Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:44

'Qadınlar öz yerini bilməlidir' deyən Kadırov qadın haqlarını necə qoruyacaq?



Çeçenistanda qadınların “maraqlarını” gözardı etməmək üçün kişi sayının daha çox olduğu qrup yaradılır. Tənqidçilər bunu, sadəcə, tamaşa sayırlar.

“Qadınlar öz yerini bilməlidir” ifadəsini işlədən Ramzan Kadırovun hökuməti onların problemlərini çözməkdən ötrü ayrıca rəsmi şura yaradıb. Şuranın 7 kişi və 1 qadın üzvü var. O qadın da Kadırovun qızı, Baş nazirin müavini Ayşat Kadırovadır.

TASS dövlət agentliyi xoş məqsəddən soraq verir?

Çeçen insan haqları fəalları bu addımı, sadəcə, şou sayırlar.

Oktyabrın 1-də yaradılan şuranın vəzifəsi Rusiyanın 2023-2030-cu illər üçün qadınların maraqları üzrə milli fəaliyyət strategiyasını gerçəkləşdirməkdir. TASS dövlət xəbər agentliyi bildirir ki, milli strategiyanın məqsədi qadınların sağlamlığı və sosial rifahını yüksəltmək, ölkənin “sosial-iqtisadi inkişafında” və ictimai işlərdə onların rolunu artırmaqdır.


Hökumət bununla bağlı, az qala, heç bir bilgi vermədiyindən, Çeçenistandakı şuranın bu missiyanı necə yerinə yetirəcəyi aydın deyil.

İnsan haqları fəalları bildirirlər ki, Rusiya prezidenti Vladimir Putin 2007-ci ildə Kadırovu Çeçenistan lideri təyin edəndən bəri qadınların durumu daha da pisləşib.


Beynəlxalq ictimaiyyətin tənqidlərini rədd edən Kadırov:

- çoxarvadlılığın leqallaşdırılmasını təklif edib;

- qadınların ərləri tərəfindən sözlü və fiziki təhqirlərə məruz qalmasına göz yumub;

- bir hökumət rəsmisinin qızının məişət zorakılığı sığınacağından oğurlanmasına icazə verib;

- qadınlara məcburi geyim qaydası tətbiq edib;

- lesbian və biseksual qadınlara qarşı qəddar dözümsüzlüyə başçılıq edib və s.


“20 illik Kadırov idarəçiliyi dövründə minlərlə belə hal olub. [Hökumət] rəhbərləri də bunda iştirak ediblər. İndi birdən-birə onlar [qadınlara] kömək etmək qərarına gəliblər?”, - çeçen insan haqları fəalı, hazırda Avropada yaşayan Zaynap Qaşayevanın sözləridir.

Şura üzvləri kimlərdir?

Şuraya üzv təyin edilən yüksək vəzifəli hökumət rəsmilərinin heç biri heç vaxt açıq şəkildə Kadırovun siyasətinə qarşı çıxmayıb. Kadırov 2004-cü ildə atası qətlə yetirildikdən sonra Çeçenistanın baş nazirinin müavini təyin edilib.


Kadırovun kürəkəni Adam Alxanov şuranın sədridir. O, təzəlikcə səhiyyə naziri də təyin edilib. Şuranın iki digər üzvü – bədən tərbiyəsi, idman və gənclər siyasəti naziri İsa Ibragimov və təhsil naziri Xoj-Baudi Daayevsə Kadırovun nisbətən uzaq qohumlarıdır.


Ötən ilin martında İbragimov gecə vaxtı canlı yayım açan və ya sosial media işlədən çeçen qadınları həbslə hədələyib. “Instagram”da çeçen dilində yayılan həmin video indi artıq silinib.


Daayevsə geyim və toylar məsələsinə “baxıb”.
O, gəncləri ənənəvi çeçen kişi geyiminin detallarını qadın geyiminə tətbiq etməməyə, “biabırçı icadlardan” yararlanmamağa çağırıb.


Daayev hökumət nümayəndələrini toylara göndərərək, ənənəvi olmayan geyim bişimlərinə, yaxud “qeyri-məqbul rəqs hərəkətlərinin” olmamasına nəzarət etmələrini tapşırıb.


Əmək naziri Usman Başirov və müavini Tamerlan İbakov, Milli siyasət, xarici əlaqələr, informasiya və mətbuat naziri Axmed Dudayev və Səhiyyə naziri Suleyman Lorsanov şuranın digər üzvləridir.

