Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:28

Rusiyanın hər gün işləyən qəbirstanlığı


Bakuskaya yaxınlığında qəbirstanlıq
Bakuskaya yaxınlığında qəbirstanlıq

Rusiyanın cənubunda Wagner muzdlu döyüşçülərinin qəbirstanlığı günbəgün böyüyür və bu qrupun Ukraynada verdiyi itkilərin son dərəcə ağır olduğunu göstərir.

AzadlıqRadiosu Rus xidmətinin bölgədə çəkdiyi videolar və müsahibələrdən məlum olur ki, təkcə fevral ayında bu qəbirstanlıqda 300-dən çox döyüşçü dəfn edilib.

Qəbirstanlığın böyüməsi Rusiya qüvvələrinin Ukraynanın şərqində apardığı intensiv və qanlı döyüşlərlə də eyni vaxta təsadüf edir. Bu hücum əməliyyatlarında əsas rolu məhz vaqnerçilər oynayır.

Ukraynada hazırda 50 min Wagner döyüşçüsünün olduğuna inanılır. ABŞ hökumətinin hesablamalarına görə bunlardan təxminən 10 mini artıq həlak olub.

Bu döyüşçülərin böyük əksəriyyəti Rusiya həbsxanalarından səfərbər edilmiş məhbuslardır. Onlara sağ qalacaqları təqdirdə məhkumluqlarının ləğv ediləcəyi vəd olunub.

Rusiyanın “Dəmir Barmaqlıqlar Arxasında” adlı insan haqları qrupu bildirir ki, Vladimir Putinin yaxın oliqarxlarından Yevgeni Priqojinə məsxus bu özəl hərbi şirkət indiyədək 40 min məhkum səfərbər edib. ABŞ hökuməti isə bildirir ki, Wagner qrupu döyüşçülərinin 90 faizi məhkumlardır.

AzadlıqRadiosu yazır ki, Bakuskaya qəsəbəsi yaxınlığında yerləşən qəbirstanlıqda həm çox sayda yenicə qazılmış məzarların sayı artmaqda, həm də kremasiya olunan döyüşçülərin külü üçün tikilmiş divar uzanmaqda davam edir.

Pravoslav xaçı, İslam ayparası

Qəbirlərin əksəriyyətinin başında pravoslav xaçı, bəzilərində isə İslamı təmsil edən ayparalar var.

Bir çox məzarların üzərinə standart əklillər və məzar sahibinin orden və medalları qoyulub.

Sahibini gözləyən məzar
Sahibini gözləyən məzar

Məzarların əklil və başqa atributları təntənədən xəbər versə də, yerli sakinlər burada heç bir dəfn mərasiminin keçirilmədiyini bildirirlər.

Bakuskaya sakinlərindən Andrey deyir:

"Onlar burda günə 16 qəbir qazırlar...Onlar burda gecə-gündüz dəfn edirlər. Bunlar kəndin və ya qonşu kəndin qəbirstanlıqlarına sığmadıqlarına görə, Wagner döyüşçüləri üçün ayrıca qəbirstanlıq yeri veriblər”.

AzadlıqRadisounun qəbir xaçlarındakı adları və tarixləri məhkəmə məlumatları ilə tutuşdurması göstərib ki, ölənlərin böyük əksəriyyəti ağır cinayətlər üçün məhkum edilənlərdir.

Rusiyanın Şimali Qafqaz regionunda yerləşən Krasnodar vilayətində Wagner döyüşçüləri üçün kiçik kilsə və ya kapella da tikilib.

Kapella və məzar divarı
Kapella və məzar divarı

“Ölüm batalyonları”

Bu qəbirstanlıq barədə aylardır ki, şayiələr dolaşmaqdaydı. Məzarlıq barədə ilk xəbəri yerli fəal, Rusiya hərbi hava qüvvələrinin keçmiş zabiti Vitali Votanovski vermişdi.

Bu xəbərlərin ardınca Priqojinin özü də məzarlığa baş çəkib və qəbirlərin üstünə əklillər düzüb.

Kreml və hətta Priqojinin özü bir vaxtlar daha çox kölgədə qalan Wagner qrupu ilə hər hansı əlaqələrini danırdılar.

Lakin Ukraynada müharibə başlayandan həm əslində qanunsuz özəl şirkətin, həm də onun təsisçisi olduğu deyilən Priqojinin ictimailəşməsi və təbliğ olunması geniş vüsət alıb.

Wagner bundan əvvəl Suriya, Liviya və Mərkəzi Afrika Respublikasında əməliyyatlar keçirib.

2022-ci ilin fevral ayından qrupun populyarlığı daha da artıb. Bu, ilk növbədə Ukraynanın Mariupol kimi şəhərlərinin ələ keçirilməsində vaqnerçilərin rolu ilə bağlı idi.

Bu qrupun üzvləri həm də ağır itkilərinə baxmayaraq Ukrayna qüvvələri ilə kəllə-kəlləyə döyüşdüklərinə görə ad çıxarıblar.

