Rəsmiyyə Sabir. Düşdü

Ürəyimdə saxladığım,
Gözümdən qırağa düşdü.
Ona deyiləsi sözüm,
Dilimdən varağa düşdü.

Dərdlərimi sarmaq üçün,
Həqiqətə varmaq üçün,
Özümü axtarmaq üçün,
Məcnun tək sorağa düşdüm.

Ozanam, bəxtdən gileyli,
Bilməm dərd əlindən neylim,
Ömrə tərəf çəkir meylim,
Ölmədim, marağa düşdüm.