Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:31

Baydenin komandası Ukraynanın əks-hücumunun uğursuz ola biləcəyindən ehtiyatlanır


Ukrayna ordusu Baxmutda
Ukrayna ordusu Baxmutda

ABŞ Prezidenti Co Bayden (Joe Biden) administrasiyası Ukraynanın əks-hücumda uğur qazanmayacağından ehtiyat edir. "Politico" nəşri yazır ki, bu halda ölkə daxilindəki tənqidçilər və xaricdəki müttəfiqlər Vaşinqtonun yanlış işə qol qoyduğu qənaətinə gələ bilər.

Rəsmi Kiyev açıqlamasa da, Ukraynanın itirdiyi əraziləri geri qaytarmaq üçün əks-hücuma keçəcəyi gözlənir. Lakin bəzi dəyərləndirmələrə görə, Ukrayna keçənilki uğurunu təkrarlaya bilməyəcək – cənub və şərqdə müəyyən irəliləyişləri olsa da, bundan uzağa getmək alınmayacaq.

Bəzi dairələrin qənaətincə, əslində Bayden komandası Ukraynaya heç də dediyi qədər dəstək vermədi – Kiyev uzaqmənzilli raketlər, döyüş təyyarələri, ümumiyyətlə, hava hücumundan müdafiə sistemi ilə təmin olunmadı. Bunu Ukrayna prezidenti Volodimir Zelenski də dilə gətirir.

Administrasiya rəsmiləri narahatdırlar ki, Ukraynanın uğursuzluğu onun Rusiyanı öz ərazisindən tamamilə çıxara bilməyəcəyi iddialarını gündəmə gətirə bilər.

Dəstək azalarsa...

Ukrayna Rusiyanın Krıma quru körpüsünü dağıtmağa ümid edirdisə, ABŞ rəsmiləri indi buna skeptik yanaşırlar, - bunu "Politico"ya dəyərləndirmə ilə tanış iki administrasiya rəsmisi deyib. Ancaq yenə də Pentaqonda Ukraynanın Rusiyanın təchizat xətlərini çətinləşdirəcəyinə ümidlər var.

"Əks-hücum gözlənildiyi kimi davam etməzsə, administrasiya ən çox ehtiyac duyulduğu anda müəyyən silahların verilməsini və yardımı əsirgədiyi üçün ancaq özünü günahkar bilməlidir", – Tramp administrasiyası dövründə Ukrayna üzrə xüsusi elçi Kurt Volker qeyd edir.

Vaşinqtondakı Atlantik Şuranın analitik mərkəzinin direktoru Klementin Starlinq (Clementine Starling) isə enerji və iqtisadi xərclərinin yüksək qalması fonunda Avropada Ukrayna müharibəsinə ictimai dəstəyin zamanla azala biləcəyi ehtimalını vurğulayır. Starlinq həmçinin, bəzi Avropa dövlətlərinin Ukraynanı təslim olmağa sövq edəcəyini də deyir.

Bayden və aparıcı müşavirləri Zelenskinin ancaq hazır olduğu halda, sülh danışıqlarına başlaya biləcəyini vurğulayırlar.

Danışıqların vaxtı çatıbmı

Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haas (Richard Haass) isə qeyd edir ki, Ukrayna döyüş meydanında qəti qələbə qazana bilmirsə, döyüşləri sülh danışıqları ilə əvəzləmək vaxtının yetişdiyini sorğulamaq lazımdır: "Bu proses kifayət qədər pul tələb edir, resurslarımız tükənir, dünyada gücümüzü yönəltməli olduğumuz başqa şeylər var. Biz artıq Ukraynanın məqsədlərinə xələl gətirmədən bu sualları verməyə başlamalıyıq".

Ayın əvvəlində prezidentin köməkçisi Andrey Sibiha "The Financial Times"a açıqlamasında bildirib ki, Ukrayna qüvvələri Krıma çatanda sülh danışıqlarına başlaya bilərlər. Lakin bu şərh dərhal Zelenskinin Krım üzrə nümayəndəsi Tamila Taşeva tərəfindən rədd edildi: Rusiya könüllü şəkildə yarımadanı tərk etməsə, Ukrayna torpaqlarını hərbi yolla azad etməyi dayandırmayacaq.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayıb. Müharibə hər iki tərəfin çox böyük itki verməsi ilə davam edir. Qərbin verdiyi dəstəyə rəğmən, yüz minlərlə əsgər həyatını itirib, olduqca böyük sayda silah-sursat sıradan çıxıb.

XS
SM
MD
LG