Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 12:23

Tərtər işgəncələrinə görə hakim önünə çıxarılan polkovnik: 'Bu oyunu təşkil edənlər dövlət içində dövlət quranlardır'


A captive man
A captive man

“Tərtər işi” üzrə istintaq yenilənəndən sonra yüzlərlə hərbçiyə qarşı işgəncələrə görə məsuliyyətə cəlb olunanlardan 4 nəfərə noyabrın 29-da hökm oxunacaq.

Söhbət Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş, polkovnik-leytenant Vüsal Ələsgərovdan, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyevdən, müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçular Ramil QarayevRüstəm Ələsgərovdan gedir.

Adı çəkilənlərin, eləcə də Tərtər işgəncələrində ittiham olunan digərlərinin işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və o məhkəmənin daha iki hakimi baxır. Məhkəmə iclasları 10 aya yaxındır Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Polkovnik Ələsgərov və onunla birlikdə mühakimə olunan şəxslərin heç biri özünü təqsirli bilmir. Onlar noyabrın 28-də məhkəmədə son sözlərini deyərkən də bəraət istəyiblər.

“Cinayətkar qrupun üzvüyəmsə, qrupun rəhbəri hanı?”

V.Ələsgərov son sözündə Tərtər hadisələrinin yuxarı dairələrin nəzarəti altında baş verdiyini bildirib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi rəhbərliyinin iştirakıyla aramsız videokonfranslar keçirilir, göstərişlər verilirdi. Təqsirləndirilən polkovnik narazıdır ki, göstəriş verənlərin heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb:

“Bizi mütəşəkkil cinayətkar dəstə kimi təqdim ediblər. Mən cinayətkar qrupun üzvüyəmsə, qrupun rəhbəri hanı? Bu oyunu təşkil eləyənlər dövlət içində dövlət quranlardır. Xüsusi səlahiyyətli 4 dövlət orqanı (Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Müdafiə Nazirliyi) bəyan eləmişdi ki, vətən xainləri aşkarlanıb. Mən kim idim onların qərarını sorğulayım?”

Hərbi qulluqçu olmuş Rüstəm Ələsgərov deyir ki, proseslərə təkcə rəhbərlik edənlər yox, bir sıra icraçılar da pulu, himayədarı olduğundan, cinayət məsuliyyətindən kənarda saxlanılıb. Əvəzində onun kimi kimsəsizlər cəzalandırılıb. O vurğulayıb ki, Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələr başlayandan sonra bir neçə gün hadisələrin cərəyan elədiyi köhnə qərargah binasının mühafizəsində iştirak edib:

“Teymur Məmmədovun yerinə mən niyə burada olmalıyam? Onun pulu var, ona görə. Eşitdiyimə görə 400 min verib, özünü kənarda saxlatdırıb, bu gün də vəzifədədir. İstintaq vaxtı mənə şəkil göstərdilər, orada əsgərə butılka ilə təcavüz olunduğu görünürdü. Bu işi görən adam kənarda saxlanılıb. Niyə?”.

Polkovnik Teymur Məmmədov Tərtərdə hərbi hissənin komandiri olub. Hazırda Qarabağ bölgəsində vəzifədədir. O, məhkəmədə şahid kimi dindirilərkən, zərərçəkmişlər də onu ittiham edib, işgəncələrdə birbaşa iştirakı olduğunu deyiblər.

Prezident Adminstrasiyasının qarşısında "Tərtər işi"nə görə aksiyaya cəhd
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

“Briqadandan 6 ölüm var, amma sənə “gözün üstə qaşın var” deyən olmayıb”

“Mənim oğluma bir çoxları işgəncə verib. Axırda Teymur Məmmədov belin taxtasıyla başından vurub öldürüb”, - mərhum hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədovanın məhkəmədə dedikləridir.

Təqsirləndirilən polkovnik V.Ələsgərov da məhkəmədə T. Məmmədovun yalan danışdığını iddia edib: “Necə olur, sənin briqadandan 6 ölüm var, amma sənə “gözün üstə qaçın var” deyən yoxdur?”.

T.Məmmədov ünvanına səslənən ittihamlarla razılaşmayıb. O, işgəncələrdə iştirakı haqda deyilənləri böhtan adlandırıb:

“Korpus komandiri mənə deyib ki, o adamları sorğuya göndərmək lazımdır, mən də göndərmişəm. Prokurorluğun da nümayəndələri orada olub. Kimə müraciət edəydim? Hərbi prokurora deyəydim ki, bunu belə eləmə, elə elə?”.

Təqsirləndirilən digər polkovnik Rəşid Niftəliyev də son sözündə vurğulayıb ki, onlara verilən ittiham əsassızdır. Onun sözlərinə görə, telefonları və digər əlaqə vasitələri araşdırılıb, amma cinayətdə iştiraklarını sübut edən heç bir fakt aşkarlanmayıb.

Son sözlər yekunlaşandan sonra hakimlər hökm çıxarmaqdan ötrü müşavirəyə gediblər.

Xatırlatma

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı indi üç qrupun məhkəməsi gedir. İki qrupun hərəsində 4 nəfər, bir qrupda isə 5 nəfər mühakimə olunur.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələriylə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. Beş nəfərlik daha bir qrup da Beyləqandakı işgəncə iddialarıyla bağlı mühakimə edilir.

2017-ci ildə “Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunaraq, dövlətə xəyanətdə suçlanıb. Onlara 20 ilədək həbs cəzası kəsilib.

Ancaq 2021-ci ilin dekabrında yenidən araşdırmalar başlanandan sonra dövlətə xəyanətdə suçlanan şəxslərdən 19 nəfərin işinə də yenidən baxılıb və onlar bəraət alıblar. Bəraət alanlar hazırda Tərtər işgəncələriylə bağlı məhkəmələrə də zərərçəkmiş qismində qatılırlar.

Hüquq müdafiəçiləri 14 nəfərin işgəncədən öldüyünü deyirlər. Ölənlərdən 5 nəfərə sonradan bəraət verilib.

XS
SM
MD
LG