Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:53

'MTN işi'ndə İranla bağlı transmilli cinayətkarlıq ittihamları müzakirə edilir


"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.
"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.

MTN-in Baş Əks-kəşfiyyat İdarəsinin rəisi olmuş polkovnik Mirəziz Əsgərov deyir ki, onu ictimaiyyətin basqılarına görə həbs ediblər. İstintaq orqanı araşdırma aparmadan həbsinə qərar verib.

"Həmin dövrdə ictimaiyyətin MTN işləri ilə bağlı güclü basqıları var idi. Təzyiq nəticəsində heç bir araşdırma aparılmadan mənə qarşı belə nəticəyə gəliblər", – MTN polkovniki aprelin 14-də məhkəməsində belə deyib.

Buna da bax:​ Həbsdə olan MTN polkovniki: 'Təcridxanada 4 dəqiqə ölmüşdüm...'

“100 MİN İSTƏYİB, 40 MİN ALIB”

Mirəziz Əsgərov Vidadi Əzizov adlı sahibkarı İran və başqa dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlayaraq həbs edib, hədə-qorxu yoluyla ondan 500 min manat alandan sonra azadlığa buraxmaqda təqsirləndirilir. İttihama görə, Vidadi Əzizov buraxılandan sonra da ondan əl çəkməyib, sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb edib, amma sonucda 40 min manat alıb.

Məhkəmədə prokuror Vüqar Quliyev bu ittihamı elan edəndən sonra MTN polkovniki yazılanların əsassız olduğunu, özünü qətiyyən təqsirli bilmədiyini söyləyib: "İstintaq sübutları düzgün araşdırmayıb".

Buna da bax: Həbsdəki MTN polkovniki insult keçirib

Vidadi Əzizov isə bunun əksini deyir, qanunsuz həbs olunduğunu, yarım milyon pul alınandan sonra buraxıldığını bildirir. Zərərçəkmiş məhkəmədə polkovnikə qarşı mülki iddia da qaldırıb, pulun geri qaytarılmasını tələb edib. Məhkəmə iddianı icraata götürüb.

PULLAR HARDAN ƏLDƏ EDİLİB?

Mirəziz Əsgərovun vəkili Fazil Nəhmətov isə bu cinayət işinin yenidən araşdırılması üçün prokurorluğa qaytarılması haqda vəsatət qaldırıb. Müdafiəçi iddia edir ki, müstəntiq faktları saxtalaşdırıb, Mirəziz Əsgərovun xeyrinə olan subutlar nəzərə alınmayıb. Vəkil deyir ki, istintaq zərərçəkmişin polkovnikə verildiyi iddia olunan pulları haradan əldə etdiyini niyə araşdırmayıb? Fazil Nəhmətovun sözlərinə görə, Vidadi Əzizovun barəsində ayrıca cinayət işi var, amma bu məsələyə də diqqət yetirilməyib: "İşdə olan ciddi qanun pozuntularını nəzərə alaraq, cinayət işinin prokurorluğa qaytarılmasını xahiş edirik".

Buna da bax:​ 'MTN işi'ndə MSK-nın sədr müavininin də adı hallanır

Məhkəmə vəsatəti təmin etməyib.

MTN polkovnikinin daha bir vəkili Əlimərdan Sadıqovdur. O, zərərçəkmişin 2012-ci ildə həbsi, onun barəsindəki əməliyyat-istintaq sənədlərinin məhkəməyə təqdim edilməsini istəyib. Vəkil deyir ki, Vidadi Əzizovun telefonunun dinlənməsi üçün ciddi əsaslar olub:

"Vidadi Əzizovun xarici kəşfiyyatla əlaqələrinin yoxlanılması üçün 6 ay əməliyyat tədbirləri keçirilib, 300 səhifədən çox siqnal materialları toplanıb. Həmin materiallar Mirəziz Əsgərovun işinə əvvəl əlavə olunsa da, sonradan həmin siqnal materialları bu işdən ayrılıb, o sənədlər prokurorluqda qalıb. Həmin işin prokurorluqdan alınmasını, bu işə əlavə olunub araşdırılmasını xahiş edirəm".

Prokuror etiraz edib, deyib ki, həmin sənədlər tam məxfidir və bu məhkəmədə araşdırıla bilməz.

Buna da bax:​ «MTN işi» ilə bağlı həbs olunanların sayı 15-ə çatıb

“TƏDBİRİN POZULMASINDA MARAQLI ÖLKƏLƏR VARDI”

Ardınca Mirəziz Əsgərov ifadə verib. 1992-ci ildən MTN-də işlədiyini deyən polkovnik iddia edib ki, 2012-ci ilin fevralında zərərçəkmişin xarici ölkələrə casusluq etməsi haqda əməliyyat siqnalı daxil olub: "Onun həmin şəxslərlə hərbi texnika və digər məsələlər ətrafında danışdığını müəyyən etdik. Bu məlumatı yerində təhlil etdik və dərhal əməliyyat tədbirləri keçirdik. Həmin il ölkəmizdə böyük beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirin pozulmasında maraqlı ölkələr var idi. Biz də bunun qarşısını almağa çalışırdıq.

