Terrorda ölənlərin sayı 39-a çatdı

Moskva metrosunun «Lubyanka» və «Park kultırı» stansiyalarında martın 29-u törədilmiş terror aktlarında ölənlərin sayı 39-a çatıb. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanalarda 71 nəfər yaralı var. Onların arasında ağır vəziyyətdə olanlar da var.

Rusiya prezidenti Dmitri Medvedev «Lubyanka» stansiyasına baş çəkərək terror qurbanlarının xatirəsini anıb. O bildirib ki, terrorçuların hamısı tapılıb məhv ediləcək.

Bu arada beynəlxalq ictimaiyyət Moskva metrosunda törədilən qanlı terror aktlarını pisləyib. ABŞ prezidenti Barak Obamanın bəyanatında deyilir ki, zorakı ekstremizmə və dəhşətli terror aktlarına qarşı mübarizədə Amerika xalqı rus xalqı ilə birlikdədir.

Avropa Birliyi də terrorçuluğun bütün formalarına qarşı mübarizədə Rusiya rəhbərliyinin göstərdiyi səyləri dəstəklədiyini açıqlayıb.

NATO beynəlxalq terrorla mübarizədə Rusiya ilə əməkdaşlıq etməyə qərarlı olduğunu bildirib.