Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:43

Azərbaycan xarici investisiyaların həcminə görə öyünə bilər?


Ölkəyə yatırılan hər 100 dolların sadəcə 10-15 dolları qeyri-neft sektorunda reallaşdırılıb.
Ölkəyə yatırılan hər 100 dolların sadəcə 10-15 dolları qeyri-neft sektorunda reallaşdırılıb.

Araşdırmalar "yox" cavabına əsas verir

"Son onillikdə ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar cari və gələcək dövrlərdə iqtisadi artımın mühüm amillərindən biri olub. Bu dövr ərzində ölkəyə cəlb edilmiş birbaşa xarici investisiyaların toplam həcmi 57 milyard ABŞ dolları təşkil edib". Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa" mövzusunda keçirilən tədbirdə söyləyib.

Azərbaycanda hökumət rəsmiləri tez-tez xarici investisiyaların həcminə dair belə açıqlamalar verirlər. Bəs gerçəkdə durum necədir? Azərbaycanda xarici investisiyaların həcmi öyünməyə əsas verir?

Mərkəzi Bankın xarici investisiyalarla bağlı hesabatlarından aydın olur ki, son onillikdə, yəni 2011-2020-ci illərdə Azərbaycana yatırılan toplam investisiya məbləği doğrudan da 57 milyard dollar olub. 2012-2017-ci illərdəki səviyyəyə çatmasa da, birbaşa xarici investisiyaların həcmində son 3 il ərzində nisbi artım gözə çarpır.

Cədvəl: 2011-2020-ci illərdə Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi

İl

Xarici investisiyaların həcmi (dollarla)

2020

4 milyard 528 milyon

2019

4 milyard 275 milyon

2018

4 milyard 100 milyon

2017

5 milyard 714 milyon

2016

7 milyard 423 milyon

2015

7 milyard 483 milyon

2014

8 milyard 49 milyon

2013

5 milyard 976 milyon

2012

5 milyard 382 milyon

2011

4 milyard 294 milyon

Azərbaycana birbaşa xarici investisiyaların daxil olması, əsasən, 1995-ci ildən bəri müşahidə edilib. 1995-2020-ci illərdə ölkəyə toplamda 140 milyard dollara yaxın birbaşa xarici investisiya daxil olub. Ancaq Azərbaycanda xarici investisiyalarla bağlı başlıca problemli məqam, bir çox göstəricidə olduğu kimi, neft və qeyri-neft sektoru arasında ciddi uçurumun olmasıdır. Bu illər ərzində ölkəyə daxil olan xarici investisiyaların 80-85 faizi sadəcə neft sektoru, ilə bağlı olub. Başqa deyimlə, ölkəyə yatırılan hər 100 dolların sadəcə 10-15 dolları qeyri-neft sektorunda reallaşdırılıb. Ötən ilsə xarici investisiyalarda neft sektorunun payı bir qədər də yüksələrək 87 faizə çatıb.

Cədvəl: 2011-2020-ci illərdə ölkəyə yatırılan xarici investisiyaların sektorlar üzrə bölgüsü

İl

Qeyri-neft sektorunun payı (faizlə)

Neft sektorunun payı (faizlə)

2020

13

87

2019

22

78

2018

24

76

2017

14

86

2016

23

77

2015

12

88

2014

16

84

2013

17

83

2012

20

80

2011

20

80

Borc, yoxsa xarici investisiya?

