Keçid linkləri

2024, 23 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:20

Psixiatrlar uşaqlardan sosial medianı soruşsun


Uşaqlar internet-kafedə
Uşaqlar internet-kafedə

Psixiatrlar mental sağlamlıq problemləri olan uşaqlardan internetdə nə qədər vaxt keçirdiklərini, sosial mediadan nə üçün istifadə etdiklərini soruşmalıdırlar.

Britaniyanın Kral Psixiatriya Kolleci bildirir ki, texnologiya haqda suallar müayinənin rutin hissəsinə çevrilməlidir. Qurum internetdə keçirilən vaxtın insanın əhvalına, yuxu, qidalanma və davranışına təsirindən narahatlıq ifadə edib.

Kollec bundan başqa bildirib ki, Britaniya hökuməti sosial media şirkətlərini tənzimləməklə bağlı planlarını ortaya qoymalıdır.

Aparılan tədqiqatların nəticələri internetdə keçirilən vaxt və zərərli kontentin zəif mental sağlamlıqla əlaqəli olduğunu ehtimal etməyə əsas verir.

Kollec bu ilin sonunda texnologiyadan istifadənin uşaqların mental sağlamlığına təsiri haqda mövqeyini xüsusi hesabatda açıqlamağı planlaşdırır. Hesabatda valideynlər, uşaqlar və həkimlər üçün tövsiyələr də nəzərdə tutulub.

Tövsiyələr

Psixiatrlara uşaqların müayinəsi zamanı bir sıra məqamlara diqqət yetirmək tövsiyə olunur:

Özəlliklə mövcud psixi xəstəliyə təsir göstərə bilən zərərli kontent. Bura özünə xəsarət yetirmə və qidalanma pozğunluqlarını təbliğ edən görüntülər də daxildir;

Texnologiyadan istifadənin yuxu, akademik performans, pis əhval, davranış və qidalanma çətinlikləri kontekstində nə dərəcədə problemli olması;

Depressiya, yaxud qidalanma pozğunluqları kimi halların uşaqları internetdə çox uzun vaxt keçirməsinə, yaxud texnologiyadan özlərinə zərər vuracaq şəkildə istifadəsinə səbəb olması.

Kral Psixiatriya Kolleci uşaqların yatmağa getməzdən azı bir saat öncə və yemək zamanı texnologiyadan istifadəni dayandırmasını tövsiyə edir.

Bu yaxınlarda Britaniyada bir qrup millət vəkili sosial media şirkətlərinin gəlirlərinə vergi qoyulmasına çağırıb. Onlar bu şirkətlərin «onlayn vəhşi Qərb»də fəaliyyət göstərdiyini deyirlər. Millət vəkilləri həmçinin hesab edirlər ki, bu şirkətlər texnologiyadan istifadə ilə psixi xəstəliklər arasındakı əlaqə ilə bağlı tədqiqatları maliyyələşdirməlidir.

Hökumətin bu məsələləri tənzimləmək üçün müstəqil qurum yaradacağı gözlənilir. Bu qurumun işi sosial media şirkətlərini «qayğı vergisi» ödəməsinə təhkim etmək olacaq.

Bu məsələ internetdə qrafik kontent, o cümlədən intihar və özünə xəsarət məzmunlu materiallarla bağlı narahatlığın artması kontekstində qabardılıb.

2017-ci ildə intihar etmiş 14 yaşlı Molly Russell-in atası deyib ki, Instaqram qızının qətlinə «kömək edib».

Arıqlamağa həvəsləndirən saytlar

Kral Psixiatriya Kollecinin uşaq və yeniyetmələr kafedrasının rəhbəri doktor Bernadka Dubicka-nın sözlərinə görə, sosial media və texnologiya gənclərin psixi xəstəliklərinin əsas səbəbi olmasa da, onların həyatının mühüm hissəsini təşkil edir və müəyyən hallarda zərərli ola bilər.

«…Mən müntəzəm olaraq internetdə özünə xəsarət üsullarını müzakirə etdikdən sonra qəsdən özünə zərər vurmuş gəncləri görürəm», – deyən doktor hesab edir ki, gənclərin bir-birinin özünə xəsarət hərəkətlərini təkrarlaması çox yayğındır. İnternetdə auditoriyanın çox böyük olması isə bu problemi daha da ciddiləşdirir.

«Biz bundan başqa, bəzi gənclərin zərərli kontent tövsiyələri ilə qarşılaşdığını görürük», - Dubicka söyləyir. Onun sözlərinə görə, bu qəbildən olan kontentin arasında uşaqları arıqlamağa həvəsləndirən saytlar da var, bircə baxışdan sonra uşaqları özlərinə xəsarət yetirməyə vadar edən linklər də.

Uşaq və gənclərin psixi sağlamlığı sahəsində çalışan «Young Minds» təşkilatının rəhbəri Emma Thomas deyir: «Bizim işlədiyimiz gənclər nadir hallarda sosial medianın psixi pozuntuya səbəb olduğunu deyirlər. Ancaq onun artıq onlara əziyyət verən problemləri daha da ağırlaşdırdığını, qorxunu artırdığını, özlərini başqa insanlarla müqayisə edərək daha pis hiss etmələrinə yol açdığını deyirlər».

XS
SM
MD
LG