Keçid linkləri

2024, 23 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:24

Partiyalar siyasi proseslərə xarici müdaxiləni belə görürlər...


Dəyirmi masa
Dəyirmi masa

«Əgər həqiqi, dərin, siyasi, sosial islahatlar olacaqsa, biz onu müdafiə edəcəyik. O islahatlara kimsə qarşı çıxacaqsa, biz də islahat keçirənlərin yanında olacağıq».

Bunu sentyabrın 11-də Park.INN otelində «Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı» mövzusunda keçirilən toplantıda Xalq Partiyasının sədri Pənah Hüseyn söyləyib.

P.Hüseyn daha sonra da əlavə edib: «Əgər birlik olacaqsa... kim nə deyir desin, rəhmətlik Xəlil Rza demişkən, «bizə vız gəliyor».

O vurğulayıb ki, əgər parlamentdə AXCP sədri Əli Kərimli söyülüb təhqir ediləndə burdakı deputatlar onun əleyhinə çıxsaydı, indi prezidentə və vəzifəli şəxslərə qarşı bu cur söyüşlər, təhqirlər olmazdı.

Tədbirin gedişi ilə bağlı məlumat verən Tural Abbaslı da deyir ki, təşkilatçılar əsas diqqəti son zamanlar Youtube-da hakimiyyətə qarşı yol verilən bəzi söyüş və təhqirlərlə mübarizə üzərinə cəmləyiblər.

AĞ Partiya sədri söyləyib ki, bəzi partiya təmsilçiləri də belə vəziyyət yaranmasını hakimiyyətin yürütdüyü yanlış siyasətin nəticəsi kimi dəyərləndiriblər: «Həm də vurğulandı ki, vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarılması, media azadlığının, dialoq mühitinin olmaması belə anormal vəziyyəti yaradır».

Onun sözlərinə görə, hakimiyyət təmsilçiləri isə hesab ediblər ki, bu hal antiazərbaycan qüvvələrinin təsiri nəticəsində əmələ gəlib.

F.Ağamalı
F.Ağamalı

Bir sıra müxalif partiyalar tədbirə niyə çağırılmayıb

Tədbirin təşəbbüskarlarından Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı dəyirmi masaya AXCP sədri Əli Kərimlini dəvət etməməsinin səbəbindən danışıb.

«Report»un xəbərinə görə, F.Ağamalı deyib ki, buna səbəb Ə.Kərimlinin «siyasi mühacir müxalifəti» adlandırılanların yanında olmasıdır.

«Baxın, mühacirlər ayrı-ayrı şəxsləri təhqir edirlər, Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, ReAL və digər partiyalara da cəbhə açıb. Hansı partiya istəyir ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Mənə elə gəlir ki, var», - F.Ağamalı bildirib.

N.Məmmədli
N.Məmmədli

«Hakimiyyət özü Rusiyanın müdaxiləsiylə siyasət yürüdürsə...»

AXCP Məclisinin sədri Nurəddin Məmmədli də AzadlıqRadiosuna deyib ki, onlar tədbirə dəvət edilməyiblər. Toplantıda müzakirə edilən məsələyə gəldikdə isə, N.Məmmədli iddia edib ki, Azərbaycan hakimiyyəti özü müdaxilə altında siyasət yürüdür: «Əgər hakimiyyət özü Rusiyanın müdaxiləsi ilə siyasət yürüdürsə, başqalarından nə tələb edə bilər?»,-N.Məmmədli sual edib.

AXCP Məclisinin sədri hesab edir ki, bu mövzuda tədbirin indiki halda keçirilməsi Azərbaycandan demokratiya və azadlıq istəyən dövlətləri şantaj etməkdir.

ReAL Partiyası Ali Məclisinin sədri Azər Qasımlı da tədbirə dəvət olunmadıqları ilə bağlı bunları bildirib: «Görünür, tədbirə hakimiyyətin yaxın- uzaq «peykləri» dəvət edilib. Amma ölkəyə doğrudan da ciddi müdaxilə təhlükəsi olduğu və hakimiyyətin səmimiyyətini hiss etdiyimiz halda ümummilli məsələlərin müzakirəsində iştirak edərik».

Müsavat Partiyasının başqanı Arif Hacılı isə tədbirə dəvət edilsələr də, orada iştirak etməmələrini belə izah edib: «Müsavat ümummilli məsələləri partiyalarla müzakirə etməyə daim hazırdır. Amma indiki halda müzakirəyə çıxarılan mövzu qeyri-müəyyən olduğu, tədbirin formatı bizi qane etmədiyi üçün tədbirə qatılmadıq».

+++

Bugün, sentyabrın 11-də Bakıda «Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı» mövzusunda dəyirmi masa keçirilib.

Tədbir hakimiyyətə yaxın Ana Vətən Partiyasının təşəbbüsü ilə gerçəkləşib.

Dəyirmi masada Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev iştirak edib. Habelə, tədbir iştirakçıları arasında Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, «Konstitusiya» Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də olub.

Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, dəyirmi masaya qatılmayıblar.

Azərbaycan Xalq Cəbhəsi və ReAL partiyaları isə dəvət olunmayıb.

Ə.Əhmədov
Ə.Əhmədov

YAP: «Onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir»

«İstənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd göstərirlər». «Report»un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov həmin tədbirdə söyləyib.

Ə.Əhmədov qeyd edib ki, onlar asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilərlər: «Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Bəziləri Youtube-da guya izləyicilərinin hesabına gəlir əldə edirlər. Bu, əsassızdır, araşdıra bilərsiniz… Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox».

Toplantıda müxtəlif çıxışlar dinlənib.

Daha sonra iştirakçılar adından bəyanat yayılıb. Vurğulanıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad olunması istiqamətində atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəklərini bildirirlər.

Habelə qeyd edilib ki, ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayırlar.

Bəyanat müəllifləri, eyni zamanda, vətəndaş sülhü, milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyi, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağı gərəkli sayırlar. «...Keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk», - bəyanatda yazılıb.

XS
SM
MD
LG