Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:14

Bakıda yük maşınlarıyla yolu bağlayan şirkət rəhbərinə 6 il həbs cəzası verilib


Sahibkar: '20 dollarlıq 'dozvol'u bəzən 1000 dollara alırıq'
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Sahibkar: '20 dollarlıq 'dozvol'u bəzən 1000 dollara alırıq'

İki il öncə fevralın 17-də Bakıda – Heydər Əliyev prospektində yük maşınlarıyla yolu qapadıb etiraz aksiyası keçirəndən sonra həbs edilən "R Group Azerbaijan" yükdaşıma şirkətinin rəhbəri Rəmiş Cəfərova 6 il həbs cəzası kəsilib. Onun Bakı Ağır Cinayətlər Məhkəməsində iki ildən çoxdur sürən mühakiməsi sentyabrın 23-də yekunlaşıb.

Etiraz aksiyası üzündən ona Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) maddəsi ilə ittiham verilib. İddia edilir ki, yolun bağlanması nəticəsində tıxac yaranıb, nəqliyyatın hərəkəti iflic olub.

R.Cəfərova yükdaşıma ilə əlaqədar külli miqdarda dələduzluq ittihamı da verilib. Cinayət işinin materiallarında iddia olunur ki, R.Cəfərov pomidor, limon kimi məhsullardan ibarət yüklərin vaxtında və təhlükəsiz daşınmasıyla bağlı öhdəliklərə əməl etməyib. İttihama görə, yüklərin gedib çatmaması və məhsulların zay olması nəticəsində beş sahibkara 100 min dollardan çox zərər dəyib. Məsələn, Belarus vətəndaşı Yuri Qnoyanikin 37 min dollar ziyana düşdüyü iddia edilir.

Şirkət rəhbərinin atasına da həbs cəzası verilib

R.Cəfərovun özüylə yanaşı, atası Zəkrəm Cəfərov da cinayət məsuliyyətinə cəlb olunsa da, həbs edilməyib, iki ildən çox sürən məhkəmə prosesinə də evdən gəlib gedib. Sentyabrın 23-də çıxarılan hökmdə məhkəmə onu da, oğlu kimi, dələduzluq və saxta sənədlərdən istifadə ittihamlarıyla təqsirli bilib, ancaq yaşını nəzərə alaraq Z.Cəfərova 5 il şərti cəza verib.

Cəfərovlar ittihamları qəbul etməyərək məhkəmədəki ifadələrində təqsirsiz olduqlarını bildiriblər.

R.Cəfərovun fikrincə, cəzalandırılmasının əsas səbəbi etiraz aksiyası keçirməsidir.

Daşımaçılıqla bağlı ittihama gəlincə, o deyib ki, bəzi hallarda yükün göndərilən ünvana çatmamasının günahkarı özü deyil. Məsələn, Türkiyədən Moskvaya göndərilmiş pomidoru Rusiya tərəfi qəbul etməyib, daşınan pomidorda xəstəlik olduğu əsas gətirilərək geri qaytarılıb. Hətta belə pomidoru Rusiyaya gətirdiyinə görə şirkət də cərimələnib. R.Cəfərov geri qaytarılan və zay olan məhsula görə məsuliyyət daşımadığını bildirib.

Astara rayonundan Rusiyaya daşınan limona gəlincə, R.Cəfərov bildirib ki, o bu məsələdə də öhdəliyə tam əməl edib. Yük sənədlərdə adı göstərilən şəxsdən təhvil alınaraq sənəddə adı olan başqa bir şəxsə təhvil verilib. Onun sözlərinə görə, indi bu məsələdə ondan pul tələb edənlər kənar şəxslərdir.

R.Cəfərov etiraz aksiyasında tutularkən atası mediaya qaramaskalı şəxslərin evlərinə hücum etməsi, oğlunu döyə-döyə aparması barədə bilgi vermişdi.

Xatırlatma

2022-ci il fevralın 17-də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin icazə sənədlərini verməməsinə etiraz olaraq "R Group Azerbaijan" yükdaşıma şirkətinin sürücüləri yolu bağlamış və etiraz aksiyası keçirmişdi. Etirazçı sürücülərdən üçünə o zaman inzibati qaydada 30 sutka həbs cəzası verilsə də, şirkətin rəhbəri Rəmiş Cəfərov haqqında cinayət işi başladılmışdı.

Aksiyadan sonra Dövlət Avtomobil Nəqliyyatı Xidməti açıqlama yayaraq Cəfərovun özünü ittiham etmişdi: "Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər. "İcazə" blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurur. Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub".

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Cəfərovların evinə qaramaskalıların hücumu, R.Cəfərova qarşı zor tətbiq olunması haqda iddiaları təkzib edib.

XS
SM
MD
LG