Müsavat martın 12-nə təyin etdiyi mitinqi keçirəcək

Martın 7-də Müsavat Partiyası Divanının toplantısında kütləvi aksiyalarla bağlı məsələ müzakirə edilib.

Partiyanın mətbuat xidmətindən bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyətinin hansı cavab verməsindən asılı olmayaraq Müsavat martın 12-nə təyin etdiyi mitinqi keçirəcək.

Divanın iclasında partiyanın müvafiq strukturlarına bununla bağlı konkret göstərişlər verilib. Qərara alınıb ki, mitinqə hazırlıq çərçivəsində həftə ərzində Müsavatın rayon təşkilatlarının rəhbərləri, partiya fəalları ilə birlikdə geniş yığıncaq keçirilsin.

Mitinqlə bağlı partiya martın 7-də Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərsə də, meriyadan məktubu qəbul etməyiblər.

Divanının toplantısında xəbərdarlıq məktubunun artıq meriyaya təqdim edildiyi xəbər verilib.