Tender imitasiyası…

Ölkə qanunvericiliyi dəyəri 50 min manatdan çox olan bütün iş və xidmətlərin tender vasitəsilə həyata keçirilməsini tələb edir

«Nəqliyyat Nazirliyi beynəlxalq maliyyə qurumlarının vəsaitləri hesabına həyata keçirdiyi yol tikintisi layihələrində tender proseduralarına riayət edir. Çünki bunu beynəlxalq qurumlar tələb edir. Onların şərtlərinə görə, maliyyə yardımı ayıranın şərtlərinə uyğun satınalmalar aparılmalıdır. Ancaq dövlət büdcəsi hesabına aparılan satınalmalar zamanı bunu müşahidə edə bilmirik».

«Turan» İnformasiya Agentliyinin iqtisadçı eksperti Hafiz Babayev «Azadlıq» radiosuna belə deyir. Onun sözlərinə görə, son bir neçə ildə həm Bakıda, həm də bölgələrdə aparılan yol tikintisi üzrə elan edilən tenderlərlə bağlı heç bir informasiya almaq mümkün deyil. Ölkə qanunvericiliyi isə dəyəri 50 min manatdan çox olan bütün iş və xidmətlərin tender vasitəsilə həyata keçirilməsini tələb edir.

Qanuna görə, tender elanı rəsmi mətbuatda dərc edilməlidir. İqtisadçı Rövşən Ağayev deyir ki, bu qaydaya əməl edilir. Amma tender elanının çap edilməsi heç də o demək deyil ki, tender özü açıq, şəffaf keçirilir. Qanunvericiliyin tələbləri sırasında tenderi udan şirkətin adının tender elanı dərc edilən qəzetdə açıqlanması da var. Rövşən Ağayev isə deyir ki, Azərbaycanda qanunun bu tələbinə əməl edilmir:

«Tender prosesi Dövlət Satınalmaları Agentliyinin içərisində gedir. Beynəlxalq praktikaya görə, tenderi o şirkət udmalıdır ki, o təklif olunan iş və ya xidməti daha ucuz qiymətə, daha qısa müddətə, daha keyfiyyətli görür. Ancaq bu gün Azərbaycanda tender prosesinin içərisində nələrin baş verdiyini öyrənə bilmirik. Çünki tenderə adətən məmurların himayə etdiyi şirkətlər buraxılır. Tender elan edilməmiş onun nəticələri artıq bəlli olur. Azərbaycanda hər şeyin imitasiyası olduğu kimi, tender müsabiqəsini də imitasiya edirlər. Biz bu sahəyə faktiki nəzarət edə bilmirik».

Bu yaxınlarda Qətərin «əl-Cəzirə» telekanalı Azərbaycanla bağlı reportajında ölkənin iri şirkətlərini yüksək rütbəli dövlət məmurlarının himayə etməsilə bağlı xəbər yaymışdı. Yerli qaynaqlara istinad edən telekanal xəbər verirdi ki, Azərbaycanda tikinti sahəsi üzrə bir neçə böyük layihəni gerçəkləşdirən «ZQAN» şirkəti Nəqliyyat naziri Ziya Məmmədovun himayəsindədir. İndiyə qədər Nəqliyyat Nazirliyi bu xəbərlə bağlı təkzib yaymayıb.

Rövşən Ağayev də iddia edir ki, körpü-yol tikintisi üzrə tenderlərə bir qayda olaraq məmurların himayəsində olan şirkətlər buraxılır. Bir məmurun himayəsində olan 10-15 şirkət tenderə qatılır, sonra onlardan biri belə demək mümkünsə, tenderin qalibi elan olunur.

Nəqliyyat Nazirliyi isə tenderlərin qanunvericiliyə uyğun keçirildiyini bildirir. Nazirlikdən «Turan»a verilən məlumata görə, yol-körpü tikintisi üzrə tenderlər elan edilən zaman bir neçə təcrübəli şirkətə müraciət edilir, qiymətlər alınır, şirkətlərin texniki ixtisaslaşma dərəcəsi öyrənilir, sonra onlardan biri seçilir. Ekspert Hafiz Babayev isə deyir ki, tenderlərin keçirilməsində şəffaflığın əldə edilməsi üçün bu sahəyə həm dövlət, həm də ictimai nəzarət gücləndirilməlidir:

«Gələn il də bu sahəyə Nəqliyyat Nazirliyinin verdiyi xəbərə görə, 1,5 milyard manat ayrılıb. Həm ictimaiyyət, həm Maliyyə Nazirliyi, həm də Hesablama Palatası bu sahəyə diqqəti artırmalıdır. Satınalma proseduraları həyata keçirilərkən, podratçılar seçilərkən dövlət vəsaitinə həssaslıqla yanaşılmalıdır. Çünki dövlət büdcəsindəki hər 1 manatda Azərbaycan vətəndaşının alın təri var».