Türkiyənin ən böyük həmkarlar təşkilatı 1 saatlıq tətil keçirib

Hökumət hər hansı addım atmasa, tətillər bütün Türkiyəni əhatə edə bilər

Türkiyənin ən böyük həmkarlar ittifaqı olan Türk-İş təşkilatının 241 min üzvü iyulun 7-də qanundan irəli gələn haqlarından istifadə edərək işə 1 saat gec başlayıblar. Təşkilat bu addımı hökumətin fəhlələrin maaşını lazımi qədər artırmamasına etiraz əlaməti olaraq atıb.

Hökumətlə Türk-İş arasında bir müddətdir ki, davam edən maaş artımı müzakirələrində razılıq əldə edilməməsindən sonra baş nazir Ərdoğan fəhlələrin tətil etməkdə sərbəst olduqlarını bildirmişdi. Türk-İş sədri Mustafa Kumlu 7 iyulda 1 saatlıq tətil edəcəklərini, hökumətin bu xəbərdarlıqdan nəticə çıxarmaması halında isə daha uzun müddətli tətil aksiyalarını keçirəcəklərini açıqlamışdı.

Türk-İş təşkilatının ilk aksiyasının maaş artımına təsiri olmazsa, ölkənin digər böyük həmkarlar təşkilatları olan DİSK, KESK və Hak-İŞ də tətilə gedəcəklərini açıqlayıblar.