Vidadi Əzizovun xarici ölkə vətəndaşı ilə əlaqəsi üzə çıxandan sonra onun telefon danışıqlarının dinlənilməsinə razılıq üçün Baş Prokurorluğa müraciət etdik. Rüstəm Usubovun imzası ilə məhkəməyə təqdimat verildi və Əzizovun telefonunun dinlənilməsi haqda qərar qəbul edildi. Bundan sonra agentura əməliyyat tədbirləri həyata keçirildi. O dövrdə Quba və İsmayıllı hadisələri olmuşdu. Vidadi Əzizovun Moskvada olan bir nəfərlə telefon danışığında müəyyən etdik ki, bu hadisələrin miqyasını ölkədə genişləndirmək, Bakı və Bakıətrafı rayonlarda da törətmək üçün külli miqdarda pul göndəriləcək. Bu haqda MTN rəhbərliyinə məlumat verdik, Vidadi Əzizov tam nəzarətdə saxlanıldı".

Buna da bax:​ Elçin Behbudov MTN-in təcridxanasında saxlanan bir sıra şəxslərə baş çəkib

Polkovnikin sözlərinə görə, bu əməliyyatlara MTN-in dörd strukturu nəzarət edirdi və onun burada ciddi rolu yox idi: "Dörd strukturun keçirdiyi əməliyyata ya MTN rəhbəri, ya da onun müavinlərindən biri nəzarət edirdi".

“TORBANIN İÇİNDƏ NƏ OLDUĞUNU BİLMƏMİŞƏM”

Vidadi Əzizov iş materiallarında sahibkar kimi təqdim olunsa da, Mirəziz Əsgərov bununla razılşmır. Deyir ki, onun sahibkar olduğunu təsdiqləyən heç bir sübut yoxdur. O, Əzizovun necə həbs olunub-buraxılmasından da danışıb:

"Müəyyən etdik ki, "Zaminbank"dan Vidadi Əzizov 9 min 447 manat pul çıxaracaq. Həmçinin məlumat vardı ki, orada ona qarşı quldurluq olacaq. Bu quldurluğun qarşısını almaq üçün Vidadi Əzizovun həbs olunmasını qərara aldıq. Mən və işçim Rəşad Əhmədov bankın Nərimanov filialının qarşısına gedən zaman bizə "geri çəkil, əməliyyatı xüsusi təyinatlılar keçirəcək" komandası verildi. Biz filialın qarşısında olanda onlar artıq əməliyyatı keçirmişdi, Vidadi Əzizovu həbs eləmişdilər. MTN-də xüsusi təyinatlıların əlində olan sellofan torba idarə rəisi Aydın Manafovun otağına qoyuldu. Vidadi Əzizov isə mənim xidməti otağımda sorğu-sual edildi. Sorğu-sualdan sonra Aydın Manafov mənə dedi ki, MTN rəhbərinin göstərişi var, Vidadi Əzizovun sərbəst buraxılması üçün sənədləri hazırlayım. Sellofan torbanı da mənə verdi ki, Vidadi Əzizovun özünə qaytarım. Mən həmin vaxt torbaya baxmamışam, içində də nə olduğunu bilməmişəm".

Buna da bax:​ Aparat rəhbərinin 43 milyonluq mülkindən əlavə obyektləri də varmış

550 MİLYONLUQ SƏNƏD

MTN polkovniki zərərçəkmişi İranla bağlı transmilli cinayətdə də suçlayıb. Onun iddiasına görə, Əzizovun beynəlxalq şəbəkəyə qoşulub, 550 milyonluq sənədə imza atdığı barədə məlumat daxil olmuşdu. Həmin vəsait Moskvadan keçirilib, İrana aparılmalıydı. O dövrdə İran blokada vəziyyətində idi: "Bu vəsait İranda müəyyən adamlara lazım idi. Bu işin icraçılarından bir nəfər İranda həbs olunaraq edam edilib, bir nəfər Türkiyə vətəndaşı isə Amerikada həbs olunub. Bu məsələləri mən qapalı məhkəmədə geniş danışacam".

Dövlət ittihamçısının "Vidadi Əzizov dövlətə xəyanət etmişdisə, onu niyə buraxırdınız?" sualına Mirəziz Əsgərov belə cavab verib: "Vidadi Əzizov vaxtından əvvəl saxlanılmışdı. Ona dövlətə xəyanət ittihamı verilməli idi. Bu da ağır ittihamdı. Adətən dövlətə xəyanətdə suçlanan şəxsi dərhal həbs eləmirdik, bir xeyli müddət araşdırma aparırdıq. Onların arasında islah olunanlar olurdu, belələrini həbs eləmirdik. Əksinə, onları əməkdaşlığa cəlb edirdik. Yəni onlardan əvvəllər işlədiklərinə qarşı istifadə edirdik. Həkimləri, müəllimləri bu işə cəlb edə bilməzdik. Bu adamlar isə məlumatlı olurdu".

Məhkəmə aprelin 28-də davam edəcək.

XS
SM
MD
LG