polis mənzilə daxil olub, nə baş verdiyini aydınlaşdırsaydı, belə ağır cinayətin də qarşısını almaq mümkün olardı. Həmin polis - Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti bölüyünün əməkdaşı Ramil Hacıyev noyabrın 25-də məhkəmədə bu barədə sualları cavablandırıb.

39-yaşlı Gülnar Qaraxanova, eləcə də onun 14-yaşlı qızı Lamiyə və 11 yaşlı oğlu Ataxan Qaraxanlılar Nizami rayonu ərazisində, kirayə qaldıqları mənzildə qətlə yetirilib.

Onların qətlinə görə həbs olunan isə keçmiş məktəb direktoru və müəllim Əhəd Əliyevdir. O, baldızı və onun iki övladını tamah məqsədilə öldürüb, mənzildən ailənin ev almaq üçün topladığı pulları oğurlamaqda ittiham olunur. Əliyev isə təqsirsiz olduğunu, işgəncə nəticəsində bu cinayətin onun üzərinə atıldığını iddia edir.

“Uşaq qapının arxasından dedi ki...”

41-yaşlı Əliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Polis əməkdaşı Ramil Hacıyev hadisə günü həmin evə getməsi, mənzilə daxil olmamasının səbəbləri haqda danışıb.

O bildirib ki, sözügedən ünvanda ailə münaqişəsi zəminində səs-küy olması haqda polisə məlumat daxil olub. Ərazidə olduğuna görə həmin ünvana yollanıb. Polis əməkdaşı deyir ki, qapını döyüb, azyaşlı uşaq cavab verib, qapının bağlı olduğunu bildirib:

“Uşağa dedim ki, atana de, qapını açsın. Uşaq cavab verdi ki, atam içkilidir, yatıb, oyatsaq, bizi yenə döyəcək. Anasını çağırmasını istədim. Dedi ki, anam da gəlmir. Qapını açan olmadı. Həmin vaxt qonşular da blokda idi. Qonşulardan biri dedi ki, başıbağlı (hicablı) qadındı, ola bilsin, bu səbəbdən çıxmır. Elə bu vaxt uşaq qapının arxasından dedi ki, şikayətimiz yoxdur, gedə bilərsiniz”.

Kəndlilər: 'Narın kilosunu bizdən 5-10 qəpiyə alırlar'
Gözlə

No media source currently available

0:00 0:07:05 0:00

Hacıyevin sözlərinə görə, o, ünvana gəlməsi və orada baş verənlər haqda bölməni məlumatlandırıb. Bölmədən də Fövqəladə Hallar Nazirliyinə xəbər verilib, bağlı qapı arxasında azyaşlı uşaqların qaldığı bildirilib. FHN xilasediciləri mənzilə gedəndə polislərlə əlaqə saxlayıb, durumu öyrəniblər:

“Bildirdik ki, içəridə uşaqlar var, valideynləri də yanlarındadır, amma qapını açmırlar. Xilasedicilər dedilər ki, azyaşlının yanında valideynləri varsa, müdaxilə edə bilmərik. Onlar yoldan geri qayıtdılar”.

Polis niyə qapını sındırmayıb?

Hakimlər maraqlanıb ki, niyə polis mənzilin qapısını sındırıb içəri daxil olmayıb? Çünki cinayət işinin materiallarında iddia olunur ki, həmin vaxt içəridə olan cinayətkar uşaqları hədələyərək, onları yalan danışmağa məcbur edib.

Cavabında polis əməkdaşı bildirib ki, hər səs-küyə, ailə münaqişəsinə görə mənzilin qapısını sındırmaq olmaz. Onun sözlərinə görə, burada həm də mənzil toxunulmazlığı məsələsi ortaya çıxır.

Hacıyev vurğulayıb ki, ətrafdakı qonşular da real təhlükə görmədiklərini deyiblər:

“Biz orada olanda səs-küy də yox idi. Ona görə qapını sındırmağa ehtiyac duymadıq”.

Təqsirləndirilən Əliyev isə baldızı və onun övladlarının qətlinə aidiyyəti olmadığını deyib. O, hadisə günü baldızıgilin evində olmasını isə belə izah edib:

“Orada cəmi 7-8 dəqiqə olmuşam. Gülnardan bank kartının (kimin bank kartını nəzərdə tutduğunu aydınlaşdırmır – red.) onda olub-olmadığını soruşmaq üçün getmişdim...”

Hadisənin ertəsi günü...

Prokuror isə bildirib ki, təqsirləndirilən Əliyev hadisənin ertəsi gün özünə yeni telefon alıb, evinin kirayə pulunu ödəyib.

Məhkəmədə məlum olub ki, istintaq dövründə lentə alınmış videogörüntülərdə kəsilmələr var. Hakim bunun səbəbini araşdırmaq üçün bu işin istintaqını aparmış müstəntiqi məhkəməyə çağıracaq.

Təqsirləndirilən Əhəd Əliyev əvvəllər müəllim, Saatlı rayonunda 7 il məktəb direktoru işləyib. Cinayət işinin materiallarında iddia olunur ki, Əliyev bu ailənin ev almaq istədiyini, mənzildə 25 min manata qədər pul olduğunu bilib.

O, Gülnar Qaraxanova və ailəsinin Bakıda kirayə qaldığı mənzilə gəlib. Öncə baldızını bıçaqlayaraq qətlə yetirib. Uşaqlar hadisənin şahidi olduğuna görə onları da öldürüb. Evdə olan pulu da aparıb.

“Bu adamla bağlı heç vaxt inanmazdım”

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində Gülnar Qaraxanovanın həyat yoldaşı, uşaqların atası Fəsahət Qaraxanov iştirak edir. Beynəlxalq yükdaşıma ilə məşğul olan Qaraxanov yük avtomobillərini idarə edir. Hadisə günü – 20 fevral 2022-ci ildə də o, evdə olmayıb, işiylə əlaqədar Rusiyada olub.

Qaraxanov deyir ki, bacanağının belə bir cinayət törətməsinə inanmazdı. Onun sözlərinə görə, hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının ilkin ehtimalı belə olub ki, ana və uşaqlarını öldürən ailəni tanıyan şəxs və ya şəxslər olub.

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

Zərərçəkmiş bildirib ki, həmin vaxt bu versiyanı qəbul etməyib, yaxın adamların belə bir əməl törətməsini istisna edib:

“Bu adamla bağlı heç vaxt inanmazdım. Çünki müəllim, məktəb direktoru olub, Kərbəlaya gedib-gəlib...”

Zərərçəkmiş əlavə edib ki, Əliyevin həyat yoldaşı bir müddət öncə ondan yalanlarına görə ayrılmışdı.

Əliyevə ittiham verilən maddədə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG