Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:55

Rusiyada kosmodromu tikən şirkətin rəhbəri evində ölü tapılıb


Dmitry Savin (solda) Vostoçnı kosmodromunda, 2015-ci il
Dmitry Savin (solda) Vostoçnı kosmodromunda, 2015-ci il

Rusiyanın tikintisi tez-tez gecikdirilən və adı korrupsiyada hallandırılan yeni kosmodromunun inşasında iştirak edən şirkətin keçmiş direktor müavininin başında güllə yeri olan meyiti tapılıb. Media xəbərlərində onun intihar etdiyinə dair ehtimallar yer alır.

54 yaşlı Dmitry Savinin meyiti yanvarın 27-də Moskva yaxınlığındakı mülkünün həyətində aşkar edilib.

Savinin başında güllə yeri var və ona məxsus tapança meyitin yaxınlığında tapılıb. Hüquq-mühafizə orqanları silahın kimə məxsus olduğunu müəyyənləşdirməyib.

Savin Dalspetsstroi tikinti şirkətinin keçmiş direktor müavini idi. Bu şirkət Çinlə sərhəddəki Amur vilayətində tikilən Vostoçnı kosmodrumunun əsas podratçısıdır.

O vəzifəsini 2015-ci ilin martında, fəhlələrin ödənməyən maaşlarına görə tətilindən və hökumət bu qurğunun tikintisinin ləngidilməsini tənqid edəndən sonra tərk etmişdi. Vostoçnı kosmodromu Rusiyanın Qazaxıstandakı Baykonur kosmodromundan asılılığını azaltmalıdır.

O vaxt baş nazirin müavini olan Dmitry Rogozin Facebook-da yazmışdı ki, o, maaş ödənməsində yaranmış fasilələri gizlətdiyinə görə Savinin vəzifəsindən çıxarılmasını rica edib.

İndi Rusiyanın Roskosmos kosmik agentliyinə rəhbərlik edən Rogozin o vaxt bunu da iddia edirdi ki, Savin sözü gedən kosmodromda arvadı üçün yüksək və sərfəli vəzifə təşkil edib.

Vostoçnı kosmodromunun tikintisi dəfələrlə gecikdirilib və burada korrupsiyaya aid dəlillərin aşkarlandığı xəbər verilib.

Maraqlıdır ki, sözü gedən vəzifədə Savinin yerini tutmuş Yury Volkodav da hazırda vəzifəsindən sui-istifadə ittihamı ilə həbsxanadadır.

Savinin bu vəzifədə xələfi olmuş Yury Khrizman da mənimsəmə və başqa cinayətlərə görə 2018-ci ilin fevralında 12 il müddətinə azadlıqdan məhrum olunub.

Vostoçnı kosmodromundan ilk uçuş texniki nasazlığa görə bir gün gecikməklə 2016-cı ilin aprelində həyata keçirilmişdi. O vaxt sözü gedən gecikmə start mərasimində iştirak edən prezident Vladimir Putini qəzəbləndirmişdi.

Start uğurlu olmuş, lakin orbitə çıxarılan peyklərdən biri az sonra funksiyasını dayandırmışdı.

İndiyədək Vostoçnıdan üç uğurlu raket buraxılışı olub.

XS
SM
MD
LG