Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:50

Britaniya Putinin uşaq müvəkkilinin BMT-də çıxışını bloklayıb


Haaqa məhkəməsi Lvova-Belovanın barəsində də prezident Vladimir Putin kimi həbs orderi verib
Haaqa məhkəməsi Lvova-Belovanın barəsində də prezident Vladimir Putin kimi həbs orderi verib

Britaniya BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasının internet yayımını bloklayıb.

Rusiya tərəfindən aprelin 5-ə çağırılmış bu iclasda Ukrayna məsələsi müzakirə olunmalı və tədbirdə Rusiyanın uşaq haqları ombudsmanı – Mariya Lvova-Belova virtual çıxış etməli idi.

Haaqa məhkəməsi Lvova-Belovanı Ukraynadan uşaqların zorla Rusiyaya aparılmasında ittiham edir və onun barəsində də prezident Vladimir Putin kimi həbs orderi verilib.

Britaniyanın BMT-dəki nümayəndəliyinin bəyanatında deyilir:

"Ona dezinformasiya yayması üçün BMT platforması verilməməlidir. Əgər o öz hərəkətlərinə görə cavab vermək istəyirsə, bunu Haaqada etməlidir”.

Reuters agentliyi yazır ki, sözü gedən iclasın internetlə translyasiyasına Təhlükəsizlik Şurasının üzvləri razılıq vermişdilər.

Lakin bu razılıq veriləndə Rusiya tərəfi burada Lvova-Belovanın çıxış edəcəyini bildirdirməmişdi.

Başqa sözlərlə Rusiya nümayəndəliyi xanım Lvova-Belovanın çıxışı üçün TŞ üzvlərindən razılıq almamışdı.

Britaniyanın BMT-dəki diplomatik missiyasının Twitter hesabında bu barədə məlumat verilib:

“Rusiya sabah Ukrayna uşaqlarının Ukraynadan Rusiyaya “evakuasiyası” barədə BMT-nin qeyri-rəsmi iclasını çağırıb. Rusiya burada çıxış üçün Mariya Lvova-Belovanı dəvət edib. Ötən ay BCM (Beynəlxalq Cinayət Məhkəməsi) onun həbsinə order verib. Birləşmiş Krallığın səfiri bu tədbirə qatılmayacaq”.

Moskvanın reaksiyası

BMT Təhlükəsizlik Şurasının sözü gedən iclası aprelin 5-ə təyin edilib.

Belə tədbirlərdə kiminsə çıxış etməsi üçün BMT TŞ-nin bütün üzvlərinin razılığı tələb olunur.

Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski Twitter-də yazıb ki, Rusiya da bundan sonra “Britaniyanın senzura müddəasına” əsaslanaraq BMT-nin buna bənzər iclaslarının translyasiyasını bloklayacaq.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya isə deyib ki, aprelin 5-də keçirilməli olan qeyri-rəsmi iclas bir ay bundan əvvəl planlaşdırılmışdı və onda hələ BCM Putin və Lvova-Belovanın həbsinə order verməmişdi.

Putinin uşaq müvəkkili

Mariya Lvova-Belova uşaq haqları üzrə müvəkkil vəzifəsinə 2021-ci ildə təyin edilib.

O bundan əvvəl Rusiya parlamentinin üst palatası – Federasiya Şurasında Penza vilayətini təmsil edirdi və Putinin yaratdığı “Ümumrusiya xalq cəbhəsi” hərəkatının Penza şöbəsinin rəhbərlərindən biri idi.

Lvova-Belovanın əri keşişdir. Özünün beş uşağı olan Lvova-Belova Mariupoldan bir uşağı övladlığa götürüb.

38 yaşlı Lvova-Belova ötən ilin fevralında Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hərbi müdaxiləsi başlanandan bəri ukraynalı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən çıxarılmasına və onların Rusiyaya “inteqrasiya” olunmasına rəhbərlik edir.

Yalnız Çin və Eritreya

Kreml iddia edir ki, Ukraynanın işğal olunmuş ərazilərindən on minlərlə uşaq onların öz təhlükəsizliyinə görə “təxliyə” edilib.

Bu məsələ hazırda Cenevrədə BMT İnsan Haqları Şurasında müzakirə olunan əsas mövzudur.

Şura Rusiyanın Ukraynadan uşaqları deportasiya etməsinin guya onların müharibədən qorunması üçün edildiyinə dair izahatına şübhə ilə yanaşıb.

BMT İnsan Haqları Şurası aprelin 4-də Rusiyadan Ukrayna uşaqlarına çıxış verilməsini tələb edib.

Şura Moskvadan Ukrayna mülkilərinin qanunsuz deportasiyasının dayandırılmasını tələb edən qətnamə qəbul edib.

Bu qətnamə 28 leyhinə, 17 bitərəf və iki əleyhinə olmaqla qəbul edilib.

Qətnamənin əleyhinə olan iki ölkə Çin və Eritreyadır.

XS
SM
MD
LG