Hollandiya seçkilərinin əsas mövzusu: İslam və mühacirlər

Azadlıq Partiyasının lideri Geert Vilders səs verir, 9 iyun 2010

HEÇ KƏS QALİB GƏLƏ BİLMƏYƏCƏYİ SEÇKİLƏR

İyunun 9-da Hollandiyada keçirilən parlament seçkilərində 18 partiya iştirak edir. Amma onlardan heç birinin qələbə qazanmaq şansı yoxdur. Daha doğrusu, təkbaşına qələbə qazanmaq.

Hətta 3 və ya 4 partiyadan ibarət koalisiyanın yaradılması ehtimalı daha real görünür. Amma elə Hollandiyadakı siyasi şərhçilərin fikrincə, bu da alınan məsələyə oxşamır. Çünki daha çox səs yığa biləcək 3-4 partiyanın yarısı sağçılar, yarısı da solçular ola bilər. Yəni, bunların bir araya gəlib koalisiya yaratması inandırıcı görünmür.

Elə bu seçkidə daha çox səs qazanmaq şansı olduğu güman edilən Azadlıq və Demokratiya Uğurunda Xalq Partiyasının - sağ mərkəzçi liberalların sədri Mark Rutte özü də səs verəndən sonra konkret iki partiyayla koalisiya girməyəcəklərini bəyan edib.

Mark Rutte: «Biz heç bir partiyanı çıxdaş eləmək istəmirik, amma eyni zamanda mənim partiyamla leyboristlər və Azadlıq Partiyası arasında kəskin fakir ayrılıqları var».

Mark Ruttenin bu cür açıqlma verməsi təsadüfi deyil. Çünki, onun partiyası məhz böhran şəraitində qənaət tədbirləri təklifiylə dəstək qazanır. Onlar Avropa Birliyinə üzvlük haqqını azatmaq, hökuməti kiçiltmək və izafi xərcləri kəsmək kimi tədbirləri müdafiə edirlər. Solçular- leyboristlər buna qarşıdır.

Amma Ruttenin adını çəkdiyi digər sağçı partiya – Azadlıq Partiyası ilə fikir ayrılıqları iqtisadi tədbirlər üzündən deyil.

ANTİ-İSLAM TƏBLİĞATI APARAN VİLDERSİN ŞANSLARI ARTIR

Seçkiöncəsi keçirilən son rəy sorğularına görə, çox səs yığmaq ehtimalı olan partiyalardan biri də Azadlıq Partiyasıdır. Amma onların seçki şüarı ölkənin islamlaşmasının qarşısını almaq, imiqrantlara qarşı sərt qanunlar qəbul etməkdir. Bu partiya iddia edir ki, guya ki, böhran şəraitində islamçıları ölkədən çıxartmaq və təzə imiqrantları buraxmamaqla daha çox qənaət etmək olar.

Partiya iddia edir ki, böhran şəraitində islamçıları ölkədən çıxartmaq və təzə imiqrantları buraxmamaqla daha çox qənaət etmək olar
Partiyanın rəhbəri də islamı terroru yayan din kimi göstərən sənədli filmi – «Fitnə»ni çəkərək ad qazanan Geert Vildersdir.

Vildersin partiyasının mandatlarının sayını 2 dəfə artıraraq 18 deputat yeri qazanması gözlənilir. Amma iyunun 9-da səsvermə hüququndan istifadə edəndən sonra Vildersin daha iddialı olduğunu gizlətməyib:

«Ümid edirəm ki, seçkinin nəticələri bizim üçün əla olacaq. Və bizə imkan verəcək ki, hökuməti ya təkbaşına, ya da koalisiya partnyoru kimi formalaşdırmaq hüququ əldə edək, Hollandiya üçün xeyirli dəyişikliklər edək».

İQTİDARIN UDUZACAĞI SEÇKİLƏR

Bu seçkinin qalibi bəlli olmasa da, uduzanın kimliyi aydındır. Sonuncu rəy sorğularına görə, iqtidardakı Xristian Demokratlar parlamentdəki yerlərin azı yarısını itirəcəklər. Çünki elə mövcud koalisiyanın dağılmasının səbəbi kimi Xristian Demokratların Əfqanıstandakı müharibədə iştirakıyla bağlı mövqeyi və maliyyə böhranı başlanandan xəzinənin boşalması göstərilir.

AZƏRBAYCANLILAR İSƏ…

O ki qaldı, Hollandiyada yaşayan azərbyacanlılaların seçiminə, Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusibov bu seçkilərdə seçki komissiyasında çalışır. Onun sözlərinə görə, anti-islam təbliğatı aparan Vildersin daha çox yer qazaması mümkündür. Amma bu, Hollandiyada doğrudan da Vildersin təkliflərinin həyata keçəcəyi mənasını verməyəcək. Çünki, Vilderslə heç bir qüvvə koalisiyaya girmək istəmir, üstəlik, gəlmələrə və fərqli dinlərə qarşı tolerant olan hollandlar onun təkliflərini dəstəkləməzlər.