Berti Vogts getmək fikrində olmadığını deyir

Azərbaycan millisinin baş məşqçisi Berti Vogts

Azərbaycan millisinin başq məşqçisi Berti Vogts yaxın vaxtlarda harasa getmək planı olmadığını bildirib.

O bunu cümə günü Bakıda keçirdiyi mətbuat konfransında Polşa millisinə gedə bilməsilə bağlı Polşa mətbuatının yaydığı məlumatlara münasibət bildirərkən deyib.

Vogts deyib ki, hazırda onun 2 illik müqaviləsi var və onu icra etmək fikrindədir.

Amma o qeyd edib ki, bu futboldur, hər şey baş verə bilər.

Polşanın RMF radiosunun cümə axşamı yaydığı məlumata görə, Polşa Futbol
Federasiyasının prezidenti Grzegorz Lato bildirib ki, iyunun 27-də keçiriləcək iclasda iki nəfər- Vogts və polşalı məşqçi Waldemar Fornalik arasında seçim ediləcək.

Futbol üzrə 2012-ci il Avropa çempionatına ev sahiblərindən biri Polşa qrup mərhələsini belə adlaya bilmədiyinə görə yığmanın baş məşqçisi Franciszek Smuda istefa verməli oldu.

65 yaşlı Berti Vogts 1974-cü ildə Qərbi Almaniya millisində oyunçu kimi dünya, 1996-cı ildə isə Almaniya millisinin başq məşqçisi kimi Avropa çempionu olub.

O həmçinin Küveyt, Şotlandiya və Nigeriya millilərini çalışdırıb.