Azərbaycan QHT-ləti Avropa Şurasına məktub göndərib

Azərbaycanın bir qrup hüquq-müdafiə təşkilatlarının rəhbərləri Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edib.

Müraciətdə Azərbaycanda keçirilən sonuncu parlament seçkilərilə bağlı seçki müşahidə missiyasının rəhbərlərinin 8 Noyabr 2010-cu ildə keçirilən mətbuat konfransında çıxışları barədə Azərbaycan cəmiyyətinə hərtərəfli izah təqdim olunması xahiş olunur.

Məktubda həmçinin missiya üzvlərinin müşahidə metodologiyası barədə məlumat verilməsini xahiş edirlər.

Müraciəti imzalayan vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, ATƏT və AŞPA missiyalarının rəhbərləri Volfqanq Qrossruk və Paul Ville noyabrın 8-də mətbuat konfransında Missiyanın ilkin qiymətləndirməsindən kənara çıxıblar və qeyri-obyektiv olublar.

Bu seçki haqqında beynəlxalq müşahidəçilərin ilkin rəyində qeyd edilirdi ki, noyabrın 7-də keçirilmiş seçkidə demokratiya istiqamətində heç bir real irəliləyiş əldə edilməyib.

Müraciəti Azərbaycanın 20 QHT rəhbəri imzalayıb.

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası yanvarın 24-dən 28-ə qədər keçiriləcək.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bugünlər bildirib ki, sessiyada Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı məruzələr dinləniləcək.