Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 17:24

Dövlətə xəyanətdə suçlanan ilahiyyatçıya 17 il həbs cəza kəsildi


S.Babayev
S.Babayev

Dövlətə xəyanət ittihamı ilə iki ilə yaxındır həbsdə olan ilahiyyatçı Sərdar Babayevə 17 il həbs cəzası kəsilib. Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, ilahiyyatçı İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə olan işlər görməkdə təqsirli sayılıb.

S.Babayev bu ittihamla razılaşmır, özünü təqsirli bilmir. Dövlətə xəyanət ittihamının absurd olduğunu vurğulayan ilahiyyatçı özünü "İranla Azərbaycan arasında gərginləşən siyasi münasibətlərin qurbanı" adlandırıb. O, hökmdən öncə son sözündə də təqsirsiz olduğunu deyərək məhkəmədən bəraət istəyib. Onun sözlərinə görə, cinayət işinin materiallarında onun casusluq etməsi haqda yazılanlar yalandır.

"Həbsdə olduğu halda, o əməli necə törədə bilərdi?"

Elə vəkili Cavad Cavadov da onun təqsirsiz olduğunu deyir və məhkəmədə də ilahiyyatçı haqqında bəraət hökmü çıxarılmasını istəyib: "Sərdar Babayev 2017-2020-ci illərdə həbsdə olub. İndiki ittihamda bəzi bölümlər o dövrü əhatə edir. İnsan həbsdə olduğu halda, o əməli necə törədə bilərdi? Tamamilə əsassızdır...".

S.Babayev haqqında 6 ay çəkən məhkəmə araşdırmaları qapalı keçirilib.

Onun haqqındakı hökmdən apellyasiya şikayəti veriləcək.

50-yaşlı S.Babayev 2021-ci ilin oktyabrında Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs olunub.

Xatırlatma

O, daha öncə - 2017-2020-ci illərdə də CM-in 168-1.3.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə 3 il həbs həyatı yaşayıb. O zaman iddia olunurdu ki, S.Babayev "azan məhbusu"dur, çünki cinayət işində deyilirdi ki, o, xaricdə dini təhsil aldığından dini mərasim idarə edə bilməz.

XS
SM
MD
LG