Dudayev insan haqları fəallarını Xalimat Taramovanı oğurlamaqda suçlayıb. Ərinin fiziki zorakılığından canını qurtarmaq üçün qonşu Dağıstana qaçan Çeçenistan sakini Taramova zorla geri qaytarılmışdı.

24 yaşlı Ayşat Kadırova bu yaxınlarda baş nazirin sonsial məsələlər üzrə müavini təyin edilib. Qaşayeva və onun kimi mühacirətdə yaşayan müxalif siyasətçi Ruslan Kutayev deyirlər ki, Kadırova böyük ehtimalla şuranın işinə nəzarət edəcək.

Əvvəllər qırmızı xətt idi, indi…

Çeçenistan qadınları bir çətinliklə də üzləşirlər. Onların ərləri və ya kişi qohumları siyasi baxışlarına görə həbs edilirlər. Bu, əvvəllər tabu olub, çünki geniş yayılmış ənənəyə görə, qadın kişinin himayəsi altındadır.

“15-20 il öncə qafqazlıların qadını siyasi baxışlarına görə həbs etdiyi məhkəmə prosesini düşünmək belə mümkün deyildi”, - 2004-cü ildə Moskvada bir ticarət mərkəzinə hücum etməyi planlaşdırmaqda suçlanaraq, 7 ilini həbsdə keçirən Zara Murtazaliyeva belə deyir. Əslində, heç bir hücum baş verməmişdi. Bəzi insan haqları fəalları ona qarşı irəli sürülən bu ittihamın saxta olduğunu deyirlər.

Çeçenistandakı siyasi məhbus qadınların dəqiq sayı bilinmir. Ancaq Murtazaliyeva iddia edir ki, onların sayı ictimaiyyətin bildiyindən xeyli çoxdur.

Oktyabrın 5-də Avropa Parlamenti Çeçenistanı belə hallardan birinə görə qınayıb. Zarema Musayeva insan haqları müdafiəçisi Abubakar Yanqulbayevin və müxalifət üzvləri Ibrahim və Baysanqur Yanqulbayevin anasıdır. Kadırov onları terrorçiluqda suçlayaraq, “məhv etməklə” hədələyib. Ötən ilin yanvarında Musayevanı çeçen polisi və təhlükəsizlik işçiləri Rusiyanın Nijni Novqorod şəhərində tutub Çeçenistana gətirmiş və həbsxanaya salmışdı. Bu ilin iyulunda ona dövlət rəsmisinə qarşı zorakılıq və fırıldaqçılıq ittihamları ilə 5 il həbs cəzası kəsilib.

Tənqidçilər şuranın bu kimi məsələlərlə məşğul olmayacağını deyirlər. Qashayeva deyir ki, Çeçenistanda qadınların üzləşdiyi real problemlər şura üzvlərinə maraqlı deyil.

“Yalnız fərdi fəallar qalıb”

Digər ekspertlər kimi, Çerkasov da Şimali Qafqaz qadınlarının passiv qurban olmasına dair geniş yayılmış stereotipə diqqət çəkib.

O deyib ki, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində baş verən Çeçen savaşları zamanı insan haqlarının müdafiəsi, əsasən, qadınlardan asılı idi. Rusiya qoşunları onları potensial döyüşçü kimi görmədiyindən, onlar yürüşlər keçirə bilirdilər.


Zorakılığa məruz qalan qadın və uşaqlara kömək edən keçmiş “Sintem” mərkəzinin adının çəkilməsini istəməyən fəalı deyir ki, Çeçenistanda arıtq heç bir insan haqları təşkilatı qalmayıb. Onun sözlərinə görə, belə qurumların bəziləri 2020-ci ildə xarici agent qanununun qəbulundan sonra, bəziləri isə özlərinə və ailə üzvlərinə qarşı təhdid və zorakılıq üzündən bağlanıb.

“Yalnız fərdi fəallar qalıb”, - deyə o əlavə edib.

Kutayev deyir ki, bu ortamda çeçen qadınların doğrudan da onları kefinə görə davranan hökumət nümayəndələrindən qoruya biləcək təşkilata ehtiyacı var. Ancaq “məmurların yaratdığı qurum onları məmurların hərəkətlərindən müdafiə edə bilməz. Paradoks bundan ibarətdir”, - yenə onun sözləridir.

(Bu yazı Azadlıq Radiosunun Kavkaz.Realii saytında Elizabeth Bowen və İzabella Yevloyeva tərəfindən hazırlanıb)

XS
SM
MD
LG