Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:33

'Nardaran işi': 'Qonaq otağında xəncər, yataq otağında 2 qumbara var idi'


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

“Özü dedi ki, qonaq və yataq otağında nəsə var. Qonaq otağında xəncər var idi, yataq otağındakı siyirmədən də 2 qumbara, 10 ədəd patron və çağırışlar olan 3 ədəd kitabçanı özü bizə verdi, qablaşdırdıq”.

İlahiyyatçı Taleh Bağırov və daha 17 nəfərin məhkəməsində ən qalmaqallı iclaslardan biri DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımovun dindirildiyi iclas olmuşdu. Çünki Bağırov və digərlərinin iddiasına görə, idarədə onlara ən çox işgəncə verənlərdən biri bu adam olub. Hərçənd, Kazımov işgəncə iddialarını rədd edirdi.

Buna da bax:​ Nardaran məhbusunun qardaşı saxlanıb

Həmin İbrahim Kazımov aprelin 16-da yenə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib - bu dəfə Nardaran hadisələrindən sonra həbs olunan üçüncü qrupun işində. Bu qrupda ilahiyyatçı Zülfüqar Mikayılov və daha 11 nəfər məhkəmə önünə çıxarılıb.

“RAZILAŞDIRILDI Kİ, SƏNƏDƏ QOL ÇƏKMƏLİYƏM”

İbrahim Kazımov deyib ki, təqsirləndirilən şəxslərdən Faiq Allahverdiyevin evindən silah-sursat tapıblar: "Samur sərhəd-keçid məntəqəsinin əməkdaşları bir nəfəri saxlayıb idarəyə gətirdilər. Həmin şəxs etiraf etdi ki, evində silah-sursat var. Üç nəfər İdarənin əməkdaşı və iki nəfər hal şahidi ilə birlikdə evinə getdik, ərizə yazdı ki, evində axtarış aparılmasına etiraz etmir. Evə girdik, heç kim yox idi, evdə qumbara və “trotil şaşkası” aşkar edildi. Sənədləşdirdik və İdarəyə gəlib protokollaşdırdıq”.

Buna da bax: Nardaran işi: 'Qarışıqlıqda bir dəyənək, bir də əl qandalımı itirdim'

Kazımov vəkillərin suallarının bir çoxuna "xatırlamıram" cavabını verib və bunu o hadisədən sonra çox əməliyyat iştirak etməsiylə əsaslandırıb. O, həmçinin əməliyyat zamanı videoçəkiliş aparıldığını söyləyib.

Faiq Allahverdiyev isə deyir ki, iş materiallarında bəhs olunan silahları evinə "bandotdel" əməkdaşları qoyub, özləri də götürüblər: "Belə razılaşdırıldı ki, məndə silah olması haqda sənədə qol çəkməliyəm”.

Kazımov deyir, əməliyyat 30-40 dəqiqə çəkib, F. Allahverdiyev isə cəmi 3-5 dəqiqəyə məsələni həll elədiklərini bildirir.

"Heç nədən xəbərim yoxdur, niyə mənə o qədər maddə qoymusunuz? İnşallah, Siratda görüşəcəyik”, – Allahverdiyev Kazımova belə deyib.

Buna da bax:​ 'Cavan oğlansan, üzə durmağı sənə yaraşdırmıram...'

“ÖZÜ DEDİ Kİ, NƏSƏ VAR”

BMCMİ-nin digər əməkdaşları Mehman Teymurov, Kamil Məmmədov da dindiriliblər. Onların ifadələri ümumilikdə Kazımovun dediklərinə uyğun olub.

Mehman Teymurov da Faiq Allahverdiyevin evindəki əməliyyatda iştirak etdiyini deyir.

Kamil Məmmədov isə başqa bir təqsirləndirilən Mehman Quliyevin saxlanılmasından danışıb: "Mənə əməliyyat məlumatı daxil olmuşdu, əməliyyat qrupu yaradıldı, qrupa mən rəhbərlik edirdim. Getdik Nardarana, 1 dekabr 2015-ci ildə Quliyevin evinin qarşısında əməliyyat mövqeyi seçdik. O, darvazadan çıxanda saxladıq. Razılıq ərizəsini alıb, axtarış üçün evinə getdik, özü dedi ki, qonaq və yataq otağında nəsə var. Qonaq otağında xəncər var idi, yataq otağındakı siyirmədən də 2 qumbara, 10 ədəd patron və çağırışlar olan 3 ədəd kitabçanı özü bizə verdi, qablaşdırdıq, İdarədə protokollaşdırdıq".

Buna da bax:​ 'Nardaran işi-3': Təqsirləndirilənlərin yaxınları zaldan çıxarıldı

Mehman Quliyev isə polisin söylədiklərinin həqiqətə uyğun olmadığını bildirib. Quliyev evinə 3 yox, 15 nəfərin gəldiyini, həmin şəxslərin mülki geyimdə yox, xüsusi geyimdə və maskada olduqlarını, onların evinin qapısını təpiklə sındırıb açdıqlarını deyib. O, atasının da saxlanıldığını, lakin sonradan onu buraxdıqlarını əlavə edib.

TƏQSİRLƏNDİRİLƏNİN VƏSATƏTLƏRİ TƏMİN OLUNMAYIB

Məhkəmədə həmçinin təqsirləndirilən Ruzi İsmayılov ötən məhkəmə iclaslarında dindirilmiş Gəncə Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Rasim Qurbanov (İsmayılov və digərləri həbs olunanda şöbənin rəisi idi-red.) və Oqtay Orucov haqqında cinayət işinin başlanması üçün Baş Prokurorluğa müraciət olunması barədə vəsatət verib. Vəsatət Qurbanovun təqsirləndirilənlər Ruzi İsmayılov, Mübariz İbrahimov və Ramil Seyfullayev Gəncədə saxlanıldıqdan sonra onlara fiziki və mənəvi işgəncələr verməsi, məhkəmədə təqsirləndirilən şəxsləri təhqir etməsi, onlarla aqressiv danışması, Oqtay Orucovun məhkəmədə yalan ifadə verməsi ilə əsaslandırılıb.

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti baxılmamış saxlayıb.

Buna da bax: 'Nardaran işi-3': 'Nə fikirləşdilərsə, paltarlarımı zorla çıxarmağa başladılar'

Ruzi İsmayılovun ikinci vəsatəti Rasim Qurbanov və Oqtay Orucov barəsində məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi barədə olub. İsmayılov vəsatəti həmin şəxslərin məhkəmədə ifadə verərkən qeyri-normal hərəkətlər etmələri ilə əsaslandırıb.

Məhkəmə mayın 1-də davam edəcək.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax:​ 'Gəncə Baş Polis idarəsində dedilər şalvarını aşağı çəkib...'

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG