Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:33

Ata 3 üşağını məktəbə göndərə bilmədi...


Nəzrinlə Nərgiz üçüncü, Mirəli isə birinci sinfə getməli idi...
Nəzrinlə Nərgiz üçüncü, Mirəli isə birinci sinfə getməli idi...

"Uşaqlar çox istəyirdilər ki, bu gün məktəbə getsinlər. Ancaq ehtiyac üzündən istəkləri baş tutmadı".

Şamaxının Mirikənd sakini Mikayıl İsmayılov üç övladının heç birini məktəbə göndərə bilməyib. Daha doğrusu, ata, məktəbli uşaqlarına geyim və məktəbli ləvazimatı almaqdan ötrü dişi-dırnağıyla topladığı pulu həyat yoldaşının əməliyyatı üçün rayon xəstəxanasına verib. Bu üzdən də məktəb günü yetişəndə övladlarına çanta, geyim, ayaqqabı, dəftər-qələm və başqa ləvazimatları ala bilməyib:

Buna da bax:​ Əyilmiş dirəkdən sallanıb qalan körpü qırılsa...

“GÖRDÜM, HƏYAT YOLDAŞIM HƏYATINI İTİRƏCƏK”

"Həyat yoldaşımı Şamaxı Diaqnostika Mərkəzində ödündən əməliyyat etdilər. Baş həkimə də bildirdim ki, ‘məktəbə üç uşaq göndərməliyəm, hamısını geyindirməliyəm, imkansızam’, heç olmasa, bunu nəzərə alsınlar, məndən pul tələb etməsinlər. Dedilər, ‘mümkün deyil, pulu verməsən, əməliyyat baş tutmayacaq’. Gördüm, həyat yoldaşım həyatını itirəcək, məcbur qalıb topladığım pulları qəpiyinəcən xəstəxanaya ödədim".

Hüquqşünas Vaqif Alıyev deyir, ehtiyaclı ailələrdən olan məktəblilərin məktəb geyimi və məktəb ləvazimatları ilə təmini ilə yerli icra hakimiyyətlərinin uyğun şöbələri məşğul olmalıdır:

"Buna görə icra hakimiyyətlərinə dövlət büdcəsindən "və sair xərclər" deyilən pul vəsaitləri ayrılır. Sovet vaxtı belə ailələri məktəb özü müəyyən edib, siyahı hazırlayıb uyğun dövlət təşkilatına təqdim edirdilər. İndi valideyn özü yerli icra hakimiyyətinə ərizə ilə müraciət etməlidir".

Buna da bax:​ Son qasırğa və selin fəsadlarını yaşayan kəndlər nə etsin?

“PUL YOXDUR”

Valideynlər bildirirlər ki, icra hakimiyyətləri "pul yoxdur" deyib həmin məktəbliləri geyim və məktəbli ləvazimatları ilə təmin etməyi üzərindən atır. Elə Mikayıl İsmayılov da düşünüb ki, bəlkə ona Şamaxı rayon icra hakimiyyətində kömək edərlər. Üz tutub həmin quruma. Lakin iki gündür icra hakimiyyətinin binasının qapısından içəri daxil ola bilmir ki, dərdini kiməsə desin:

"Deyirlər, ‘get qəbula yazıl, başçı vətəndaşları yalnız həftənin çərşənbə günləri qəbul edir’. Axı, bu uşaqlar məktəbə getməlidir".

AzadlıqRadiosu Şamaxı rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb. Ancaq qurumdan məsələyə aydınlıq gətirən olmayıb.

Buna da bax:​ Nəsimi sakinləri: 'Yelləncəkləri qırdılar, 'besedka'ları kürüyüb atdılar...'

Şamaxı Diaqnostika Mərkəzindən də əməliyyata görə vətəndaşdan pul alınması ilə bağlı sual cavabsız qalıb. Mərkəzdən bildirilib ki, baş həkim yerində yoxdur.

Mirikənd kənd məktəbində üç şagirdin yeri boş qalıb. Nəzrinlə Nərgiz üçüncü, Mirəli isə birinci sinfə getməlidir. Ata deyir, balaca Mirəli həyatının ilk bilik gününün dadını çıxara bilmədiyi üçün çox məyusdur...

XS
SM
MD
LG