Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 18:47

'Bravo'ya basqınla bağlı bir nəfər öldürülüb, üç nəfər tutulub


Silah
Silah

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) martın 4-də saat 12 radələrində Bakının Xətai rayonunda "Bravo" hipermarketində baş vermiş silahlı insidentlə bağlı birgə açıqlama yayıb.

Bildirilir ki, Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov Səbuhi Qurbanovun bir qrup şəxs halında quldurluqla qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah,… saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Açıqlamaya görə, Qudrətov, Məmmədov, Qurbanov məhkəmənin qərarı əsasında həbs ediliblər.

İsmayilovun isə həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün öldürüldüyü qeyd edilir.

Rəsmi iddiaya görə, İsmayılovun gizləndiyi mənzilə baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat, 20 min 100 ABŞ dolları pul, "AKS Lancaster-03" markalı odlu silah, "Makarov" və "Colt" tipli tapançalar tapılıb: "Əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovun üzərindən isə "Blow TR 92D" modelli tapança aşkar edilərək götürülüb".

Hələlik, bu açıqlamaya öldürülmüş Ruhlan İsmayılovun yaxınlarından, saxlananların özləri və vəkillərindən münasibət almaq mümkün olmayıb.

Bakıda hipermarketə silahlı basqınla bağlı əməliyyat keçirilib

Bakıda Xətai rayonundakı “Bravo” hipermarketinin girişində silahlı basqını törətməkdə şübhəli bilinən şəxslərlə bağlı əməliyyat keçirildiyi, onlardan birinin öldürüldüyü bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib. O bildirib ki, polislərin apardığı əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib:

“O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib".

Görülən tədbirlərlə onun öldürüldüyü qeyd edilir.

"Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək”, – deyə Elşad Hacıyev vurğulayıb.

Amma rəsmi açılamada adı çəkilən Ruhlan İsmayilovun yaxınlarından, hələlik, münasibət almaq mümkün olmayıb.

Cinayət işi başlanıb

Hadisə ilə bağlı DİN və Baş Prokurorlugunun daha əvvəl yaydığı məlumatda isə bildirilmişdi ki, martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib:

“Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb”.

Rəsmi açıqlamaya görə, hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub. Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürməyə cəhd, külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq, qanunsuz olaraq odlu silah əldə etmə maddələri üzrə cinayət işi başlanıb.

+++

APA agentliyinin son məlumatına görə, hücum zamanı “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev yaralanıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

--

Martın 4-də saat 12:30 radələrində Bakının Xətai rayonundakı “Bravo” hipermarketinin qarşısında inkassatorlara avtomat silahla hücum edib.

Hücum nəticəsində bir nəfər həlak olub, digəri isə yaralanıb.

Bu barədə “Turan” Agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Baş Prokurorluğun məlumatında deyilir ki, prokurorluğun müxtəlif şöbə və idarələrinin əməkdaşları yerində operativ tədbirlər keçirirlər.

Hadisənin şahidləri sosial mediada bildirirlər ki, hücum edən bankomatın yanında inkassatorlara atəş açıb. Nəticədə 1 nəfər hadisə yerində həlak olub, iki nəfərsə yaralanıb.

Məlumatda görə, basqın edən pul torbasını götürərək qaçıb.

Hüquq-mühafizə orqanları şahidləri dindirir və təqsirkarların hazırda axtarıldığı deyilir.

XS
SM
MD
LG