Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:36

Ukraynanın zərbəsindən sonra Rusiya gəmisinin 33 matrosunun itkin düşdüyü xəbər verilir


Feodosiya limanı zərbə zamanı
Feodosiya limanı zərbə zamanı

Astra teleqram kanalı öz mənbələrinə istinadla xəbər verir ki, Ukrayna silahlı qüvvələrinin ilhaq edilmiş Krımdakı Feodosiya limanında lövbərlənən “Novoçerkassk” desant gəmisinə zərbəsindən sonra azı 33 dənizçi itkin sayılır.

Teleqram kanalın məlumatına görə dekabr 26-da gəmiyə zərbə zamanı onun göyərtəsində 77 dənizçi olub.

İtkin düşənlərdən başqa daha 19 dənizçi yaralanıb. Bu məlumatlar hələki rəsmən təsdiq olunmayıb.

Zərbə zamanı gəmidə dənizçilərin olmasını habelə “Agentstvo” saytı yazmışdı. Partlayışdan əvvəl zabit və matroslardan kiminsə gəmini tərk edə bilib-bilməməsinə dair məlumat yoxdur.

“Novoçerkassk” gəmisinin ştat cədvəlinə görə heyəti 98 nəfərdir.

Çox güclü partlayış

Rusiya Müdafiə Nazirliyi partlayışın çox güclü olmasına baxmayaraq dənizçilər arasında qurbanların olub-olmamasına dair heç bir məlumat verməyib.

Gəmini məhv etmiş partlayışın gücünü, habelə onun gövdəsindən qopan metal hissələrin uzaq məsafəyə səpələnməsi nümayiş etdirib. Bu süjeti “Vesti Krım” telekanalının efirində nümayiş etdiriblər.

İlhaq edilmiş Krımın Rusiya tərəfindən təyin edilmiş başçısı Sergey Aksyonov bundan əvvəl limana hücum nəticəsində 1 nəfərin həlak olduğunu və daha 4 mülki şəxsin yaralandığını demişdi.

Dekabrın 26-da Krımdakı Feodosiya portunda bir neçə güclü partlayış baş verib.

Xəbər verilir ki, Ukraynanın bombardmançı təyyarələri portdakı “Novoçerkassk” desant gəmisinə raket zərbəsi endiriblər.

Gəmidən “heç nə qalmadığı” görünür

Gündüz saatlarında dərc olunmuş fotolarda gəmidən əslində heç nə qalmadığı görünür.

Ekspertlər bildirirlər ki, bu, raket zərbəsi zamanı gəmidə partladıyıcı yükün olması ilə bağlı ola bilər.

İlkin versiyaya görə zərbə zamanı Storm Shadow/SCALP EG raketlərindən istifadə olunub.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, “Novoçerkassk” gəmisi Ukrayna silahlı qüvvələrinin zərbəsini dəf edərkən zədələnib.

"Novoçerkassk" desant gəmisi 2016-cı ilin təlimləri zamanı
"Novoçerkassk" desant gəmisi 2016-cı ilin təlimləri zamanı

24 mart 2022-ci il tarixində bu gəmi artıq bir dəfə, işğal olunmuş Berdyansk limanında zərbəyə məruz qalmışdı.

O vaxt Krımın işğal administrasiyası “Novoçerkassk” gəmisinin 3 matrosunun dəfni barədə xəbər yaymışdı.

Feodosiya Krımın cənubunda liman şəhəridir. Ukraynanın bundan əvvəl endirdiyi zərbələrə görə Rusiyanın Sevastopolda mənzillənən Qara dəniz donanması indi Feodosiyaya köçürülüb.

XS
SM
MD
LG