Hüquqşünaslar polisi məhkəməyə verdilər

Yaşar Əliyev

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev ilə vəkil Yalçın İmanov Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevi və Yasamal Rayon Polis İdarəsini məhkəməyə veriblər.

Bu barədə məlumatı AzadlıqRadiosuna İntiqam Əliyev verib.

Hüquqşünas bildirir ki, 17 aprel aksiyasından sonra Yasamal rayon Polis İdarəsində saxlanan bir qrup adamla görüşmək istəyiblər. Ancaq buna nail ola bilməyiblər.

İ. Əliyev deyir ki, polis işçiləri onlara öz hüquqlarını həyata keçirməyə imkan verməyib. Üstəlik, idarənin qarşısında gözləyən zaman binadan çıxan Bakı şəhər Polis İdarəsinin rəis müavini Yaşar Əliyev onların kənarlaşmasını tələb edib. İ. Əliyev deyir ki, bu olmayınca isə hüquqşünasların ünvanına «polis adına layiq olmayan ifadələr» işlədib. Polis işçiləri hüquqşünasları itələyə-itələyə Polis İdarəsinin qarşısından uzaqlaşdırıblar.

Hüquqşünaslar cavabdehlərin fiziki zor tətbiq etməsini onların ləyaqətini alçaldan rəftar kimi və peşə fəaliyyətinə əsassız müdaxilə kimi qiymətləndirirlər.

Yasamal Rayon Məhkəməsinə üz tutan hüquqşünaslar cavabdehlərin onlardan üzr istəməsini və vurulan ziyanın əvəzi kimi 1 AZN cərimələnməsini istəyirlər.