Heydər Əliyev «QKÇP» haqqında

Heydər Əliyev

.


Naxçıvan Ali Məclisinin deputatı Heydər Əliyev 1991-ci il avqustun 24-də AzadlıqRadiosuna «QKÇP» hadisələri və ona Azərbaycanda verilən reaksiya ilə bağlı müsahibə vermişdi. Həmin müsahibəni təqdim edirik.

Müsahibəni burada dinləyin:

Sizin brauzer HTML5-i dəstəkləmir

Heydər Əliyev QKÇP haqqında


«BU MƏNİM DƏ QALİBİYYƏTİMDİR, MƏN DEMOKRATİYA UĞRUNDA MÜBARİZƏ APARIRAM»

Moskvada avqustun 19-da həyata keçirilmiş hərbi çevrilişi mən bilən kimi onu qətiyyətlə pislədim. Və bunu hərbi xunta tərəfindən demokratiyanın əleyhinə reaksion bir hərəkət kimi qiymətləndirdim. Nə qədər çətin olsa da, nə qədər ağır olsa da demokratiya Rusiyada bərqərar olacaq və qalib gələcək.

Bu çevrilişin əlbəttə mənfi cəhəti odur ki, xalqa, millətə ümumiyyətlə ölkəyə böyük yaralar vurdu. Amma eyni zamanda bu yaralar əldə olunan qalibiyyətlərə gətirib çıxardı və demək olar ki, demokratiya tamamilə qalib gəldi. Mən bunu bəyənirəm, mən bunu çox böyük məmnuniyyətlə qəbul edirəm.

Hesab edirəm ki, bu, mənim də qalibiyyətimdir. Çünki mən demokratiya uğrunda mübarizə aparıram, Azərbaycanda demokratiyanın bərqərar olması uğrunda çalışıram. Ona görə demokratiyanın bu cür qalibiyyəti məni sevindirir.

«AZƏRBAYCAN RƏHBƏRLİYİ DİKTATURA TƏRƏFDARIDIR, DEMOKRATİYANIN ƏLEYHİNƏDİR»

İkinci məsələ bu çevrilişlə əlaqədar olaraq Azərbaycanda ayın 19-dan sonra olan proseslərdir. Məni çox təəccübləndirən və dəhşətə gətirən hal ondan ibarət oldu ki, Azərbaycanın rəhbərliyini indiyə qədər əlində saxlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycanın prezidenti Mütəllibov bu çevrilişi bəyəndilər. Bunlar belə güman etdilər ki, çevriliş Azərbaycana müəyyən qədər səadət gətirəcəkdir.

Şübhəsiz ki, bu məni çox narahat etdi, məni incitdi. Xalqın, ümumiyyətlə ölkənin bu vaxtında Azərbaycan xalqının rəhbərlərinin bu cür mürtəce mövqe tutmasını mən nəinki başa düşə bilmədim, bu məni dəhşətə gətirdi. Bunlar hamısı Azərbaycan rəhbərliyini gülünc vəziyyətə qoyur və bir də bu Azərbaycan rəhbərliyinin ikiüzlü siyasət aparmasını göstərir.

Eyni zamanda da onu sübut edir ki, Azərbaycan rəhbərliyi tamamilə reaksion mövqe tutub, reaksiya tərəfdarıdır, diktatura tərəfdarıdır, mürtəce tərəfdarıdır, demokratiyanın əleyhinədir və demokratiyanı boğur.

«BU, ŞÜBHƏSİZ Kİ, VƏHŞİLİKDİR»

AXC qərərgahına hücum ərəfəsi.23 Avqust 1991

Buna da canlı sübut odur ki, dünən avqustun 23-də burada Bakıda Nərimanov heykəlinin yanında Bakı sakinlərinin mitinqi keçirilmişdir. Təəssüf ki, mitinq başlayan kimi ora bir qrup çox vəhşi xarakterli adamlar soxulub.

Bütün meydanı iki mindən artıq milis işçiləri, zabitləri, “OMON”- un zabitləri əhatə ediblər. Onlar mitinq başlanan kimi orada mitinq iştirakçılarını vəhşicəsinə dubinkalarla döyüblər.

Mən eşitdiyimə görə, Azərbaycan Xalq Cəbhəsinin qərargahını darmadağın ediblər, onların pəncərələrini, şüşələrini sındırıblar, onların kabinetlərini dağıdıblar. Orada “İnterfaks”ın verdiyi məlumata görə, (dünən gecə “İnterfaks”-ın baş direktoru Terexov mənə zəng etmişdi) əlli nəfərdən artıq adam yaralanıb, ağır yaralanıb.

Xəsarət almış adamların içində Azərbaycanın xalq deputatları, o cümlədən Azərbaycan Ali Soveti Prezidumunun üzvü Sabir Rüstəmxanlı, “Azadlıq” qəzetinin redaktoru, xalq deputatı Nəcəf Nəcəfov və başqaları, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Əliyev də ağır yara almışdır.

Bu qanlı hadisə bir daha sübut edir ki, Azərbaycan rəhbərliyi ölkədə gedən bu demokratik proseslərin yenə də əleyhinə çıxırlar və dinc əhali, heç bir fəaliyyət göstərməyən, ancaq meydana çıxıb öz sözünü demək istəyən adamların üstünə basqın yapmışlar, onları döymüşlər, onları yaralamışlar və onları oradan qovmuşlar.

Bu şübhəsiz ki, vəhşilikdir. Mənə dünən Terexov zəng vurmuşdu, ona da fikrimi bildirdim ki, çatdırsın informasiya orqanlarına, sizə də bildirirəm ki, mən bu hadisəni qətiyyən pisləyirəm, bir vətəndaş, azərbaycanlı, bir xalq deputatı kimi buna qəti etirazımı bildirirəm.

Rusiya. 21 Avqust 1991-ci il

«İRTİCA ÇOX DÖZƏ BİLMƏZ, AZƏRBAYCAN XALQI DEMOKRATİYA UĞRUNDA MÜBARİZƏ APARMALIDIR»

Hesab edirəm bu cür vəhşilik, bu cür zorakılıq, bu qədər irtica mövqe əlbəttə ki, çox dözə bilməz. Azərbaycan xalqı demokratiya uğrunda mübarizə aparmalıdır, demokratiya yolu ilə getməlidir, bütün bu mürtəce qüvvələri aradan götürməlidir.

«FÖVQƏLADƏ, TƏCİLİ SESSİYA ÇAĞRILSIN»

Bir məsələni də qeyd etmək istəyirəm ki, bu gün bir saat qabaq Azərbaycanın xalq deputatı kimi Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinə məktub göndərmişəm. Bu məktubda mən bir neçə məsələ təklif etmişəm.

Mən təklif etmişəm ki, Azərbaycan Respublikasının Ali Məclisinin sessiyası çağırılsın. Fövqəladə, təcili sessiya çağrılsın və bu sessiyada aşağıdakı məsələlər müzakirə olunsun: birinci, Azərbaycan rəhbərliyinin və xüsusən Azərbaycan Kommunist Partiyasının birinci katibi, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Azərbaycan prezidenti Mütəllibovun 19 avqust dövlət çevrilişi haqqında mövqeyi müzakirə olunsun və Azərbaycan rəhbərliyinin mövqeyi aydınlaşdırılsın.

Xuntanın ünvanına, Fövqəladə Vəziyyət Komitəsinin ünvanına minlərlə teleqram göndəriblər, bu teleqramlarda öz həmrəyliklərini bildiriblər, xuntanın fəaliyyətini bəyəniblər və Yanayevin bu məsələyə münasibətilə xuntanın üzvlərini təbrik ediblər.

Ona görə də Azərbaycan Kommunist Partiyası cinayət edib. Bu məsələ müzakirə olunmalıdır və Azərbaycan Kommunist Partiyası hakimiyyətdən kənar edilməlidir.

«PREZİDENT SEÇKİLƏRİ DAYANDIRILSIN»

Nəhayət mən öz məktubumda təklif etmişəm ki, vəziyyət bu qədər mürəkkəbləşdiyinə görə, mən qoyduğum məsələlərin hamısını aydınlaşdırmağa ehtiyac olduğuna görə, Azərbaycanda sentyabrın 8-nə təyin edilmiş prezident seçkiləri dayandırılsın. Çünki bu vəziyyətdə heç bir prezident seçkisi haqqında söhbət gedə bilməz.

İlk növbədə Azərbaycan rəhbərliyinin bu günlərdə mövqeyi və fəaliyyəti aydınlaşdırılmalıdır, müəyyən olunmalıdır və Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırılmalı və hakimiyyətdən kənarlaşdırılmalıdır.

Ondan sonra tam demokratik şəraitdə Azərbaycanda prezident seçkilərini elan etmək olar. Ona görə mən təklif etmişəm ki, ayın 8-də olacaq seçkilər dayandırılsın. Bu təkliflərlə məktubumu bir saat qabaq Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinə göndərmişəm. Sizə də məktubun məzmununu danışdım. Mən çox xahiş edərdim ki, öz vasitənizlə dinləyicilərə çatdırasınız.