Şuşanın işğalından 19 il ötür

Səhər saat 10-dan Şəhidlər Xiyabanı əvvəl Şuşalılar başda olmaqla Qarabağ camaatı, sonra Qarabağ Azadlıq təşkilatı, saat 12-də isə İctimai Palata təmsilçiləri ziyarət ediblər. Ziyarətçilər Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməsini, beynəlxalq ələmin hələ də bu məsələdə ədalətli mövqe nümayiş etdirməməməsini pisləyib, gec –tez hər hansı yolla olursa olsun Şuşa və bütövlükdə Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpa ediləcəyinə əmin olduqlarını bildiriblər.

Azərbaycanın milli qəhrəmanları Ramiz Qəmbərov, Şirin Mirzəyev, əslən yəhudi olan Albert Aqarunov və digərlərinin məzarları başında nitqlər söyləndikdən sonra ziyarət xiyabanda türk əskərlərinə ucaldılan abidə kompleksi önündə başa çatıb.

Şuşa işğal edilərkən 480 dinc sakin qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər didərgin düşüb.

Əsir götürülmüş 68 nəfərin taleyi isə bu günədək bəlli deyil.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri ermənilər tərəfindən talan edilib.

Bu siyahıya Şuşa qalası, Xan və Qaxal mağaraları da daxil olmaqla ümumilikdə 270-dən çox tarixi abidə daxildir.