Soros insan haqları təşkilatına 100 milyon dollarlıq qrantını izah edir

Corc Soros

100 milyon dollar – bu məbləğdə pulu tanınmış maliyyəçi Corc Soros «Human Rights Watch» beynəlxalq insan haqlarını müdafiə təşkilatına verəcək. Təşkilatın icraçı direktoru Kenneth Roth ümid edir ki, Sorosun göstərdiyi bu nümunə başqa xeyriyyəçilərin də insan haqları ideallarına yardımlar vermələrinə səbəb olacaq.

Corc Sors özü də bildirib ki, qarşıdakı 10 ildə «Human Rights Watch» üçün verəcəyi bu qrant həm də təşkilat qarşısında başqa vəzifələr qoyur. Belə ki, Soros «Human Rights Watch»dan qarşıdakı on ildə öz büdcəsini başqa mənbələr hesabına daha 100 milyon dollar artırmalıdır. Həm də Nyu Yorkda yerləşən bu təşkilat həmin pulları daha çox ABŞ-dan kənardan tapmalıdır.

ONLAR BU MƏBLƏĞİ TAPMALIDIRLAR

80 yaşlı Soros sentyabrın 7-də Nyu Yorkdakı ofisindən «Reuters» agentliyinə müsahibəsində qərarını belə izah edib:

- Bu qarşıdakı 10 ildə hər il 10 milyon dollar deməkdir. Ümid edirəm ki, onlar başqa mənbələrdən də ilə daha 10 milyon dollar tapacaqlar. Bunun üçün onlar başqa ölkələrdə də cəhdlərini gücləndirəcəklər. Artıq onların Avropada, Latın Amerikasında, Asiyada çox güclü ofisləri var. Onlar bu məbləği tapmalıdırlar.

Corc Soros ABŞ-da Demokrat Partiyasının ən sadiq tərəfdarlarındandır. O hesab edir ki, «Human Rights Watch» maliyyələşməsini əsasən ABŞ-dan təmin etdiyindən, bu, onun ən zəif tərəfinə çevrilib. Onun fikrincə, prezident Corc Buşun zamanında onun terrorda şübhəlilərə qarşı addımları ABŞ-ın dünyanın müxtəlif yerlərində mənəvi nüfuzunu itirməsinə səbəb olub.

SOROS TƏŞKİLATIN HƏFTƏLİK GÖRÜŞLƏRİNƏ DƏ QATILACAQ

Soros əlavə edib ki, o, 100 milyon dollar hədiyyə verməkdən savayı, 1980-ci illərdə olduğu kimi təşkilatın həftəlik görüşlərinə də qatılacaq:

- Hər şeydən əvvəl bu mənim olduqca bağlı olduğum dəyərlərlə əlaqədardır. İkincisi də mən bu təşkilatı çox yaxşı tanıyıram. Mən onun fəaliyyətinin effektivliyinin artırılmasına fayda verə
Corc Soros «Forbes» jurnalının siyahısında dünyanın ən varlı 35-ci adamıdır
bilərəm.

Dünyanın müxtəlif ölkələrində 300 nəfərə qədər işçisi olan «Human Rights Watch» 90 ölkədə insan haqları pozuntularına dair hesabatlar hazırlayır.

Təşkilatdan bildirib ki, Sorosun verdiyi bu pul hesabına Afrika və Asiya ölkələrində məlumatların toplanması ilə bağlı kəskin çatışmazlıqları aradan qaldıra biləcəklər.

Təşkilat həmçinin müxtəlif ölkələrdə araşdırmalar aparılması üçün yeni işçilər cəlb etməyi, yerli hökumətlər və media ilə münasibətləri daha da təkmilləşdirməyi düşünür.

Macarıstan əslli Corc Soros «Forbes» jurnalının siyahısında dünyanın ən varlı 35-ci adamıdır. Onun sərvəti 14 milyard dollar miqdarında güman edilir. Soros dünyanın müxtəlif ölkələrində - o cümlədən də Azərbaycanda fəaliyyət göstərən özünün Açıq Cəmiyyət Fonduna indiyə qədər 8 milyard dollar xərcləyib.

«Human Rights Watch» Azərbaycanda da insan haqları sahəsində vəziyyəti yaxından izləyib hesabatlar yayır. Təşkilatın 2009-cu ilə aid sonuncu hesabatında qeyd olunur ki, hesabat ili Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum, iqtidarın jurnalistlərə qarşı hücumları, dini etiqad haqdakı qanuna məhdudlaşdırıcı müddəaların əlavəsi, polis və cəzaçəkmə məntəqələrində işgəncə halları, kobud rəftar, hüquq müdafiəçilərinin sıxışdırılması halları ilə yadda qalıb.

Bundan savayı təşkilat jurnalistlərin həbsi, təzyiqlərə məruz qalması, həbsə olanların azad edilməsi ilə bağlı da tez-tez Azərbaycan hökumətinə müraciətlər göndərir.