Eks-prezidentlər haqda qanun Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə də şamil olunacaq

Milli Məclis

««Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» qanun eks-prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə də şamil olunacaq».

Bunu Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 25-də keçirilən iclasda bildirib.

Əli Hüseynov qanun layihəsini təqdim etdikdən sonra deputat Vahid Əhmədov ona bu sualla müraciət edib: «Layihədən konkret bəlli deyil, Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə bu qanun şamil ediləcək, yoxsa yox?».

Ə.Hüseynov bildirib ki, həmin prezidentlər də impiçment yolu ilə hakimiyyətdən kənarlaşdırılmayıb deyə, qanun onlara da aid ediləcək.

Parlamentin sədri Oqtay Əsədov isə deyib ki, bu qanun hər iki keçmiş prezidentə şamil olunacaq.

Millət vəkili Zahid Oruc təklif edib ki, prezidentlik dövrünü sona qədər icra etməyən adamlara qanun şamil edilməsin:

«Çünki bunun eks-prezident olmamış adamlara şamil edilməsi təhlükəli nümunə ola bilər».

«Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Konstitusiya qanunu layihəsi ilk oxunuşda qəbul olunub.

Layihənin lehinə 110, əleyhinə 3 deputat səs verib, 1 nəfər bitərəf qalıb.