Bağça direktoru rüşvət alarkən yaxalanıb

Arxiv foto.

-

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Xırdalandakı 17 saylı uşaq bağçasının direktorunu rüşvət aldığı yerdə tutduqlarını bildirirlər.

Bu barədə Baş prokurorluğa istinadən “Media forum” saytı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, direktor Xırdalan şəhər sakininin azyaşlı qızını bağçaya götürmək müqabilində ondan 200 manat pul istəyib. Həmin məbləğin 100 manatını 2012-ci ilin dekabr ayında uşağın sənədləri ilə birlikdə rüşvət kimi alıb.

Martın 4-də əvvəlcədən tələb etdiyi məbləğin daha 60 manatını xidməti otağında aldığı zaman direktor yaxalanıb.

Məlumatda qeyd olunur ki, baxış zamanı direktorun üzərindən rüşvət kimi aldığı 60 manat, şəxsi pul kisəsindən 1494 manat və 40 avro məbləğində pul, xidməti otağından digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə təqsirləndirilən direktor məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla polisin nəzarətinə verilib.

Bu ittihamla bağça direktoru 3 ilədək müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Amma hələlik rəsmi məlumatda qeyd edilən bağçanın keçmiş direktorunun yaxınları, ya da vəkilinin bu ittihamlarla bağlı fikirləri səslənməyib.