Xarici investisiyalarla bağlı maraqlı məqamlardan biri də odur ki, bu vəsaitlərin heç də hamısı xarici ölkələrin Azərbaycana yatırdığı vəsait deyil. Bu statistikada Azərbaycanın beynəlxalq valyuta qurumlarından cəlb etdiyi borc vəsaitləri də əksini tapır. Təəssüf ki, Azərbaycan statistikası qeyri-neft sektoruna yatırılan xarici maliyyə vəsaitlərinin birbaşa investisiyalar və cəlb olunmuş xarici kreditlər üzrə bölgüsünü təqdim etmir. Belə bölgü ölkəyə xarici investorların marağını, eləcə də real xarici sərmayə axınının baş verib-vermədiyini qiymətləndirmək baxımından çox önəmlidir. Axı birbaşa investisiyalar xarici investorun bilavasitə özünün Azərbaycan iqtisadiyyatına yönəltdiyi sərmayədir. Bu zaman investor prosesə birbaşa qatıldığından investisiya axınının həcmi və dinamikası ölkədəki biznes mühitindən asılı olur. Xarici kreditlərsə borc vəsaitləridir. Onları dövlətin zəmanəti ilə hökumətin özü və ya dövlət müəssisələri müxtəlif beynəlxalq maliyyə institutlarından cəlb edir. Vəsaitin mənbəyi xarici olsa da, investisiyanı dövlət həyata keçirir və müqavilədə göstərilən vaxtda borc kimi sahibinə qaytarılır.

Qeyd etməyə dəyər ki, mövcud bilgilərə və 2000-2017-ci illərdə Azərbaycana yatırılan investisiyalarla bağlı hesablamalara dayananda həmin illərdə ölkəyə daxil olan bütün xarici investisiyanın 29.2 milyard dollarının (yaxud 24.2 faizinin) Azərbaycan hökumətinin və ayrı-ayrı dövlət və yerli özəl qurumların beynəlxalq maliyyə-kredit təşkilatlarından cəlb etdiyi maliyyə kreditləri, 77.8 milyard dollarının (64.5 faizinin) birbaşa investisiyalar, 217.7 milyon. dollarının (0.2 faizinin) neft bonusu, qalan 13.4 milyard. dollarınınsa (11.1 faizinin) digər investisiyalar (əsasən, portfel investisiyalar) olduğu üzə çıxır.

Qeyri-neft sektoruna yatırılan xarici investisiyaların sahələr üzrə bölgüsünə baxdıqda da ciddi problemlər olduğu gözə çarpır. Belə ki, 2003-2019-cu illərdə həmin investisiyaların 90 faizə yaxını nəqliyyat, tikinti və kommunal xidmətləri ilə bağlı olub.

Cədvəl: 2003-2019-cu illərdə Azərbaycanda qeyri-neft sektoruna yatırılan investisiyaların sahələr üzrə bölgüsü

Sahə

Qeyri-neft investisiyaları içərisindəki payı (faizlə)

Nəqliyyat və anbar təsərrüfatı

36.5

Tikinti

26.5

Elektrik enerjisinin ötürülməsi və bölüşdürülməsi, su təchizatı, tullantıların təmizlənməsi və emalı

25.5

Emal sənayesi

5

İnformasiya və rabitə

3

Kənd təsərrüfatı

1.5

Turizm və ictimai iaşə

0.02

Digər

2

Cədvəldən də göründüyü kimi, neftdənkənar sektora aid edilən xarici investisiyaların mütləq əksəriyyəti "Azərenerji", "Azərişıq", "Azəravtoyol", "Azərbaycan Dəmir Yolları", "AZAL", "Azərsu" və digər dövlət şirkətlərinin səlahiyyət dairəsinə aid olan yol-nəqliyyat, elektrik, qaz, su təsərrüfatı kimi infrastruktur layihələrinə yönəldilib. Bu isə o deməkdir ki, həmin vəsaitlərin böyük hissəsi xarici ölkələrin Azərbaycan iqtisadiyyatına yatırdığı vəsait deyil, Azərbaycan hökumətinin bu qurumların infrastruktur layihələrinə yönəltmək üçün əldə etdiyi xarici kreditlərdən ibarətdir. Ölkədə qeyri-neft sektorunda fəaliyyət göstərən özəl şirkətlərin cəlb etdiyi xarici investisiyaların həcmi isə çox cüzi səviyyədədir.

XS
SM
MD
LG