Kukla Teatrının fasadı yenilənir

Kukla Teatrı təmir edilir

2007-ci ilin dekabrında əsaslı təmirdən çıxmış Abdulla Şaiq adına Kukla Teatrında yenə təmir işləri aparılır. Teatrın direktoru Rəşad Əhmədzadə bildirdi ki, bu, əsaslı təmir deyil, sadəcə binanın fasadı təmir olunur:

TEATR DƏNİZİN KƏNARINDA YERLƏŞDİYİ ÜÇÜN...

«Bura dənizin kənarıdır. Müəyyən yerlərdə təmir işlərinə təzədən ehtiyac vardı».

Teatrın direktoru bildirdi ki, indiki təmir işlərinə nə qədər vəsait ayrılması ilə bağlı məlumat verə bilməyəcək.

Kukla Teatrı 2006-cı ilin oktyabrından təmirə dayanmışdı. 2007-ci ilin dekabrında prezidentin iştirakı ilə açılışı olmuşdu. Həmin vaxt yayılan rəsmi xəbərlərdə deyilirdi ki, teatrda aparılan təmir-bərpa işləri nəticəsində binanın həm daxili, həm də xarici interyeri tamamilə dəyişib, aktyorların qrim otaqları, inzibati heyətin iş otaqları təmir olunub, müasir mebel və avadanlıqla təchiz edilib.

GƏRƏK ELƏ TƏMİR ELƏSİNLƏR Kİ...

Bakı sakini Asim Məmmədov deyir ki, indiki təmir onda əvvəlki təmirin keyfiyyətsiz aparılması təəssüratını yaradır:

Kukla Teatrı təmir edilir

«Yəqin keyfiyyətli təmir olmayıbmış. Yoxsa niyə təzədən təmir olunur ki?»

Kukla Teatrının qarşısında söhbət etdiyim adamlardan Asim Məmmədovun fikrini bölüşənlər də oldu, bölüşməyənlər də.

– Gərək elə təmir eləsinlər ki, növbəti təmirə ehtiyac olmasın.
– Tək bu deyil ki. Bu şəhərdə hər gün təmir olunan nələrsə yenidən təmir olunur.
– Nə qədər təmir eləsələr, o qədər yaxşıdır.

KORRUPSİYA MAŞINI

İqtisadçı Zöhrab İsmayıl deyir ki, yeni və əsaslı təmirdən çıxmış bir binanın hansısa hissəsinin yenidən təmir olunması büdcə pulunun mənimsənilməsi deməkdir:

«Yolların, başqa obyektlərin də təmiri belədir. Çox təəssüf ki, bunu edən yüksək səviyyədə korrupsiya maşınıdır. Bu təkcə bir Kukla Teatrına aid deyil. Bu gün yol təmir olunur, sabah hansısa hissəni yenə sökürlər. Bölgələrdə elə teatrlar var ki, onlar illərlə təmir olunmur. Ancaq Kukla Teatrını bir neçə dəfə təmir edirlər. Artıq ictimai rəy də nəzərə alınmır».

2007-DƏ 4 MİLYON MANAT

İlham Əliyev Kukla Teatrının açılışı zamanı. 26 dekabr 2007

Hazırkı təmir- bərpa işlərini həyata keçirən Mədəniyyət Nazirliyi investisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov deyir ki, bu, böyük təmir deyil. Bərpaya səbəb isə təbii aşınmadır:

«Burda təmirdən söhbət getmir. Söhbət fasadının yeniləşdirilməsindən gedir.
2007-ci ilin noyabrında biz təmiri qurtardıq, həmin ilin dekabrında açılış olub. Üstündən 5 il keçib, aşınma gedib, təbii aşınma».

Ruslan Abduləlimov bildirdi ki, 2007-ci ildəki təmirə 4 milyon manat sərf olunub, fasadın bərpası işlərinə indi sərf olunan vəsait haqqında isə məlumatı yoxdur.

Kukla Teatrından verilən məlumata görə, fasadın bərpası Novruz bayramına qədər qurtaracaq. Teatr isə işini əvvəlki qaydada davam etdirir. Fasadın görünüşündə isə dəyişiklik olmayacaq.