Onlar buna görə də Ukraynanın şərqindəku Soledar və Baxmut şəhərləri uğrunda döyüşlərdə çox ağır itkilərə məruz qalıblar.

Məhz bu xüsusiyyətinə görə keçmiş FTX zabiti, 2014-cü ildə Ukraynanın şərqində başlamış separatçı hərəkata başçılıq etmiş İqor Girkin Wagner birləşmələrini “ölüm batalyonları” adlandırır və bildirir ki, müharibələri belə batalyonlarla udmurlar.

Döyüş ayaması “Strelkov” olan Girkinin özü də hərbi cinayətlərin törədilməsində və hətta Malayiziya hava yolları şirkətinə məxsus sərnişin təyyarəsinin vurulmasında iştirak etməkdə şübhəli bilinir.

Anasını öldürən döyüşçü

Wagner qrupu döyüşçülərinin əksəriyyəti 35-50 yaşlarında olanlardır. Onların çoxunun yaşları fərqli olsa da, əksəriyyətini birləşdirən ümumi cəhət zorakı kriminal keçmişləridir.

Məhkəmə sənədlərindən məlum olur ki, 46 yaşlı Sankt-peterburqlu Sergey Marinko sərxoş vəziyyətdə tanışına arxadan bıçaq zərbəsi endirdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu qəbirstanlıqda dəfn olunmuş 47 yaşlı, Moldova doğumlu Filaret Qamuryak bir neçə nəfəri qətlə yetirməkdə və qətlə qəsddə ittiham olunaraq 10 il iş almışdı. Məhkəmə sənədlərindən bəlli olur ki, o bir qadına 10 bıçaq zərbəsi vurub.

Məzarındakı yazılardan Aleksandr Korxalyovun yanvarın 14-də Ukraynada həlak olduğu bilinir. Ona aid məhkəmə sənədlərindən onun anasını öldürdüyünə görə 12 il müddətinə azadlıqdan məhrum edildiyi görünür. O bunu anası ona öz pensiyasından siqaret pulu vermədiyinə görə etmişdi.

Sənədlərdə qeyd olunur ki, o cinayətin ardınca dostları ilə içdikdən sonra evə qayıdanda anası hələ də sağ imiş. Amma Aleksandr təcili yardım çağırmayıb.

Vaqnerçilərin əksəriyyəti Bakuskayadakı xüsusi qəbirstanlıqda dəfn olunsalar da, onlardan bəzilərinin meyitləri dəfn üçün doğma şəhər və kəndlərinə göndərilir. Bu hallarda bəzən yerli sakinlərin narazılığı zəminində insidentlər baş verir.

Vaqnerçilər Soledarda
Vaqnerçilər Soledarda

Qatillərin qəhrəmana çevrilməsi

Bu insidentlərdən biri də bu yaxınlarda cənub-şərqi Sibirdəki Çita yaxınlığında yerləşən Jireken kəndində baş verib.

Jirekenli, 23 yaşlı Nikita Kasatkin məhkumluğunun ləğv olunması ümidi ilə Wagner şirkətinə üzv olmuşdu. Lakin o Ukraynada gedən döyüşlərdən birində həlak olandan sonra dəfn edilmək üçün doğma kəndinə gətirilib.

Məhkəmə sənədlərindən məlum olur ki, Kasatkin bir yerli qadını qətlə yetirdiyinə görə 2020-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilibmiş. O cəzasının heç iki ilini də çəkməmiş vaqnerçilərə qoşulmuşdu.

Cinayətkar keçmişinə görə bir çox kənd sakinləri Kasatkin üçün kənd icmasında yas mərasiminin keçirilməsinə qarşı çıxıblar. Buna baxmayaraq bir qrup jirekenli Kasatkinin təntənəli dəfn olunması üçün kənd icra başçısına müraciət edib.

Yerli sakinlər bildirirlər ki, bu insident kəndi ikiyə parçalayıb. Jirekenin icra başçısı Alyona Koqodeyeva bu barədə deyib:

"Bu qətl ikicə il bundan əvvəl baş verib. Yerlilərin bir çoxu narazıdırlar. Onlar soruşurlar: “Bundan sonra qatilləri qəhrəmanmı edəcəyik?””.

AzadlıqRadiosu yazır ki, belə hadisələr bütün Rusiya boyunca baş verir. Bu yaxınlarda Priqojinin özü sosial media postlarından birində Ukraynada həlak olmuş vaqnerçinin valideynlərinə meyitin doğma Kamışlov şəhərində dəfninə icazə verilməməsi baradə qəzəblə yazmışdı:

"Təəssüf ki, mən həmin şəhər merinin bu düşmən hərəkətindən indi xəbər tutmuşam. Biz bu əclaflığına görə onunla haqq-hesab çəkəcəyik. Biz onun uşaqlarının burnundan tutub Ukrayna müharibəsinə gətirəcəyik”.

XS
SM
MD
LG