İran sərhəddində qalan Naxçıvan sürücüləri maddi ziyan çəkirlər

Sizin brauzer HTML5-i dəstəkləmir

20 günə yaxındır ki, naxçıvanlı sürücülər Bakıda evsiz-eşiksiz, pulsuz-parasız qalıblar

«15 gündür mən burdayam. Gedəsi başqa yerimiz yoxdur, yeyib-içməyə də pulumuz qalmayıb. Bütün sürücülər bu gündədir. Maşında yatıram, yeyib-içməyim də burdadır, yuyuna bilmirik, paltarlarımız da çirkin içindədir».

Şəmi Əliyevlə 8-ci kilometrdə görüşdük. Burda geniş boş bir ərazidə 20-dən çox yanacaq daşıyan KAMAZ maşınları var. Günorta saatları olduğundan əksəriyyətinin sürücüsü ya yeməyə, ya da Şəmi Əliyevin dili ilə desək vaxtını öldürməkçün harasa getmişdi. Naxçıvana yanacaq daşıyan Şəmi Əliyev kimi 60-dan çox sürücünü burada ləngidən əsas səbəb isə onların Biləsuvarda sərhəddən buraxılmamasıdır.

SÜRÜCÜLƏR GƏLİRLƏRİNİ YOX, ZİYANLARINI HESABLAYIRLAR

Şəmi Əliyev deyir ki, 15 ildi Naxçıvana yanacaq daşıyır. Hər dəfə gedib-qayıtmaq 5 gün çəkir və hər gedişdə 150-160 manat pul qazanır. Ailəsini də bu pulla saxlayır. 15 gündən çoxdur ki, Biləsuvar sərhəd məntəqəsindən o taya keçə bilməyən həmsöhbətim indi bu işdən götürəcəyi gəliri yox, ziyanını hesablayır:

«300-400 manat ziyandayam.15 ildir bu işin içindəyəm, ilk dəfədir ki, belə halla rastlaşmışam. Bundan əvvəl günə 50-60 maşın sərhəddən keçərdi, indi isə ancaq benzin maşınlarını buraxırlar, «salyarka»nı yox. «Salyarka» maşınlarından sadəcə neft bazanın tərkibində olanları buraxırlar».

ŞİKAYƏTÇİLƏR NAZİRLƏR KABİNETİNƏ ÜZ TUTUBLAR

Şəmi Əliyev deyir ki, sərhəddən nəyə görə buraxılmadıqları onlar üçün aydın deyil. Heç bir səbəb deyilmir, hətta bu halın nə vaxtadək davam edəcəyi də onlar üçün qaranlıqdır. Sürücülər bu qeyri-müəyyənliyə son qoymaq üçün dünən – iyunun 20-də Nazirlər Kabinetinin qarşısına da toplaşıblar. Şikayətçilər Baş nazirin özü ilə görüş tələb etsələr də daha aşağı səviyyədə qəbul ediliblər. Onlara demələrinə görə, vəd olunub ki, bu iş araşdırılacaq. Elə Gömrük komitəsinin özünü təqdim etmək istəməyən əməkdaşı da bizimlə söhbətdə məsələnin araşdırıldığını deməklə kifayətləndi:

Dizel yanacağı daşıyan maşınlar

«Məsələ araşdırılacaq, 20 gün ərzində cavab veriləcək. Məktubla müraciət ediblər, ümumi şöbə məsələ ilə maraqlanıb aidiyyatı üzrə göndərəcək, qanunun yol verdiyi formada ölçü götürüləcək».

RƏSMİLƏR ARAŞDIRIR, SÜRÜCÜLƏRİNSƏ SƏBRİ TÜKƏNİR

Bir neçə gün əvvəl isə Naxçıvan sakinləri Muxtar Respublikanın bəzi yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiymətinin qalxmasından şikayətlənirdilər. Deyirdilər ki, yanacaqdoldurma məntəqələrində adambaşına 5 litrdən artıq dizel yanacağı satılmır. Sakinlərin dediyinə görə, bu limit yalnız Türkiyəyə dizel yanacağı daşıyan yanacaq tacirlərinə aid edilmir. Amma Muxtar Respublikanın Bakıdakı nümayəndəliyi Naxçıvanda belə bir qıtlığın olmasını təkzib edir. O ki qaldı sürücülərin Biləsuvar sərhəd məntəqəsindən buraxılmamasına, nümayəndəliyin rəhbəri Həsən Hacıyev bircə bunu deyir:

«Nazirlər Kabineti məsələni araşdırır».

- Həsən müəllim, bəs ümumiyyətlə, Naxçıvanda yanacaqla bağlı nə baş verir, problem nədədir?

- Sizə dedim ki, məsələni Nazirlər Kabineti araşdırır. Sağ olun...

Rəsmi orqanlar məsələni araşdırmaqla məşğul olsalar da, bu müddət ərzində Bakıda evsiz-eşiksiz, pal-paltar sarıdan dəyişiksiz qalan, pulları tükənmək üzrə olan sürücülərinsə səbir kasası demələrinə görə, artıq dolmaq üzrədir. Bəzi sürücülər 1-2 gün də gözləyib nəticə görməyəcəkləri halda etiraz əlaməti olaraq maşınlarına od vurub yandıracaqlarını da deyirlər. Sürücülər düşünürlər ki, onlar oliqarxların maraqlarının qurbanı olublar.

YANACAQ QITLIĞININ SƏBƏBİ NƏDİR?

Naxçıvandan olan hüquq müdafiəçisi Elman Abbasov isə deyir ki, Muxtar Respublikaya kommersiya məqsədilə gətirilən yanacağı şəxsi adamlar əsasən qaçaqmalçılıq yolu ilə Türkiyəyə satırdılar. Onun dediyinə görə, indi bu məqsədilə Naxçıvana gətirilən yanacağa qadağa qoyulduğundan dövlət tərəfindən yerli əhalinin istifadəsi üçün göndərilən yanacağın bir hissəsi Türkiyəyə satılır. Nəticədə Naxçıvanda yanacaq qıtlığı yaranır.