Bir gün mənsiz qalacaqsan…

Tarixçi-alim Oqtay Əfəndiyev və dilçi- alim Türkan Əfəndiyeva

-
«Bu orta əsrlər tarixi göz yaşları ilə yazılır, çünki oxuduqca adamın gözləri yaşarır».

Tanınmış səfəvişünas-alim Oqtay Əfəndiyevin həmişə təkrarladığı sözləri AzadlıqRadiosunun «İz» proqramına onun xanımı professor Türkan Əfəndiyeva söylədi.

«İz» proqramının Oqtay müəllimə həsr olunmuş verilişinə qonaq olan Türkan xanım tanınmış alimlə keçirdiyi yarım əsri aşan ömürdən danışdı.

OQTAY MÜƏLLİM BİR NEÇƏ DİL BİLİRDİ

Türkan xanım orta əsrlər əlyazmalarını oxumaq üçün böyük səbir, sağlam can lazım olduğunu bildirdi:

«Hər adam orta əsrlərə girişmir. Çətin oxunur. Oqtay müəllim fars dilini yaxşı bilirdi. İngilis dilini, rus dilini bilirdi. O, bir neçə dil bilirdi. Bu dövr araşdırıcısı farsca, ərəbcə mənbələri oxumalıdır. Oqtay müəllim bu işə can qoyurdu».

ORTA ƏSRLƏRİN CENTLMEN ARAŞDIRICISI...

Verilişin bələdçisi həyat yoldaşının elmdən başqa heç nə ilə maraqlanmadığını söylədi:

«Elmdən başqa onu heç nə maraqlandırmırdı. Bir də, Oqtay müəllim centlmen idi. Geyiminə xüsusi fikir verərdi. Həmişə səliqəli, baxımlı olardı. Nə geyirdisə, ona yaraşırdı. Deyəcəksiniz tərifləyirəm. Amma o, başdan-ayağa centlmen idi... Ona həmişə deyirdim ki, «tı çto, anqliyskiy lord çto li?» (Bəyəm sən ingilis lordusan?--gülüşmə). Çünki onda yüksək mədəniyyət vardı. Ailəsi də o cür idi. Atası vaxtilə Qori seminariyasını bitirmişdi. Anası məşhur həkim , xəstəxananın baş həkimi olub. Anası Tiflisdə təhsil almışdı. Qacar şahzadələri ilə bir yerdə. Ona görə də, bu adamda ailədən gələn bir kübarlıq vardı».

ONUN YARIMÇIQ ƏSƏRLƏRİ QALIB

Türkan xanım onun yarımçıq əsərləri qaldığını söylədi:

«Oğurlaya da bilərlər, çap edə də bilərlər. İndi çoxdur plagiatlar... Qorxuram. Onun davamçısı da var--Namiq müəllim. Ona da deyirəm ki, gəl baxaq, görək, nə qalıb? Oqtay müəllimin ölümündən bir az əvvəl kitabı çıxdı-- Münşi haqqında. Orta əsrlər tarixini öyrənən iki Azərbaycan türkü olub. Biri Rumlu, biri də Münşi. Münşi çıxdı, Rumlu əlində yarımçıq qaldı. İndi biz onun külliyyatını yığıb çap etmək istəyirik. İstəmirəm ortada qalsın. Çünki böyük zəhmət çəkib. Özüm oturub Namiq müəllimlə bunları edəcəm. Qoy Oqtay müəllimin ruhu şad olsun...».

SƏFƏVİLƏR DÖVRÜNƏ DƏ AŞİQƏM, ŞAH İSMAYILA DA, DON JUANA DA...

Aparıcının: «Oqtay müəllim sizi orta əsrlər dövrünün aşiqi, vurğunu edə bildimi» ---sualını Türkan xanım belə cavabladı:

Türkan Əfəndiyeva


«Aşiqəm də! Ona da aşiqəm, Şah İsmayıla da, Don Juana da! Bunların hamısını Oqtay müəllim Azərbaycana qaytardı. Qədir-qiymət qoymadılar. Heç olmasa, yerdən yaxşı götürdülər. Buna da şükür. Amma sağlığında qiymət verilmədi...».

NİYƏ QİYMƏT VERİLMƏDİ?

