İlqar Məmmədovun həbsxanadan açıq məktubu

İlqar Məmmədov

REAL hərəkatının lideri İlqar Məmmədov həbsdən açıq məktub yazıb.
Onun məktubunun bir nüsxəsi Azadlıq Radiosuna gəlib. İsmayıllı hadisələrinə görə həbsdə olan və iğtişaşlar törətməkdə ittiham olunan müxalifət lideri İlqar Məmmədovu 3 ilədək həbs cəzası gözləyir.

O açıq məktubunda yazır ki, beynəlxalq aləmin varlı Azərbaycan diktatorluğu ilə sivil qaydalarla oynamağa çalışmasını həbsxanadan seyr etmək onu mat qoyur.

O elə həmin İsmayıllı hadisələrini misal çəkir. Yazır ki, Azərbaycanda siyasi məhbuslarla bağlı AŞPA-da səsvermədən 20 dəqiqə sonra İsmayıllıda insanlar ayağa qalxdılar və Azərbaycanda siyasi məhbusların dairəsi genişləndi.

İlqar Məmmədov yazır ki, o, İsmayıllıya hadisələri müşahidə etmək üçün gəlmişdi. Yəni, sırf vətəndaş cəmiyyəti və ya siyasi liderlərə xas vəzifələri icra edirdi.

İlqar Məmmədov beynəlxalq təşkilatlara , tanınmış Avropa Birliyi Komissarlarına minnətdarlığını bildirir ki, onun həbsini siyasi həbs kimi qiymətləndiriblər. Avropa Şurasının Baş Katibi Jagland onun vəkillərinə şəxsən zəng edib.

Açıq mıəktubda daha sonra deyilir ki, parlamenti orta əsrlərdəki şahların zooparkına oxşadan bloq yazısına görə, parlament üzvü , keçmiş polis rəisi və yüksək təhlükəsizlik rəsmisinin qardaşı Adil Əliyev həqiqi mafia bossu sayağı onun böynunun vurulması ilə hədələdi. 40 deputat ona qarşı məhkəmə ilə hədələyirdi, ancaq bu kampnaiya birdən dayandı, sanki yuxarıdan “gözlə” əmrini aldılar.

İlqar Məmmədov yazır ki, yanvarın 28-də isə o öz bloqunda hakimiyyəti qəzəbləndirən informasiya yerləşdirdi.

İsmayılının icra başçısı yandırılan hotelin onun qohumları ilə heç bir əlaqəsi olmadığını desə də, hotelin onun qardaşı oğlunun ( Əmək və Sosial müdafiə nazirinin oğlunun) olduğunu sübut edən sənədləri İlqar Məmmədov o öz bloquna qoydu.

Açıq məktubda deyilir ki, bu yazı Azərbaycanın informasiya məkanında tufan qopartdı. Live Journal-ın dünya üzrə reytinqində bu bloq yazısı 67-ci yerdə idi, buna 17 min adam baxmışdı.

İlqar Məmmədov yazır ki, ertəsi günü onu prokurorluğa çağırdılar və onun İsmayıllı hadisələri ilə bağlılığı haqda “faktlar” tapdılar.

İlqar Məmmədov öz açıq məktubunda beynəlxalq aləmə müraciət edir ki, beynəlxalq aləm təkcə Azərbaycanda siyasi məhbus siyahıları tutmaqla kifayətlənməməlidir, bu siyasi məhbusları yaradan məmurların da siyahısını tutmalıdır.

İlqar Məmmədov Avropa Parlamentinə , ABŞ Konqresinə, bütün ölkələrin parlamentlərinə müraciət edir ki, belə Azərbaycan rəsmilərinə viza, səyahət və bank hesabları qadağaları qoysun.