Türkan xanım sualı belə cavablandırdı:

«O, Akademiyanın müxbir üzvü keçdi. Akademik keçmək zamanı gələndə, bu adı başqasına verdilər. Eləsinə verdilər ki, heç dilləri də bilmir. Bizdə kimə istəyirlər ona da verirlər-özünüz bilirsiniz... Hamı dedi sən alacaqsan, amma vermədilər. Ondan sonra özünə gələ bilmədi Oqtay. Ürəyinə saldı bunu. Bir-iki dəfə yıxıldı bundan sonra. Axırıncı dəfə Kiprdə yıxıldı. Başı əzildi, qan axdı. Gəldilər apardılar, onu əməliyyat elədilər-stend qoydular ürəyinə. Gərək əməliyyatdan sonra o, həkim nəzarətində olaydı. Olmadı. Başı elmə qarışıq idi. Stolundan dura bilmirdi. Bütün günü yazırdı... Beləcə çıxdı getdi yazıq...».

AYAĞIM İŞLƏMİR...

Türkan xanım onun yoxluğunu çox pis keçirdiyini söylədi:

«İndi özümə gələ bilmirəm. Elə bilirəm qapı açılacaq və yenə gələcək. Mən də gəzə bilmirəm. Hər halda, onun aldığı maaş da rol oynayırdı. Biz həmin maaşa adam da saxlayırdıq. Gəlib bizə qulluq edirdi. İndi mən onu eləyə bilmirəm...».

VƏTƏN BİZİM QAYĞIMIZA QALMIR!

Özü elmlər doktoru olan Türkan xanım xüsusi qayğıya ehtiyacı olduğunu dedi:

«Biz veteranlarıq, xüsusi qayğıya ehtiyacımız var. Bizim qayğımıza gərək Vətən qala. Vətən də qalmır! Biz az qalmışıq. Bir təbəqəni bolşeviklər xalq düşməni adıyla məhv etdi. İkincisini Sovet dövrü yaratdı. Böyük alimlər yetişdi. Onlar da artıq qalmayıb, məhv olurlar. Bu həyata dözə bilmirlər. Çünki dərman ala bilmirlər, vaxtında həkimə gedə bilmirlər. Yaxşı xəstəxanalarda yata bilmirlər. Maddi imkanları yoxdur. Bax, indi Oqtay müəllimdən sonra mən tək qalmışam. Qonşu gəlib mənə bir şey almasa, acından ölərəm. Xalqımız gözəl xalqdır. Biz bir-birimizin qayğısına qalırıq. Hökumət bizim qayğımıza qalmır... O qalmalıdır. Bütün dünyada belədir. Kişi ölürsə, bütün maaşı keçir yoldaşına. Bizdə isə ərin ölümüylə hər şey bitir».

Oqtay Əfəndiyev

QOY AKADEMİYANIN VETERANLARI BARƏDƏ FİKİRLƏŞSİNLƏR!

Türkan xanım tək özü üçün danışmadığını söylədi:

«Bir neçə nəfər tanıyıram ki, gəzə bilmir. Eləsi var—83-84 yaşındadır. Heç nə edə bilmirlər. Gözləyirlər ki, kimsə gəlib onlara bir loğma çörək versin. Qoy onlar haqqında fikirləşsinlər. Niyə bizdə belədir? Bu boyda ölkənin nefti yerdən fontan vurur, verin də onu camaata. Qoy sevinsinlər. Mən qohumum, dostum yaxşı yaşayanda sevinirəm. Niyə siz sevinmirsiniz? Axı, sevinmək həyatı uzadır, ona xoşbəxtlik gətirir. Xoşbəxt olaq da hamımız. Mən belə düşünürəm...».

YENİ NƏSİL GÖRSÜN Kİ...

Türkan xanım ölkədə artıq doktorluq işinin yazılmadığına diqqət çəkdi:

«Yeni nəsil görməlidir ki, bizə hörmət var, elmə gəlməlidir. Bizə diqqət olsa, onlar da alim olmaq istəyərlər. Artıq heç kəs doktorluq yazmır. Nələrinə lazım? Maaş yox, pul yox, hörmət yox... Gedib orda-burda dərs deyib qəpik-quruş qazanıb ailə saxlayırlar. Çünki o maaşla yaşamaq mümkün deyil! Doktor olandan elmi şuraların üzvüyəm. Biz təkcə elmlər namizədi yetişdiririk. Doktor olmaq istəyən yoxdur. İndi doktorluq işi yazmaq, məqalələr, kitab çap etdirmək vəsait istəyir, hamısı pulladır...».

BİR GÜN MƏNSİZ QALACAQSAN...

Tez-tez sözü Oqtay müəllimin üstünə gətirən Türkan xanım sənsizliyə dözmədiyini təkrar-təkrar dilə gətirdi:

«Rəsul Rzanın bir şeiri var. Deyir: Bir gün mənsiz qalacaqsan, Sənsiz deməyə gəlmir dilim. Görünür, Oqtay da belə düşünürmüş...».